Parlamentdə Avropa Parlamenti sərt tənqid olundu
Parlamentdə Avropa Parlamenti sərt tənqid olundu

Bəzi deputatlar bu qurumla əməkdaşlıqdan imtina etməyi təklif etdilər

Milli Məclisin payız sessiyasının ilk plenar iclası başlayıb. Parlamentin bugünkü iclasında 37 məsələ müzakirə olunacaq. Spiker Oqtay Əsədov bildirib ki, parlamentin deputatları beynəlxalq təşkilatların iclaslarında aktiv iştirak ediblər: "Milli Məclis 2014-cü il ərzində 12 iclas keçirib, bu iclaslarda 131 qanun qəbul edilib".

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə münasibət bildirib.
O.Əsədov bildirib ki, sessiyaya başlamazdan əvvəl Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qeyri-obyektiv qətnamə qəbul edib:
"Bu, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı adət şəklini alıb və qəbul edilmiş 4- cü qətnamədir. Diqqətinizə çatdırım ki, sentyabrın 18-də qətnamə qəbul olundu, 22-də isə PA-nın sədri Azərbaycana gəlib. Azərbaycana qarşı bu qətnamənin qəbul edilməsinin mahiyyətini dünya başa düşdü. Qətnamənin müəllifləri 46 nəfərdir. Onlardan 45-i Azərbaycanda olmayıb. Bir nəfər isə Slovakiyanın keçmiş Xarici işlər naziri olub. Onun dövründə Slovakiya tərəfindən Ermənistana təyyarə satılmışdı. 46 deputatın təklifi ilə səsvermə keçirilib. Bu onu göstərir ki, Azərbaycana təzyiq var. Mən inanıram ki, dövlət başçısının apardığı siyasət düzgün siyasətdir. Heç bir kənar qüvvə də bu siyasətə təsir edə bilməyəcək. Azərbaycan parlamentinin Avropa parlamenti qarşısında öhdəliyi yoxdur, sadəcə əməkdaşlıq edir. Biz əməkdaşlığı inkişaf etdirmək üçün Avronest PA-nı yaratdıq. Onlar istədikləri qeyri-obyektiv qətnaməni qəbul edirlər. Mən təklif edirəm ki , komissiya yaradılsın. Onlara qarşı fikrimizi bildirək. Günün sonuna kimi bəyanat hazırlayıb səsləndirək. Belə hadisələr davam edərsə, gələcəkdə bu təşkilatla işləməyin nə mənası var? Hər dəfə nə qədər can atırıq ki, onlarla işləyək, amma bizə qarşı belə münasibətlər var.
Avropa Parlamenti Azərbaycana hücuma keçib. Azərbaycanda qrantlar verirlər və onların qarşısına tələblər qoyulur. Bəziləri də bu pullardan istifadə edərkən vergidən də qaçır. Nəyə görə Avropa Parlamenti Azərbaycanın daxili işlərinə qarışır? Sən kimsən ki, Azərbaycanla belə danışırsan?"
"Avropa parlamentarizmi çökməkdədir". Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.
Ə.Hüseynli bildirib ki, o, Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığının bu səviyyəyə çatmasından təəssüf hissi keçirir: "Bir tərəfdən Avropa İttifaqının üzvü olan ölkələrlə sazişlər imzalandığı halda, digər tərəfdən 2 sahədə əməkdaşlıq etdiyimiz Avropa Parlamenti belə bir qətnamə qəbul edir. Bu, Avropa parlamentarizminin çökməsini göstərir".
Onun fikrincə, adətən belə qətnamələrin arxasında ya erməni lobbisi, ya da Qərbdəki qüvvələr dayanır: "Təəssüf ki, biz AVRONEST-də işə tamamilə fərqli şərtlərlə başlamışdıq. Avropa İttifaqı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə adekvat cavablar verə bilmir".
Deputat Siyavuş Novruzov kimi Əli Hüseynli də QHT-lər haqqında qanunvericiliyin sərtləşdirilməsinin tərəfdarı olduğunu açıqlayıb: "Belə çıxır ki, Qərb o QHT-ləri dəstəkləyir ki, onlar barışıq adı altında ermənilərin maraqlarına xidmət edirlər".
Millət vəkili Zahid Oruc deyib ki, Avropa Parlamenti müxtəlif qrupların əlində təsir üçün bir çubuqdur: "Onlar hesab edirdilər ki, Azərbaycan NABUKKO layihəsində öndə olacaq, Ukrayna məsələsində Rusiyaya qarşı çıxacaq, onların təsir dairəsinə düşəcək. Lakin bu, alınmadı".
Z.Oruc qeyd edib ki, Ukraynanın başına bəla açan da elə həmin Avropa Parlamentidir: "Ermənistana qarşı heç bir tədbirlər görülmür, ancaq Rusiyaya qarşı qətnamələr qəbul edilir, yaxud Azərbaycanla bağlı 1 milyon qaçqının haqqı 1 nəfərə qurban verilir".
Deputat Fəzail Ağamalı da Azərbaycanı AVRONEST-dən çıxmağa çağırıb: "Hansı beynəlxalq təşkilat Azərbaycanla normal münasibət qurmaq arzusundadırsa, o təşkilatlarla əməkdaşlığımızı davam etdirməliyik. Avropa Parlamenti Azərbaycana qarşı davamlı şəkildə qərəzli, böhtan kampaniyası aparır. Mən təklif edirəm ki, Azərbaycan AVRONEST-dən çıxdığını bəyan etsin. Ona görə də bəyanatla kifayətlənməyək. Ancaq Avropa İttifaqı ilə əməkdaşlığımızı davam etdirə bilərik".
Millət vəkili, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, "Şərq Tərəfdaşlığı" proqramı öz imicini ciddi şəkildə zədələyib, AVRONEST-ə olan inam və etimad iflasa uğrayıb: "Bu, Avropa Parlamentinin qərəzli mövqeyinin nəticəsidir. Avropa Parlamentinin qətnaməsi də qərəzli münasibətin nümunəsidir".
O, beynəlxalq qurumların əlində alətə çevrilən QHT-lərə də müraciət edib: "Həmin QHT-ləri siyahıya salmaqla onların durumunu daha da çətinləşdirirlər. Bir neçə gün əvvəl Emil Məmmədovun məsələsinə baxıldı və şərti cəza ilə azadlığa buraxıldı. QHT-lər bilsin ki, onların problemini Azərbaycan dövləti həll edəcək".
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Avropaya qarşı sərt çıxışlara etiraz edib və analoji münasibəti Rusiyaya qarşı sərgiləməyə çağırıb.

