"Toy oliqarxları"nın şok pul dövriyyəsi: illik 1 milyard manat!
13:09 04-10-2014
İQTİSADİYYAT
"Toy oliqarxları"nın şok pul dövriyyəsi: illik 1 milyard manat!
Məmurların şadlıq evi biznesi ilə bağlı yeni və sensasion iddialar!
Azərbaycanda keçirilən toy mərasimləri öz dəbdəbəsi ilə seçilir. Sanki rəqabətə girən ailələr "kimin toyu daha yaxşı keçdi?" şəklində yarış aparırlar. "Yaxşı toy" düşüncəsi isə bahalı "stul" və çox yemək çeşidi ilə müəyyən olunur.
Toyların dəbdəbəsi artdıqca, təbii ki, bura gələn gəlir də yüksəlir. Çox maraqlıdır, görəsən bir toydan şadlıq saraylarının sahibləri təxminən nə qədər qazanır?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, ümumi hesablamalara görə, Azərbaycanda şadlıq evlərinin sahibləri bir toydan 40 faiz gəlir əldə edirlər: "Məsələn, 200-250 nəfərlik toy məclisində orta hesablamalara görə, şadlıq evinin sahibi bütün xərclər çıxıldıqdan sonra 4000 manat gəlir əldə edir. Adətən şadlıq saraylarında hər gün toy olur. Əgər təxminən bir ayda 25 toy olsa, bu zaman şadlıq sarayının aylıq gəliri 100 min manatdan çox olur. Bir nüansı da nəzərə almaq lazımdır ki, adətən şadlıq evləri bir toyun ərzağını digər toy üçün də istifadə edir. Yəni başqa toy sahiblərinə də eyni ərzaq satılır. Bu məhsulların başqa bir müştəriyə yenidən satılması iqtisadi manevrdir, həmçinin istehlakçı hüquqlarının pozulması deməkdir."
Ekspert bildirir ki, müşahidələr onu göstərir hər toya orta hesabla 200 nəfər dəvət edilir: "Hesablamamıza görə toyların bəziləri, təxminən 25 faizi 1 toy mərasimi şəklində təşkil olunub. Belə olduğu halda Azərbaycanda təxminən 70 min toy olur. Hər toyda 200 nəfərin iştirak etdiyini nəzərə alsaq, bu rəqəm 14 milyon edir. Menyülər bir nəfər qonaq üçün 17 manatdan başlayaraq 160-180 manata kimi dəyişir. Ümumi orta hesablama apardıqda il ərzində toylarda 1 milyard manatdan çox dövriyyənin olduğunun şahidi olarıq".
Yeri gəlmişkən qeyd edək ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda ötən il 86 min nikah bağlanıb.Toy mərasimlərində bu günkü dəbdəbəli stolun arxasında böyük biznes maraqları durur ki, bunu edən də şadlıq saraylarının sahibləridir. Ekspert bildirib ki, burda qazanan tərəf yalnız şadlıq saraylarının sahibləridir: "Menyülərdə çeşid artdıqca gəlir faizləri də artır. Dövriyyə nə qədər artırsa, əldə edilən gəlirin civarı da ona uyğun olaraq artır".
Ekspert hesab edir ki, hökumət bu istiqamətdə bir neçə nazirliklə birlikdə xüsusi proqram hazırlamalıdır: "Əslində toy mərasiminə inzibati şəkildə müdaxilə, cəmiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir. Proqramın icrasına İqtisadiyyat və Sənaye, Səhiyyə və Vergilər nazirlikləri cəlb edilməlidir. Proqramda Səhiyyə Nazirliyinin vəzifəsi ondan ibarət ola bilər ki, fiks menyülərin hazırlanmasını müəyyən etsin. Məlumdur ki, hazırda restoran və şadlıq evlərində bir neçə saat ərzində insanlara müxtəlif çeşidli yeməklər təklif olunur ki, tibbi baxımdan onların bir çoxunu birlikdə yemək insan orqanizmi üçün problem yaradır. Bu problemi aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi fiks menyülər müəyyən edə bilər. Nəticədə təklif edilən yeməklərin sayında azalma baş verəcək. Eyni zamanda İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına nəzarət edə bilər. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsilə nazirlik süni qiymət formalaşdırılmasının qarşısını ala bilər. Vergilər Nazirliyinin isə məsələyə istənilən halda müdaxiləsi vacibdir. Çünki milyonlarla manat dövriyyəsi olan şadlıq sarayları vergidən yayınır: "İllik 1 milyard manatlıq dövriyyənin az qisminin hesabatı vergi orqanlarına təqdim edilir. Sahibkarlarla apardığımız söhbətlərdən belə aydın olur ki, ən yaxşı halda şadlıq sarayları dövriyyələrinin 25 faizini rəsmiləşdirirlər. Bu isə onu deməyə əsas verir ki, şadlıq sarayları dövriyyələrinin 75 faizini vergidən gizlətməklə qanun pozuntusuna yol verirlər. Eyni zamanda, burada dövlət büdcəsindən ciddi vəsaitlərin yayınmasından söhbət gedir. Təbii ki, burada verginin digər növləri də var. Şadlıq saraylarında, xüsusilə də işçilərin böyük bir qismi qeyri-qanuni formada fəaaliyyət göstərirlər. Əsasən də ofisiantları bu qrupa aid etmək olar. Onlar müqaviləsiz və heç bir qanuni əsas olmadan çalışırlar. Həmin şəxslərin əldə etdiyi gəlirlər də, dövriyyədən yayınır. Burada sahibkarın üzərinə düşən vergi ödənişləri, sosial-sığorta ödənişləri dövlət büdcəsindən gizlədilir. Məsələləri ümumiləşdirsək görərik ki, şadlıq saraylarının fəaliyyətindən il ərzində təxminən 100 milyon manata yaxın vəsait dövlət büdcəsindən yayınır".
Göründüyü kimi, əksəriyyətinin arxasında bəzi məmurların dayandığı şadlıq evlərində kimlərsə sözün həqiqi mənasında "qaz vurub, qazan doldurur", soyulan xalq, itirən isə dövlət xəzinəsi olur. Elə yuxarıdakı sensasion faktlar da artıq "toy oliqarxlarının" 1 milyard manatdan çox vəsaitin dövr etdiyi, ən azı 100 milyon manatı isə dövlət büdcəsindən gizlətdiyi bizneslərinə hökumətin qanun çərçivəsində müdaxiləsini qaçılmaz edir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53