Şok: İŞİD-in "qorxunc komandiri" Fransa generalıdır
Şok: İŞİD-in "qorxunc komandiri" Fransa generalıdır

ABŞ-ın hava zərbələri terror təşkilatını dayandırdı

"İslam dövləti" (əvvəlki adı "İraq_Şam İslam Dövləti" və ya qısaca İŞİD) terror təşkilatının öndə gedən komandirlərindən birinin Fransa generalı olduğu ortaya çıxıb. Türkiyənin "Sabah" qəzeti xəbər verib ki, adıçəkilən general İŞİD-ə bütün Qərb döyüş taktikalarını öyrədir.

Avropanın müxtəlif ölkələrinin kəşfiyyat orqanlarının verdiyi məlumata görə, adı gizli saxlanılan bu general bir neçə ay bundan öncə İŞİD sıralarına qatılıb. Kimliyi barədə məlumat verilməsə də, bu şəxsin ABŞ və İngiltərədə xüsusi hərbi təhsil aldığı bildirilir.
İŞİD daxilində və bölgədə xüsusi çəkiyə malik olduğunu deyən kəşfiyyat orqanları bu generalın ərəb olduğunu bildirib: "Əslən ərəbdir. Buna görə ərəb dilində səlis danışır. Eyni zamanda, Fransa ordusunun tərkibində Əfqanıstanda partlayıcı maddələr üzrə mütəxəssis kimi çalışıb. Hazırda İŞİD birliklərinə Qərb döyüş taktikalarını öyrədir".
Fransa ordusunun tərkibində dəfələrlə xüsusi tapşırıqlı əməliyyatları uğurla yerinə yetirən bu şəxsin fitri istedada malik olduğu, xidmət dövründə Fransa hakimiyyətinin bir çox medalları ilə təltif olunduğu bildirilir.
Qəzetin verdiyi məlumata görə, bir müddət öncə Rusiya xüsusi xidmət orqanları bu generalın izinə düşüb: "O, Fransa ordusuna uzun illər xidmət edib. Ölkənin bir çox tanınmış yüksək rütbəli hərbçiləri ilə yaxşı münasibətləri var. Amma sonradan İŞİD-ə qoşuldu. Buna görə də ABŞ qüvvələri İraqda onu öldürmək üçün xüsusi tapşırıqlı əməliyyat keçirdilər, ancaq buna müvəffəq ola bilmədilər. O hələ də yaşayır".
Bəzi kəşfiyyat orqanları isə bu şəxsin İŞİD daxilində Fransaya xidmət etdiyini iddia edir: "İŞİD-in Suriyada, daha sonra İraqda fəallaşmasından sonra Avropa dövlətləri öz kəşfiyyatçılarını bu təşkilata sızdırıb. Bu yolla bir çox əhəmiyyətli məlumatlar əldə edilir. Fransızlar bu şəxs vasitəsilə İŞİD-in siyasəti və planları ilə bağlı öncədən məlumatlandırılır. Təsadüfi deyil ki, bu ilin sentyabrın 25-də paytaxt Parisdə yerləşən Yelisey sarayında Fransa kəşfiyyat xidmətinin (DGSE) başçısı Bernard Bajolet məhz bu şəxsin verdiyi məlumatlar əsasında prezidentə, Baş Qərargah rəisinə və Müdafiə nazirinə hesabat verib".
İspaniyanın "Əl Pais" qəzeti isə bu şəxsin İŞİD tərkibində 1600-ü avropalı olmaqla 1700 nəfərdən ibarət legioner orduya komandanlıq etdiyini irəli sürüb.
Qəzet fransız generalın komandanlıq etdiyi bu ordunun İraqın Mosul, Kərkük, Ramadi, Mumbuc, Deyr əz-Zor kimi şəhərlərinin işğal olunmasında müstəsna xidmətləri olduğunu iddia edib.
Qəzetin verdiyi məlumata görə, "Qorxunc komandan" indi də Kobaniyə hücum etməyə hazırlaşır.