Qüdrət Həsənquliyev: "Azərbaycana qarşı yeni hiylə işə salınır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev beynəlxalq təşkilatlarla qarşıdurmanın əleyhinə çıxıb. Modern.az xəbər verir ki, həmkarlarının fikirlərinə şərik olan deputatın sözlərinə görə, Azərbaycana qarşı yeni hiylə işə salınır. "Dünyadakı beynəlxalq ictimai rəyi böyük güclərin, dövlətlərin təkidi ilə beynəlxalq təşkilatlar qərarlar qəbul edir. Lakin biz beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməli deyilik. Həbsdə olan və siyasi məhbus kimi təqdim edilən insanlar barəsində məhkəmənin çıxardığı həbsqətimkan tədbirləri dəyişdirilməlidir. 5-6 nəfərə görə beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək yersizdir ".
Vitse-spiker Bahar Muradova isə Qüdrət Həsənquliyevin təklifinə cavabında deyib ki, söhbət heç də 5-6 nəfərin həbsindən getmir: "Beynəlxalq dairələr sadəcə olaraq Azərbaycanın müstəqil siyasətini bəyənmir. Azərbaycanda fəaliyyət göstərən QHT-lər şəffaf olmalı və hesabat verməlidir".
Bahar Muradovanın fikrincə, Azərbaycana qarşı qərəzli qətnamələrə sərt şəkildə etiraz edilməlidir.

Deputat qəbiristanlıqlarla bağlı qanunvericiliyə dəyişiklik tərəfdarıdır

"Qəbiristanlıqlardakı yarıtmaz vəziyyət narahatlıq doğurur". Bunu Milli Məclisin iclasında deputat Elmira Axundova deyib.
Onun sözlərinə görə, mərasimlər haqqındakı qanunvericiliyə təkcə yas məclisləri ilə bağlı müddəalar salınmalı deyil. Deputatın fikrincə, qəbiristanlıqlardakı durumla bağlı məqamlar da nəzərə alınmalıdır: "Qanunların icrası ilə əlaqədar ictimai dinləmələrin keçirilməsi vacibdir. Deputatlar icra hakimiyyətləri ilə birgə ictimai dinləmələr aparmalıdır".

Əli Məsimli təhsil
haqları ilə bağlı
dəyişiklik təklif etdi

Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli bir sıra qanun layihəsinin qəbul edilməsinin və ya dəyişikliklərin vacibliyindən danışıb.Deputat Rəqabət Məcəlləsinin qəbul edilməsinin əhəmiyyətindən, "Reklam haqqında" və "Təhsil haqqında" qanunlardan danışıb.
Onun fikrincə, Milli Məclis "Təhsil haqqında" qanuna təhsil haqları ilə bağlı dəyişiklik etməlidir. "Reklam haqqında" qanunda da ana dilinin istifadəsi ilə əlaqədar dəyişikliklərin vacibliyindən söz açan Əli Məsimli diqqəti Bakıdakı reklam lövhələrinə yönəldib: "Reklamlar xarici dillərdədir. Ana dilimizə hörmət olunmur".

"Soyad sonluqları ilə bağlı qanun qəbul
olunsun" –
Deputatdan təklif
Millət vəkili Sabir Rüstəmxanlı maraqlı bir təkliflə çıxış edib.
Deputatın bu təklifi vitse-spikeri özündən çıxarıb. Sabir Rüstəmxanlı çıxış edərək bildirib ki, bəzən soyadlarımızın sonluqlarına görə, beynəlxalq müsabiqələrdə soydaşlarımız digər millətlərlə səhv salınır. Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Sabir Rüstəmxanlı azərbaycanlıların soyad ənənəsi olduğunu deyib.
O, bu məsələ ilə bağlı qanun qəbul edilməli olduğunu deyib.
"Nəyə görə hələ də yeni doğulan körpələrin soyad sonluğuna ov-ova əlavə olunur".
Vitse-spiker Ziyafət Əsgərovun ona cavabı özünü çox gözlətməyib. O qeyd edib ki, Azərbaycanda soyadlarla bağlı heç bir problem yoxdur.
"Bu barədə dövlət özü də şərait yaradıb. Ancaq insanlar soyadlarında düzəliş etməkdə maraqlı deyillər. Bəzi alimlərlə söhbət etmişəm. Onlar mənə deyirlər ki, mən bu soyadla tanınıram. Ona görə də soyadımda düzəliş etmək fikrim yoxdur. Bulə hallara dövlət nə edə bilər?".
Hüseyn İsgəndərov