Dünya indii də qaz müharibəsi təhlükəsi qarşısında!
10:43 30-09-2014
İQTİSADİYYAT
Dünya indii də qaz müharibəsi təhlükəsi qarşısında!
Avropa və Rusiya bir-birindən asılılıq vəziyyətinin əsiri olub
Rusiyaya qarşı sanksiyaların tətbiqi, eləcə də Şimal qonşumuzun adekvat addımı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Hadisələri təhlil edən ekspertlər, politoloqlar problem həll olunmazsa, tezliklə qaz müharibəsinin başlaya biləcəyi qənaətindədilər. xeber365.com müxtəlif nüfuzlu media orqanlarının bu məsələ ilə bağlı apardığı təhlilləri təqdim edib.
Hazırda Rusiyanın dəstəklədiyi separatçılarla Ukrayna ordusu arasında gedən müharibə tədricən sakitləşir və nəticədə narahat pat vəziyyəti yaranır. Lakin qış yaxınlaşdıqca Moskvanın başqasının əli ilə apardığı müharibədə yeni cəbhə xətti yaranacaq. Bu, birinci- silahların meydan suladığı qarşıdurma kimi qanlı olmayacaq, lakin siyasi baxımdan daha dramatik ola bilər.
İlk baxışda cəbhə xətti dəqiq görünür: Rusiyanın kredit, maliyyə xidmətləri, ərzaq və texniki ekspertiza almaq üçün Qərbə ehtiyacı var. Lakin Kremlin Ukraynada törətdiklərinin ucbatından verilən iqtisadi sanksiyalar bütün bunların idxalını dayandırıb.
Avropaya gəldikdə isə, o, təbii qaz tələbatının, demək olar ki, üçdə birini "Qazprom"dan - Rusiya dövlətindən aldığı qazın hesabına ödəyir. Bu mavi yanacağın, təxminən, yarısı isə Avropaya Ukraynadan keçib gedir. Əgər Kreml Avropanın sanksiyalarına cavab olaraq təbii qaz ixracını dayandırmaq qərarına gəlsə, səhnə yeni müharibəyə başlamaq üçün hazır olacaq - qaz müharibəsinə.
"Kreml qəti əmindi ki, qaz bizim sonuncu və ən yaxşı silahımızdı və Avropa ən çox ondan qorxur". Bunu Kremlin inhisarında olan jurnalistlərdən biri deyir. O, bunu son vaxtlar yüksək vəzifəli məmurlarla etdiyi söhbətlərin birində eşidib:
"Onlar deyirlər ki, sadəcə qarın yağmağını gözləyin. Avropanın sanksiyalar haqqında nə deyəcəyini onda görəcəksiniz".
Newsweek.com saytının yazdığına görə, məsələyə üzdən baxanda həqiqətən elə təəssürat yarana bilər ki, bütün şanslar Rusiyanın əlindədi. Qərbin sanksiyalarına baxmayaraq, Vladimir Putin iqtidarına dəstək hələ də 80 faizdən çoxdu. O sanksiyalar ki, rublu dəyərdən salıb, inflyasiyanı zirvəyə çıxarıb və Rusiyanın bir çox sənaye sahələrini, hətta bankları maddi təminatdan məhrum edib. Amerika və Avropa ərzaqlarının idxalı barədə Rusiyanın verdiyi sanksiyalar belə rusların vətənpərvər damarına təsir edə bilməyib.
"Newsweek" yazır ki, təbii qaz idxalının uzunmüddətli dayandırılması Avropaya birbaşa və ciddi təsir etməyə qadirdi. "Demokratik ölkələrdə yaşayan insanlar elektrik enerjisinə görə ödəmələrinə nəzarət edirlər. Onlar qazın kəsilməsinə dözməyəcəklər. Aydındı ki, qərbli siyasətçilər bunu nəzərə almalıdırlar"- deyə AB daxilində sanksiyalarla bağlı gedən müzakirələrdən xəbərdar olan yüksək vəzifəli qərb diplomatlarından biri qeyd edir - "bax, buna görə hələlik Qazproma toxunmuruq".
