Türkiyə İŞİD qarşısında tək qalır
09:07 10-10-2014
İQTİSADİYYAT
Türkiyə İŞİD qarşısında tək qalır
Vaşinqtondan ikibaşlı cavablar gəlir
İŞİD terror təşkilatının Türkiyə sərhədində yerləşdiyi bir vaxtda Ankaranın strateji müttəfiqi sayılan Vaşinqtondan Suriyada "tampon bölgə"nin yaradılması məsələsi ilə bağlı ziddiyyətli açıqlamalar gəlir.
Türkiyə Suriyada İŞİD yaraqlılarına qarşı yerüstü əməliyyatlarda yalnız bir şərtlə iştirak edəcəyini bildirir ki, bu ölkə üzərində hava məkanı uçuşsuz zona elan edilsin. Dünən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edən Fransa prezidenti Fransua Ollande Türkiyənin "tampon bölgə" təklifinə dəstək verib.
"Tampon bölgə hərbi
variant olaraq danışıqlar
masasında deyil"
Vaşinqtonun bu məsələ ilə bağlı mövqeyi isə Ankaranı qane edə bilməz. ABŞ dövlət katibi Con Kerrinin "bu məsələdə çox yaxından baxmağa dəyər" şəklindəki cavabı ilə ziddiyyət təşkil edən açıqlamalar ABŞ Müdafiə Nazirliyi və Ağ Evdən verilib.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi "tampon bölgə" mövzusunun hazırda masada olmadığını söyləyib. Gündəlik mətbuat konfransında Türkiyə ilə "tampon bölgə" mövzusunda bir neçə dəfə müzakirələr apardığını deyən Kirbi qeyd edib ki, bu mövzu hazırda hərbi variant olaraq danışıqlar masasında deyil.
Türkiyənin ABŞ-ın liderlik etdiyi koalisiyaya verəcəyi faydaya gəlincə, Kirbi müdafiə naziri Çak Hegelin bu məsələdə mövqeyinin açıq olduğunu dilə gətirib: "Təbii ki, Türkiyənin yardımını görmək istəyirik. Suriya və İraqın qonşusu olduqları üçün hərbi baxımdan bizdə olmayan məlumatlara sahib olduqlarını bilirik. Amma bizim Türkiyədən spesifik tələb və istəklərimiz yoxdur. Bu hər bir ölkənin istəyinə söykənən bir koalisiyadır".
C.Kirbi Türkiyənin çox yetkin və peşəkar bir orduya sahib olduğunu sözlərinə əlavə edib.
Ağ Evdən də veto
Ağ Ev sözçüsü Coş Ernest Suriyada "tampon bölgə" yaradılmasının hazırda düşünülən bir mövzu olmadığını söyləyib. O, gündəlik mətbuat konfransında "tampon bölgə"nin yaradılmasının Türkiyə tərəfindən bir neçə dəfə dilə gətirildiyini xatırladıb və təklifin hazırda masa üzərində olmadığını deyib.
ABŞ dövlət katibi C.Kerri və ingilis həmkarı Filip Hammond ilə görüşdən sonra Vaşinqtonda təşkil etdiyi birgə mətbuat konfransında Kerri "mövzuya çox yaxından baxmağa dəyər" söyləmişdi. Hammond isə bildirmişdi ki, "tampon bölgə" fikrinin tam olaraq nəyi nəzərdə tutduğunu və bunun necə işləyə biləcəyini digər müttəfiqlərlə müzakirə etmək lazımdır.
Psaki Kerrinin
"səhv"ini düzəltdi
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Jen Psaki mətbuat konfransında Kerrinin sözlərini şərh edib. "Tampon bölgə"nin yaradılmasının Türkiyə və digər ölkələrin zaman-zaman dilə gətirdiyi bir təklif olduğunu qeyd edən Psaki müzakirələrin davam etdiyini deyib. "Hazırda tampon bölgənin yaradılmasını düşünməsək də bu, səslənən təklifləri müzakirə etməyəcəyimiz anlamına gəlmir", - Psaki deyib.
Psaki ABŞ rəhbərliyindən "tampon bölgə" mövzusunda fərqli açıqlamalar gəldiyi barədə tənqidləri qəbul etməyib. "Biz mövzunun müzakirəsinə, partnyor və müttəfiqlərimizi dinləməyə açığıq. Bu, ABŞ-ın baş diplomatı olaraq Kerrinin də vəzifəsidir. Ancaq bu, ABŞ-ın "tampon bölgə" mövzusundakı siyasətinin dəyişdiyi anlamına gəlmir", - deyə Ağ Evin sözçüsü vurğulayıb.
C.Psaki Türkiyənin əhəmiyyətli bir NATO müttəfiqi olduğunu və İŞİD-ə qarşı əməliyyatlarda mərkəzi rol oynamasını istədiklərini bildirib.
Bağdadinin dəstək
aldığı qüvvələr:
İŞİD nə üçün yaradılıb?
"Suriya və Ukraynada Rusiyaya məğlub olan ABŞ-a İŞİD kimi güclü terror təşkilatı lazım idi. Məqsəd regionda sələfi dövləti yaratmaq olub. Əgər Qərb bunu "əl-Qaidə"-nin əliylə etsəydi diqqəti üzərinə cəlb edə bilərdi. İŞİD kimi qeyri-müəyyənliyini qoruyan bir təşkilat isə çox planı həyata keçirəcəkdi". Bunu isə olaylar.az saytı yazır.
