Məleykə Abbaszadə orta məktəblərin daha bir paxırının üstünü açdı
"5" fırıldağı ilə bağlı TQDK-nın açıqlamasına Mikayıl Cabbarovun nazirliyi nə deyəcək?
Məleykə Abbaszadənin sədri olduğu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil sistemi ilə bağlı daha bir neqativ halı ifşa edib. Açıqlanan fakt kifayət qədər ilgincdir və Azərbaycanda təhsil sahəsində ciddi problemlərin varlığına dəlalət edir.
Belə ki, TQDK-nın açıqlamasına görə, bu il orta məktəbi "5"-lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini qəbul imtahanlarında doğrulda bilməyib. Bildirilib ki, bu il tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,47%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib: "Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik".
Komissiyadan bildirilib ki, ötən illə müqayisədə bu il qəbul imtahanlarından "2", "4" və "5" qiymət alanların faizi artıb, "3" qiymət alanların faizi isə azalıb. Bu il abituriyentlərin 65 faizi qəbul imtahanından "2" (0-200 bal), 13.8%-i "3" (200-300 bal), 15.7%-i "4" (300-500 bal), 5.6%-i isə "5" ), (500-700 bal) qiymət alıb. Ötən il bu göstəricilər uyğun olaraq 64,7%, 15,1%, 15,5%, 4,8% olub.
Bu il 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır: "Təəssüflə qeyd etmək lazımdır ki, bu il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR-sı Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".
Görəsən, Mikayıl Cabbarovun rəhbərlik etdiyi Təhsil Nazirliyi TQDK-nın sözügedən ifşaedici açıqlamasına hansı münasibət bildirəcək? Hər halda Məleykə Abbaszadənin sədri olduğu qurum ortaya konkret faktlar qoyub və Təhsil Nazirliyinin bu məqamlara aydınlıq gətirməsi, orta məktəblərdə baş alıb gedən "5" fırıldağının qarşısının alınması üçün hansı tədbirlər gördüyünü açıqlaması zəruridir.
Əks halda biz təhsil sahəsində islahatlar aparıldığı və uğurlu nəticələr əldə ediləcəyi barədə nazirlik rəsmilərinin dediklərinin populizmdən başqa bir şey olmadığı qənaətinə gəlməyə məcburuq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13