Rusiyanın, az qala, bütün dövlət neft şirkətlərinin, aparıcı banklarının beynəlxalq bazarlardan pul götürmək hüququndan məhrum olduğun bir vaxtda Qərbin sanksiyaları hələlik "Qazprom"a aid edilmir.
Hərçənd Kreml yəqin ki, Avropanı soyuqdan donmağa məcbur edəcək variantları nəzərdən keçirir. Lakin bu variantlar həm Rusiya üçün, həm də onun Avropa Birliyində təzə meydana çıxmış əleyhidarları üçün pis nəticələnə bilər.
Birinci səbəb texnikidir. Qaz buruğu torpağın dərinliyində yerləşən hermetik köpüyə bənzəyir. Adətən, o, qayalıq süxurların tərkibində və böyük təzyiq altında olur. Buruq ona çatanda təbii qaz müstəqil şəkildə səthə çıxmağa başlayır. Odur ki, yeni yataqların emalı zamanı görülən ilk işlərdən biri səthə can atan qazın nəhəng təzyiqini nəzarət altına almaqdan ibarətdir.
"Qazprom"un keçmiş məsləhətçisi Lev Smirnovun sözlərinə görə, qaz buruğunu ona ciddi zərər vurmadan bağlamaq mümkün deyil: "Siz təbii qazın müəyyən miqdarından xilas ola bilərsiniz. Bunun üçün sadəcə yataqda yandırmaq kifayətdir. Lakin bunun ətraf mühitə vurduğu zərəri nəzərə almasaq belə, ən balaca buruqların həddindən çox qaz istehsal etdiyini unutmamalıyıq. Onu təhlükəsiz şəkildə yandırmaq qeyri-mümkündür".
Həmçinin qaz anbarlarını boşaltmağın asan üsulları da yoxdu.
Lakin "Qazprom"un ən zəif cəhəti maliyyədir. Nəzəriyyədə bu kompaniya hələ də beynəlxalq maliyyəyə çıxışı olan ən böyük Rusiya şirkəti sayılır. Amma neft və qaz layihələrinin maliyyələşdirilməsi üzrə məsləhətçi Bryus Ceymsin fikrincə, kreditorlar sanksiyaların üçüncü raunduna görə narahatdırlar, eyni zamanda "Qazprom" da maliyyə vəsaiti alanda sanksiyaya düşən şirkətlərlə eyni çətinliklərlə qarşılaşır.
Bunun çox böyük əhəmiyyəti var, zira "Qazprom"un illik xərcləri 25 milyard dollardır və bura ehtiyatı tükənmək üzrə olan yataqlarda qaz çıxarlımasını normal səviyyədə saxlamaq üçün gərək olan investisiyalar da daxildir.
Bundan əlavə, Rus şirkəti 50 milyardlıq cari borcunu da ödəməlidir, həmçinin Arktikadakı yataqların emalını təmin etməli, yeni borular, Sakit okean və Baltik dənizi bölgələrində təbii qazın yandırılması üçün təzə zavodlar tikməlidir.
Beynəlxalq bankların kreditləri olmasa, "Qazprom" yalnız cari nəğd maliyyə axınına ümid edə bilər ki, onun da 60 faizi, yaxud 65 milyard dolları Avropaya satılan qazdan gəlir.
Mayda Putin Pekinlə otuz il müddətində Çinə 400 milyard dollarlıq qaz ixracı barədə müqavilə bağlayıb. Ancaq Çin hələ muqavilədə nəzərdə tutulmuş 20 milyard dollarlıq ilkin ödənişi etməyib. Yuxarıda sözügedən qərbli dipdomatın fikrincə, "yaxın gələcəkdə "Qazprom"un avropalı istehlakçılara daha çox ehtiyacı var, nəinki Avropanın "Qazprom"a".