Türkiyə Kobani ilə bağlı son qərarını verdi

Türkiyə hökuməti Kobanidəki vəziyyətlə bağlı müzakirələr aparıb. Hökumət Suriya ərazilərində "təhlükəsiz ərazi" və "uçuşa qadağan zona" elan edilmədən parlamentdə qəbul olunan layihəni tətbiq etməyəcəyini bəyan edib.
Ankaranın bu qərarı Türkiyə ordusunun sərhədi keçməyəcəyi və aktiv hərbi əməliyyatlara başlamayacağını göstərir. Türkiyə Kobaniyə ancaq humanitar yardımlar göstərəcək.

ABŞ-dan İŞİD-ə
hava zərbəsi

Suriyada Kobaniyə bir neçə gündür aramsız hücum edən İŞİD terrorçuları dünən nisbətən geri çəkilib. Bu barədə bölgədə İŞİD-ə qarşı vuruşan kürd döyüşçüləri (YPG) məlumat veriblər.
Onların sözlərinə görə, srağagün koalisiya qüvvələrinin İŞİD mövqelərini aramsız aviazərbələrə məruz qoyması işə yarayıb. Nəticədə, bu gün bölgədə nisbi sakitlik var və İŞİD-in şəhərin içərisinə doğru irəliləməsi dayandırılıb.
Kobani ətrafında İŞİD hədəflərinin vurulduğunu təsdiq edən ABŞ-ın Xarici İşlər Nazirliyi, əməliyyatların davam edəcəyini açıqlayıb. ABŞ Müdafiə Nazirliyinin də yaydığı bəyanatda əsasən ağır artilleriyanın olduğu yerlərin hədəfə alındığı deyilir. Nazirlik ötəngünkü əməliyyatların uğurla tamamlandığını bəyan edib.
Əməliyyatlar zamanı Kobanidə 412 nəfərin öldüyü bildirilir.
3 həftədir davam edən Kobani döyüşlərindən qaçan 200 mindən artıq insan isə Türkiyəyə keçib.

PKK-nın İŞİD
bayraqları tələsi

Kobanidə İŞİD-lə YPG yaraqlıları arasında qanlı döyüşlərin davam etdiyi vaxtda şəhər daxilindəki toqquşmalarla əlaqədar ilginc bir iddia gündəmə gəlib. İddiaya görə, YPG-çilər yaraqlıları tələyə salmaq üçün şəhərdəki bəzi binalara İŞİD bayrağını asırlar.
Türkiyənin "Radikal" qəzeti xəbər verib ki, Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərinə üç cəbhədən minlərlə silahlı yaraqlı ilə hücum edən İŞİD (İraq Şam İslam Dövləti) ilə YPG (PKK-nın Suriya qolu) arasında şəhər kənarında ciddi toqquşmalar baş verir. YPG-nin 20 gündür şəhərə girməyə qoymadığı İŞİD bəzi strateji nöqtələri ələ keçirib. Bu səbəbdən, YPG taktikasını dəyişib və çoxlu sayda İŞİD-çini tələyə salıb.
"Habertürk" qəzetinin xəbərinə görə, Kobaninin ətrafından İŞİD-in tank və ağır silahlarını dəf edə bilmək üçün minalar yerləşdirən YPG-nin başqa bir çox ilginc taktikası isə binalara İŞİD bayraqlarının asılması ilə bağlı olub. İddiaya görə, İŞİD yaraqlılarının şəhərə yaxınlaşmasından sonra YPG-çilər Kobanin şərq cəbhəsindən hücum edən yaraqlıları aldatmaq üçün binaların damına İŞİD bayrağı sancıblar. Bir qrup İŞİD-çi bu bölgədən şəhər ətrafına daxil olan kimi mina tələsinə düşüblər. Bu hücum nəticəsində 50-dən çox İŞİD-çinin öldüyü qeyd olunur.
Xatırladaq ki, mətbuatda oktyabrın 2-də İŞİD-in Şiftək kəndi yaxınlığındakı Zorava təpəsində bayraq dalğalandırdığına dair xəbər getmişdi.