Saytdakı analitik məqalədə daha sonra deyilir: "ABŞ ilk növbədə İŞİD kartı ilə İranın bölgədəki nüfuz dairəsini məhdudlaşdırmağı qarşısına məqsəd qoyub. Malikinin Rusiya və Çin sonradan İranla müttəfiqlik əlaqələrinə girməsi, ABŞ-ı narahat edirdi. Şərq bloku Yaxın Şərqdə güc yığıdıqca Amerikanın əsas müttəfiqi olan kürdlər və İsrail üçün də real təhlükə artırdı. Müttəfiqlər Qərbə qarşı kompleks mübarizəyə start verdikcə, Amerikanın bölgəyə koalisiya şəklində müdaxilə imkanları da daralırdı. ABŞ problemi öz lehinə məhz yaratdığı İŞİD-in əliylə həll etmək planını seçdi. Nəticə etibarilə bu gün təşkilata qarşı yaradılmış beynəlxalq koalisiya İŞİD-i vurmaq istəmir. Müttəfiqlər Bağdadi ilə səthi mübarizə metoduna üstünlük verirlər. Çünki İŞİD-in bölgədəki varlığı tamamilə plan üzrədir. Diqqət etsək görərik ki, İŞİD meydana çıxandan bu yana ABŞ ortalıqda görünmür. Bağdadi məhz bu gün Amerikaya lazım olan yerlərdə fəaliyyət göstərir.
Bağdadinin arxasında
kimlər var?
İŞİD-in arxasında İran və Rusiyaya qarşı olan bütün qüvvələr dayanır. ABŞ ordusunu İraqdan çəkəndən sonra Maliki hökumətdə olan Səddam tərəfdarlarını və kürdləri kütləvi şəkildə ətrafından uzaqlaşdırdı. Nəticədə ABŞ-dan birbaşa dəstəyi kəsilən Maliki Rusiya, "Hizbullah" və İrana qucaq açdı. Malikinin bu hərəkəti ABŞ-ın İraqdakı maraqlarına zidd idi. Vaşinqton bir neçə dəfə xəbərdarlıq etsə də Bağdad Şərq blokundan uzaqlaşmadı. Digər tərəfdən Rusiyanın Suriyada möhkəmlənməsiylə ABŞ Səddam tərəfdarlarını ətrafına yığaraq İŞİD bayrağı altında birləşdirdi. Bununla həm fikir yayındırdı, həm də geosiyasi planlarını fərqli şəkildə həyata keçirməyə başladı. Çünki İŞİD-ə qədər ABŞ-ın regionda Kürdüstan dövləti yaradacağı iddia olunurdu. Prinsip etibariylə, regionda kürd dövlətinin mövcudluğu İsraildən başqa heç bir dövlətin marağında deyil. ABŞ bunu nəzərə aldı, parçalanacaq İraq və Suriyanın yerində bir neçə dövlətin yaranmasındansa, bir İŞİD-in yaranması variantının üzərində dayandı. Çünki Kürdüstanla müqayisədə İŞİD-i regiondakı ərəb dövlətlərinin əksəriyyəti o cümlədən, İraq və Suriyadakı böyük kəsim dəstəkləyir.
Niyə Kobani?
İŞİD-in möhkəmləndiyi regionlara diqqət edək. Birinci, İŞİD İraqdakı kürd bölgəsinə hücum edir və neftlə zəngin əraziləri ələ keçirib möhkəmlənir. Vaxtilə Bərzani bölgədəki nefti ABŞ-sız istismar edəcəyini bildirmişdi. Eyni zamanda Mosuldakı neft qaynaqlarınının işlənməsini Maliki hökuməti təktərəfli şəkildə öz üzərinə götürmüşdü. Amma İŞİD İraqa girən kimi həmin əraziləri ələ keçirir. İkincisi, İŞİD Suriyanın Şərqini nəzarətə götürür və İranın bu ölkə ilə fiziki əlaqəsini tamamilə kəsir. Üçüncüsü, İŞİD Türkiyə ilə sərhəddə yerləşən Kobaniyə girir və 200 min mülki vətəndaşın arasında PKK yaraqlılarının Türkiyəyə axınını yaradır. PKK Türkiyəyə girən kimi iğtişaşlar başlayır. Son aylarda ABŞ və Türkiyə arasında gərginlik məsələsi bu faktorda özünü açıq şəkildə göstərir. Vaşinqton Ankaradan PKK vasistəsiylə qisas almağa çalışır. Proseslərdən çıxan məntiq budur ki, İraq və Suriya ərazilərdinə İŞİD, Türkiyənin Şərq və Cənub regionlarında isə Kürdüstan yaradılmalıdır. ABŞ İŞİD-lə Yaxın Şərqdə İrana qarşı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və BƏƏ-dən ibarət sələfi zolağı yaradacaq. Eyni zamanda bu kartından Rusiyanın Suriyadan geri çəkilməsi üçün münbit zəmin hazırlayacaq. Kürdləri isə Türkiyənin üzərinə salaraq Yaxın Şərqdəki prosesləri bu ölkəyə transfer etməyə çalışacaq".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53