Azərbaycandakı sığorta məhkəmələrində kim qalib gəlir?

Muxtar Şiriyev: "Sığortalı öz vəzifələrini bilməlidir"

Azərbaycanda sığorta mübahisələri ilə bağlı fins.az-ın suallarına cavab verən "Mitra" sığorta hüquq şirkətinin direktoru Muxtar Şiriyev maraqlı fikirlər səsləndirib.

Şiriyev sığorta ilə bağlı məhkəmə mübahisələrinin hansı səbəblərdən yarandığından danışarkən deyib: "Əsas səbəb sığortaçının və ya müştərinin müqavilə öhdəliklərini yerinə yetirməməsidir. Sığortaçılar tərəfindən ən çox qaldırılan iddialar sığorta hadisələri zaman sığortaçını vaxtında məlumatlandırmamaqdır. Bundan əlavə, səlahiyyəti olmayan sürücülər tərəfindən avtomobilin idarə edilməsi halları böyük paya malikdir. Daha sonra sığorta predmetini təyinatı üzrə istifadə etməməkdir. Hadisə barədə səhv məlumat vermə, hadisəni araşdırmaqda sığortaçıya mane olmaq hallarına da az rast gəlinmir".
Belə hallara görə, sığorta ödənişindən imtina edildiyini və vətəndaşın narazı qaldığını deyən Muxtar Şiriyev əlavə edib ki, bunun da kökündə sığortalının sığorta müqaviləsi bağlanan vaxt üzərinə düşən vəzifələri bilməməsi və sığortaçının bu öhdəliklər barədə sığortalını ətraflı məlumatlandırmamasıdır.
"Sığorta mübahisələri əsasən hansı sığorta növlərinə aiddir" sualına cavabında o bildirib: "Əsasən, avtomobillərin icbari və sığortası kasko sığortası ilə bağlıdır. Son vaxtlar istehsalatda bədbəxt hadisələr, fərdi qəzalarla bağlı mübahisələr də bir qədər artıb, amma bunlar elə də böyük paya malik deyil".
Əvvəlki illərlə müqayisədə məhkəməyə müraciətlərin artdığını deyən Şiriyev əlavə edib: "Azərbaycanda sığorta bazarı inkişaf etdikdə bağlanmış sığorta müqavilələri artdqca, təbii ki, buna isbətdə yaranan mübahisələr də artır. Sığortalıların əksəriyyəti paytaxt sakinləridir, buna müvafiq olaraq da paytaxtda sığorta mübahisələri daha çox yaranır. Təxminən 80%-dən yuxarı bir göstərici təşkil edir. Hansı regionda sığorta daha çoxdursa orda da mübahisələr çox olur. Daha çox Gəncə bölgəsidir, Lənkərən bölgəsindən şikayətlər çox olur".
Ən çox kim kimi məhkəməyə verir - şirkətlər, yoxsa müştərilər? Bu suala cavabında Muxtar Şiriyev deyib: "Əgər biz sığorta şirkətlərinin subroqasiya hüququnun həyata keçirilməsini götürsək (bu, reqreslə bağlı ödənilmiş sığorta ödənilinin zərərvuran tərəfdən alınması hüququdur-red.) əlbəttə ki, sığortaçıların sığortalılara zərər vurmuş şəxslərə qarşı tələbləri daha çoxdur. Lakin müqavilə çərçivəsində müştərilərin sığorta şirkətlərinə qarşı iddiaları da az deyil".
Bəs şirkətlərin iddiaları ümumi mübahisələrin neçə faizini təşkil edir? Məlum olur ki, əgər subroqasiya hüququ üzrə götürsək, məhkəmələrdə təxminən 75% şirkətlərin iddialarıdır. Əgər müqavilə çərçivəsində götürsək, müştərilərin sığorta şirkətlərinə qarşı iddiaları 95%-dən yuxarıdır.
Məhkəmə prosesinin vaxtı fərqli vəziyyətlərə görə fərqli müddətlərlə olur. Burda işin mürəkkəbliyi, əlavə ekspertizanın təyin edilməsi, 1-ci instansiya məhkəməsinin qərarından şikayət və bu kimi hallar prosesin vaxtına təsir göstərir. Bəzi hallarda 2 ay ərzində məhkəmə qətnamə çıxarır, tərəflər arasında barışıq olur və s. Bəzən isə 1 il, ilyarımdan artıq proses gedir. Burada tərəflərin məhkəmələri udma göstəricisi təxminən yarı yarıyadır. Yəni, təxminən 50%-ni sığortalılar, 50%-ni isə sığortaçılar udur. Subroqasiya qaydasında verilmiş iddiaların demək olar ki 99%-i sığorta şirkətlərinin xeyrinə həll olunur.