Keçmiş MKİ
şefindən şok açıqlama: "İŞİD Barak
Obamanın səhvidir"

ABŞ-ın keçmiş müdafiə nazir Leon Panetta son üç ildə Obama hakimiyyətinin Suriya və İraq siyasətində yol verdiyi nöqsanları açıqlayıb.
Məhz bu nöqsanlar üzündən Panetta İŞİD-lə mübarizənin 30 il davam edəcəyini bildirib.
"USA TODAY" qəzetinə müsahibə verən Panetta ABŞ prezidenti Barak Obamanı sərt tənqid edib.
Keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmuş Panetta İŞİD terrorçularını Liviya, Nigeriya, Yəmən və Somaliyə də keçəcəyini bildirib. Leon Panetta Obamanın bu səhvləri buraxdığını iddia edib:
1. İŞİD ABŞ qoşunlarının İraqdan çəkilməsindən sonra bölgədə yaranmış boşluqdan istifadə edərək inkişaf edib. "2012-ci ildə mən və ovaxtkı, Xarici İşlər Naziri Hillari Klinton Obamanı "Suriyada müxalifəti silahlandır" deyə xəbərdarlıq etdik. Amma o, bunu rədd etdi. Əgər Obama bunu qəbul etsəydi, indi bu problemlər ortaya çıxmazdı.
2. 2013-cü ildə Əsəd rejimi kimyəvi silahlar işlətməklə "qırmızı xətt"i keçdi. Obama Suriyanı vurmaq əvəzinə, konqresə müraciət etdi. Təbii ki, konqresdə bunun əleyhinə çıxdı. Obamanın bu hərəkətləri ABŞ-ın beynəlxalq arenada nüfuzunu aşağı saldı.
Artıq İŞİD-in bir gücə çevrildiyini deyən Panetta təcili olaraq BMT Təhlükəsizlik Şurasının müdaxiləsinin vacibliyini qeyd edib.
Xatırladaq ki, Leon Panetta 2009-2011-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, 2011-2013-cü illərdə isə ABŞ-ın Müdafiə Naziri olub.