Beləliklə, Ukraynadakı atəşkəs avropalı istehlakçılarla "Qazprom" arasında da bağlanıb. Smirnov bu barədə "Biz özümüzü elə aparırıq ki, guya işlər həmişəki kimi gedir" - deyir.
Paralel olaraq Ukraynada da vəziyyət yaxşı deyil. Bu il baş vermiş və 3000 insanın ölümü ilə nəticələnən qanlı müharibədən, həmçinin Rusiyanın Krımı ilhaqından sonra Ukraynadakı elektoratın tərkibi həmişəlik dəyişib. Krımın rusdilli əhalisi olmadan Kiyevdə heç vaxt Moskva tərəfdarı olan iqtidar seçilməyəcək.
Ən vacibi isə Ukraynanın şərqində gedən müharibə o qədər güclü antirusiya - həmçinin antiqazprom- əlval-ruhiyyəsi yaradıb ki, Ukraynanın "Qazprom"a olan 5 milyard dollar borcunu ödəyəcəyini gözləmək doğru olmazdı.
Buna görə də "Qazprom" iyunda Ukraynaya təbii qaz ixracını formal olaraq dayandırıb, amma Ukrayna boruları vasitəsilə Avropalı istehlakçılara qaz göndərməyə davam edir. Ukraynalıların qazın bir hissəsini özünə götürdüyünə enerji sənayesində çox az insan şübhə edir. "Qazprom"un bəzi istehlakçıları- əsasən, Polşa və Slovakiya Ukraynaya simpatiya bəslədiyindən vəziyyət daha da mürəkkəbləşir. Bu ölkələr rus qazının bir hissəsini rəsmi şəkildə Ukrayna istiqamətində geri göndərirlər. Özü də ucuz qiymətə.
Bu sxemdən istifadə "Qazprom"u Kiyevdəki bəzi siyasətçilərin əsirinə çevirir. Havalar soyuduqca Ukrayna daha çox qaz çəkə bilər və bununla da Mərkəzi Avropanı qaz idxalından məhrum edər. Amma Avropa bunda Ukraynanı yox, "Qazprom"u günahlandıracaq.
Krımın ilhaqı Moskvanı başqa bir anlamda da Kiyevin əsirinə çevirib. Krım yarımadasının Rusiya ilə quru əlaqəsi yoxdu və o, elektrik enerjisinin 80 faizini və içməli suyun böyük hissəsini Ukraynadan alır. İndi Ukraynanın əlində gözlənilmədən yeni silah var- o, Krıma elektrik göndərməyin əvəzində Rus qazı istəyə bilər.
Elə Avropanın özü də dəyişib. Əvvəllər o, Putini sevməyən Birləşmiş Krallıq və "Putini anlayan" ölkələrə (əsasən, Putinin iş ortaqları, ilk növbədə, İtaliya və Almaniya) bölünürdü. Bu gün isə müharibə, xüsusilə də Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən vurulan "MH17" təyyarəsi Avropanı Rusiya əleyhinə birləşdirib. Başqa sözlə, "Qazprom" hər hansı səbəbdən olursa olsun, təbii qaz ixracını dayandırsa, Rusiya bütün Avropa ilə ciddi münaqişəyə girmiş olacaq və daha ağır sanksiyaların tətbiqi riski yaranacaq.
Avropa Birliyi ümid edir ki, bu oyuna qoyulan yeni vasitələr Kremli qaz ixracından geosiyasi alət kimi istifadə etmək fikrindən daşındıracaq.
"Qazprom"la bağlı qəribə həqiqət isə ondan ibarətdir ki, istehsalçı da, alıcı da bir-birindən asılılıq vəziyyətinin əsiri olublar.
Bryus Ceymsin fikrincə, Avropa ilə Rusiya arasında genişmiqyaslı qaz müharibəsi "atom bombası atılması nəticəsində hər iki tərəfin tam məhvinə" bərabərdir.
Təhlillərə görə, Brüssel əmindir ki, Putin təhlükəli ola bilər, amma intihara meylli deyil.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53