Cəmil Həsənlinin qızı həbs olunacaq
13:01 04-10-2014
İQTİSADİYYAT
Cəmil Həsənlinin qızı həbs olunacaq
Hazırkı qanunvericilik Günel Həsənlinin törətdiyi yol-nəqliyyat hadisəsinə görə məsuliyyətə cəlb olunacağına əsas verir
Milli Şuranın sədri Cəmil Həsənli və qızı Günel Həsənli törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı istintaqa çağırılıb.
C.Həsənlinin köməkçisi Oqtay Güləliyevin verdiyi məlumata görə, hər iki şəxs müstəntiqin yanına çağırılıb: "Müstəntiqə yol qəzası ilə bağlı ifadə veriblər. Bir qədər əvvəl onlar ifadə verib qurtarıblar". O.Güləliyev bildirib ki, G.Həsənlinin avtomobillə vurduğu adam ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Qeyd edək ki, Günel Həsənli sentyabrın 19-da yol qəzası törədib. Həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a bildirib ki, hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib. "Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü - hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar" - deyə Ehsan Zahidov bildirib. Hazırda istintaq aparılır.
"Unikal"a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, 10 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən nəzərə alınmalıdır ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin IV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, "Təcili tibbi yardım" maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanın qoşulduğu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir: "Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin nəzərə alınmalıdır ki, "Yol hərəkəti haqqında" Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir ("Yol hərəkəti haqqında" Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilmişdir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XIII fəsli Yol-hərəkəti qaydaları əleyhinə inzibati xətalara həsr edilmişdir. Həmin Məcəllənin 151.3-cü maddəsi, digər məsələlərlə yanaşı, yol-nəqliyyat hadisəsi yerindən yayınmağa görə də inzibati məsuliyyət müəyyən edir. Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət həmin Məcəllənin 151.5-ci maddəsi ilə yaranır. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir".
Buradan belə nəticə çıxır ki, Cəmil Həsənlinin qızı yuxarıda qeyd olunan qanunları pozduğuna görə məsuliyyətə cəlb olunaraq, həbs oluna bilər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53