Subroqasiya iddialarında şirkətlərin bu qədər çox məhkəməni udması nə ilə bağlıdır? Bu suala cavab olaraq Muxtar Şiriyev deyib ki, şirkətlərin hüquqşünasları bütün sənədləri və sübutları toplayır və ondan sonra ödəniş olunur. Məhkəməyə də bu sübutlar təqdim olunur və təsdiq olunur ki, ödəniş verilib. Bəzən sığorta ödənişinin az və çoxluğu mübahisə yaradır. Onda da ekspertiza təyin olunur və onun rəyinə əsasən də məhkəmə qərar çıxarır. Həm də şirkətlərin subroqasiya iddialarının böyük əksəriyyəti əsaslı iddialar olur. Çünki, Mülki Məcəllənin 936-ci maddəsinə əsasən, zərərvuran zərərin əvəzini ödəməlidir. Onların da vurduğu zərərin müqavilədə göstərilən hissəsi sığorta şirkəti tərəfindən zərərçəkənə ödənildiyinə görə, həmin məbləğ zərərvurandan alınıb şirkətə ödənilir.
Müqavilə üzrə mübahisələrdə sığortalıların məhkəmələrin 50%-ni uduzmasının səbəbləri nə ilə bağlıdır? Muxtar Şiriyevin bu suala cavabı isə belə olub: "Burda əsas səbəb odur ki, sığortalı öz vəzifələrini bilməlidir. Hadisə barədə şirkətə xəbər vermək, avtomobili hadisə yerindən götürmək, maşının səaliyyətli sürücü tərəfindən idarə olunması, avtomobildən təyinatı üzrə istifadə etmək və s. Bəzi şirkətlərdə tələb qoyulur ki, avtomobili idarə edəcək şəxslər müqavilədə qeyd olunsun, yəni başqa şəxsə maşını vermək olmaz. Bəzi şirkətlərdə isə müqavilədə qeyd olunur ki, maşını qanunvericiliyə uyğun olaraq idarə edən hər bir şəxs nəzərə alınır. Təyinatı üzrə istifadəyə gəldikdə, sığortalı tərəfindən əriz forması doldurulur və orda təyinatlar göstərilir. Bilirsiniz ki, fərdi sərnişindaşıma ilə məşğul olan bir çox sürücülər var. Müqavilə vaxtı maşının taksi kimi işləməsi göstərilmir. Belə halda sığorta şirkəti də ödənişdən imtina hüququna malikdir".
Franşiza ilə bağlı şikayətlərin demək olar ki, olmadığını deyən firma direktoru əlavə edib: "Azadolma məbləği hədən artıq az miqdarda qoyulur. Həm də şərtsiz franşiza var, şərtli franşiza var. Bəzi hallarda, məsələn, sürücünün yaşı 22-dən aşağı olduqda, sürücülük təcrübəsi 1 ildən aşağı olduğu halda əlavə franşiza tətbiq olunur. Bir çox müqavilələr bağlanarkən, vətəndaşlar ya buna diqqət vermirlər, ya da bu onlara izah olunmur. Hadisə baş verdiyi zaman, məsələn tutuaq ki, əsas franşiza 300 manatdır, dəyən ziyan isə 3000 manat. Burada əlavə franşiza isə 1000 manatdır. Bu mübahisə doğurur. Daha bir çoxluq təşkil edən mübahisə forması isə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlıdır. Mülki Məcəllənin 925-ci maddəsinə görə zərəri qiymətləndirmə sığortaçı tərəfindən müəyyən olunur. Əgər tərəflər arasında razılıq əldə olunmursa, müstəqil ekspert təyin olunmalıdır".
Sığorta məsələləri ilə bağlı vətəndaşlara tövsiyyələrini çatdıran Muxtar Şiriyev belə deyib: "Ən əvvəl hansı sığorta şirkətində sığortalanmağı düzgün seçim etsinlər. İkincisi sığorta müqaviləsi diqqətlə oxusunlar. Bunu etsələr öz hüquqlarını və vəzifələri biləcəklər və gələcəkdə heç bir problemlər qarşılaşmayacaqlar".
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə Nazirliyi ilə birgə hazırladığı "Kənd təsərrüfatı məhsullarının sığortası" haqqında qanun layihəsi artıq Nazirlər Kabinetinə təqdim olunub.
Sənan Mirzə