PYD-Türkiyə-İŞİD
üçbucağı

"İŞİD-la bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni, lakin olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Ortada olan acı reallıq budur ki, Yaxın Şərq təkcə dövlətlərin geosiyasi və ya müxtəlif təşkilatların dini-ideoloji qarşıdurması məkanı deyil, eyni zamanda yüz ildən artıqdır ki, körüklənərək odunun sönməsinə imkan verilməyən etnik qarşıdurmalar məkanıdır. Qərb İmperializminin son iki yüz ildə Yaxın Şərqin münbit torpaqlarında əkdiyi toxumlar bu gün öz bəhrəsini artıqlaması ilə verməkdədir". Bunu isə publika.az saytı yazıb.
Saytın bildirdiyinə görə, hazırda baş verən hadisələrin fonunda Türkiyəyə yönəlik diplomatik çağırışlara başqa ad vermək mümkün deyil. Ən maraqlı məqam ondan ibarətdir ki, bu zaman Türkiyə iki istiqamətdən həmləyə məruz qalır: xaricdən - Qərb vasitəsi ilə və daxildən - HDP və radikal sol qüvvələrin əli ilə. Bu zaman hər şey Türkiyə ilə İŞİD-i açıq şəkildə üz-üzə qoymağa hesablanır. Sadəcə hər iki tərəfin bu zaman istifadə etdiyi metodlar fərqlidir.
NATO-nun timsalında Qərb Türkiyəyə "qorxma, mən səninləyəm", - nəğməsi ifa etməkdədir və bu zaman qabaqdakını qızışdıran, lakin arxada gizlənərək özünü qorumaq üçün təhlükəsiz yer seçmiş çığal uşağı xatırladır. ABŞ-ın və ya Avropa güclərinin endirdiyi hava zərbələrinin effekti sıfırdır. Nə coğrafi şərait, nə də İŞİD-in taktiki gedişləri bu zərbələrdən maksimal nəticə almağa imkan verir. Nəticə: konkret irimiqyaslı quru əməliyyatları aparılmalıdır. Və bu zaman Qərbin yadına Türkiyə düşür. Halbuki...
Halbuki, xatirlayırsınızsa, İŞİD-ın İraq demarşı yeni start götürdüyü zamanlarda nə bölgədəki etnik yapı (yəni, kürdlər və ərəblər), nə də ki, bölgədəki güclər (ABŞ, Qərb, ərəb ölkələri) Türkiyənin təkbaşına həyəcan siqnalına adekvat reaksiya verməmişdilər. Hətta ABŞ və NATO rəsmi şəkildə "baş verən hadisələri ürəkağrısı ilə seyr etdiləri, lakin birbaşa müdaxilənin hazırda onların maraqlarına cavab vermədiyi" açıqlaması ilə çıxış etmişdilər. O zaman hədəfdə türkmənlər idi. Və İŞİD-ə qarşı da ən mütəşəkkil müqaviməti türkmənlər təşkil etmişdilər. Sonrakı proseslər isə gedişatı dəyişdi. Artıq hədəfdə zəngin neft yataqları ilə bol olan əraziləri nəzarət altında saxlayan kürd peşmərgələrdir. Türkiyənin isə İŞİD məsələsində ilk əvvəllər olduğu kimi aktiv mövqe sərgiləməməsi, hətta rəsmi Ankaranın İŞİD-ə qarşı qurulan koalisiya məsələsində passiv mövqe tutması, türk diplomatlarının azad edilməsi ilə nəticələndi.
Əslində Türkiyənin belə bir mövqe yolu tutması təbii və anlaşılandır. İŞİD-lə birbaşa, özü də tək halda üz-üzə gəlmək heç bir şəkildə maraqlara cavab vermir. Lakin indi Ankaranı bu qarşıdurmaya sürükləyirlər...
Türkiyənin İŞİD-PYD qarşıdurmasında kürdlərə dəstək verməməsinin səbəbləri çoxdur. Və İŞİD-lə meydanda təkbaşına savaşmağın heç bir maraq çərçivəsinə sığmaması bunlardan yalnız biridir. Məsələ ondadır ki, PYD - terror təşkilatı PKK-nın rəsmi Suriya qoludur və Ankaranın hər hansı bir dəstəyi nəticə etibarı ilə Türkiyənin öz daxilində haqlı və çox ciddi narazılıqlara təkan verə bilər. Zatən bu "kürd açılımı" macərası türk ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilər AKP iqtidarı üçün olduqca vacibdir. Başqa bir səbəb isə Əsəd iqtidarına münasibətdir. Türkiyənin Suriya içindəki qarşıduran qüvvələr arasında özünə yaxın bildiyi müxaliflər - Azad Suriya Ordusudur. PYD isə həm PKK uzantısıdır və digər tərəfdən də rəsmi Ankaranın Suriya iqtidarına münasibəti ilə ciddi fikir ayrılığı var. Suriyadakı kürdlər Əsəd rejimini ciddi şəkildə müdafiə edirlər. Türkiyənin isə bu məsələdəki prinsipial mövqeyi bəllidir.
Keçən həftə ABŞ hava qüvvələrinin Kobanidə İŞİD mövqelərinə zərbə endirdikləri bir zamanda paralel olaraq bölgə üçün başqa bir mühüm görüşmə də keçirilirdi. Dəmirtaşın aracılığı ilə PYD lideri Salih Müslim Ankaraya dəvət edilmişdi. PYD türkiyədən silah və sursat yardımı xahiş edirdi. Ankaranın isə iki tələbi var idi: silah və sursat istəyirsinizsə Əsəd rejiminə qarşı mövqe qoyun və Azad Suriya Ordusuna qoşulun; Suriyadakı daxili savaşdan istifadə edərək türkiyə ilə sərhəd bölgədə muxtariyyət elan etməkdən vaz keçin, əks halda Türkiyə bunu dövlət maraqlarına təhdid kimi qiymətləndirəcək.
Və nəticədə ortada maraqların toqquşması fonunda çox qarışıq bir mənzərə yaranır. Türkiynin hədəfi Əsədin getməyidir. ABŞ isə xarici işlər nazirinin mətbuat ataşesi Jen Psakinin dili ilə artıq Əsəddən daha qabaq İŞİD probleminin həllində maraqlı olduqlarını bildirdi. Ankaranın fikrincə isə, problemin qaynağı - Əsəddir, İŞİD- sadəcə simptomdur. Və beləlikə: Ankara Əsədi istəmir və Azad Suriya Ordusunu dəstəkləyir; ABŞ ilk növbədə İŞİD-ı istəmir və buna görə də Əsədlə müttəfiq olan PYD-ə hava zərbələri ilə dəstək verir; PYD Əsədi istəyir, İŞİD-ı istəmir, lakin Türkiyədən də dəstək umur; İŞİD isə bunların heç birini istəmir...
Bax belə bir qarışıq mənzərə yaranır..."
Murad İbrahimli