Nəsib Məhəməliyevə Hesablama Palatasından yoxlama şoku
12:59 04-10-2014
İQTİSADİYYAT
Nəsib Məhəməliyevə Hesablama Palatasından yoxlama şoku
Nəsimi rayon İcra Hakimiyyətindəki təftiş nələri ortaya çıxaracaq?
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, dövlət büdcəsindən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi qərara alınıb. Eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunacaq.
Qeyd edək ki, Hesablama Palatasının təftiş apardığı Nəsimi rayonu son vaxtlar mətbuatın ən çox tənqid hədəfi olan paytaxt rayonlarından biridir. Rayonun icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev barədə müxtəlif kompromat xarakterli məlumatlar dərc olunur. Eyni zamanda bu rayonda yaşıllıqların məhv edilməsindən tutmuş sahibkarlıq fəaliyyətinə süni əngəllər yaradılması, qanunsuz müdaxilələr edilməsi barədə də KİV-də mütəmadi şikayət xarakterli müraciətlərə rast gəlmək mümkündür. Bundan başqa, bir müddət əvvəl məlumat verilirdi ki, əsasən rayonun ticarət üçün əlverişli olan ərazilərindəki binaların birinci mərtəbəsindəki evlərin eyvanları sonradan artırılıb. Artırılan həmin eyvanlar isə sonradan ticarət obyektləri kimi fəaliyyət göstərir. Bu kimi ticarət obyektlərinin hansı qanunlara uyğun olaraq fəaliyyət göstərdiyi araşdırılarkən isə ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, həmin "artırma əməliyyatı" demək olar ki, heç bir qaydaya və qanuna uyğun deyil. Bu sadəcə olaraq rayon rəhbərliyinin əlavə gəlir qaynaqlarından biridir.
Eyni zamanda yuxarıda da vurğulandığı kimi, hazırda rayonun əksər hissələrində ağaclara qarşı amansız mövqe nümayiş olunur. Hazırda ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Yaşıllıq sahələrinin səhralaşdırılması mexanizmi isə çox sadədir. Belə ki, ağacları gecə saatlarında kəsib ertəsi gün yerində obyektin təməlini qoyurlar. Rayonun biznes üçün uyğun olan ərazilərində bir sot torpağın qiyməti 30-40 min manat arasında dəyişir. Bu da külli miqdarda qanunsuz vəsaitin əldə edilməsinə imkan yaradır.
Bir sözlə, hazırda Nəsimi rayonundakı neqativ hallar mətbuatın əsas diqqət mərkəzində olan məsələlərdən biridir. İcra başçısının adı isə elə bu səbəbdən "vurulması" gözlənilən rayon rəhbərlərinin siyahısında ilk pillələrdə dayanır.
Qəzetimizin ötən saylarında etibarlı mənbədən əldə etdiyimiz məlumata əsasən yazmışdıq ki, Məhəməliyev nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə təhsil alan Məhəməliyev sonradan dəmiryolu sistemində çalışmış, rayonlardan birinin dəmiryolu stansiyasının rəhbəri də olmuşdur.
2006-cı ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı postuna gətirilməsinin isə məhz dəmiryolu sistemində çalışdığı vaxtdan tanış olduğu və yaxın münasibətlər qura bildiyi nəqliyyat naziri Ziya Məmmədovun sayəsində gerçəkləşdiyi məlumdur.
Məhəməliyevin bu təyinatı onun qısa vaxtda hədsiz varlanması ilə müşaiyət edilib.
Avqust ayında isə Nəsimi rayonun icra başçısı çətin situasiya ilə qarşılaşıb. Həmin vaxt rayon ərazisində nadir ağacların "genosid"ə məruz qalması və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məsələyə kəskin reaksiyası Nəsimi rayon icra hakimiyyətinin başçısı üçün bu vəzifədə yolun sonu kimi qiymətləndirilirdi.
İndi isə Hesablama Palatasının Məhəməliyevin rəhbərlik ektdiyi icra hakimiyyətinin fəaliyyətini təftiş etməsi belə ehtimalların qüvvətlənməsi kimi qəbul oluna bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53