Bəzi məmurlar övladlarını "dustaq" etdirib
09:50 01-10-2014
İQTİSADİYYAT
Bəzi məmurlar övladlarını "dustaq" etdirib
Onları buna vəzifələrini itirmək qorxusu məcbur edir
Yüksək çinli məmurların təkcə özləri ilə bağlı deyil, onların övladları, ailələri haqda məlumatlar hər zaman ictimai kəsimin diqqət mərkəzindədir.
Yüksək vəzifə sahibləri ictimai əhəmiyyətli fiqurlar hesab olunurlar, bu baxımdan onları əhatə edən xəbərlər, qeyri-rəsmi söhbətləri, görüntüləri mətbuat səhifələrində diqqətçəkən başlıqlarla tirajlanır, geniş müzakirələrə yol açır.
Məmur övladları heç də həmişə cəmiyyət üçün nümunəvi olmurlar. Bir çoxları valideynlərinin tutduğu posta güvənərək qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər.
Mətbuatda bahalı maşınları, "avtoşluq"ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların "şıltaqlıqları" gözdən yayınmadı. Qiyməti yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan daha çox onların vəzifə sahibi olan ataları əziyyət çəkdi.
Hətta iş o yerə gəlib çatıb ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayanmış və bu hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etmişdi.
Harınlamış bəzi məmur övladlarının özlərini ifşa etdikləri əsas yer isə sosial şəbəkələrdir. Ümumiyyətlə əksər hallarda məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, övladlarının da davranışları mühüm rol oynayır.
Övladlarının yol verdiyi nöqsanlara görə işindən azad olunan məmurlarla bağlı son aylarkı faktlardan bəzilərini xatırladaq. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu, bahalı "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olan qəza törətmişdi. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov vəzifəsindən azad edildi. Oğlu isə 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi.
Övladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insidentdən sonra həmin rayonda böyük etirazlara səbəb oldu. Mətbuatda "İsmayıllı hadisələri" kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus "Çıraq" oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.
Olaydan sonra 18 nəfər həbs olunub. Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.
Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov oğlunun atoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilməsindən sonra işdən çıxarılıb.
Tərtər Rayon İcra Hakimiyyəti başcısının keçmiş birinci müavini Vidadi Bəylərov da vəzifəsini oğluna görə itirənlərdəndir. O, övladının törətdiyi qəzaya görə işdən çıxarılıb. Belə ki, Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib.
Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib. Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edib.
Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev isə övladının sosial şəbəkədə dəbdəbəli həyatlarını nümayiş etdirməsindən sonra görəvini itirib. Onun oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirib. 1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı "Volkswagen" və Rusiya istehsalı olan "Niva" markalı avtomobillər onun özünə məxsus olub. Digər "Jeep" markalı bahalı avtomobil isə atası Ramiz Nəbiyevə məxsus imiş. "Lexus" markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır. Prokurorun oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb.
Bütün bunlarla bağlı mətbuatda yazılandan sonra onun atası öz ərizəsi ilə vəzifəsində azad olunub.
Göründüyü kimi, Azərbaycanda kifayət qədər vəzifəli ata öz övladlarının "şıltaqlığı" ucbatından vəzifəsini itirməkdədir. Artıq bu digər məmurlarda narahatlıq yaradıb.
Belə ki, bir çox vəzifəli şəxslər son vaxtlar övladlarına faktiki olaraq "dustaq həyatı" yaşadırlar. Onlar uşaqlarına sosial şəbəkələrdən istifadə yasağı qoyur, şəxsi avtomobillərdən icazəyə imkan vermirlər.
Həmçinin bəzi məmurlar övladlarının əyləncə və istirahət mərkəzlərinə getməsini yasaqlayır, onları gecə əyləncələrindən mümkün olduğu qədər uzaq tuturlar.
Bir çox hallarda bu, məmur ailələrində narazılıq, onların övladlarının etirazı ilə müşaiyət olunsa da, belə vəzifəli şəxslər postlarına yarana biləcək hər hansı təhlükəni önləmək üçün başqa çıxış yolu görmürlər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53