On milyonlarla manat uğrunda bəzi oliqarxların müdhiş çəkişməsi
11:39 11-10-2014
İQTİSADİYYAT
On milyonlarla manat uğrunda bəzi oliqarxların müdhiş çəkişməsi
Tibbi sığortaya ayrılacaq pullar üstündə bəzi iri məmurlar arasında amansız mübarizə gedir
Tez-tez həkim səhlənkarlığına və xəstə şikayətlərinə şahidlik edirik. Hərdən həkim və pasiyent münasibətlərindəki gərginlik məhkəmə zallarına qədər gedib çıxır. Bəzən haqlı və haqsız tərəfi müəyyən etmək çətinə düşür. Belə anlaşılmazlıqların artmasında bir çox səbəblər var.
Ekspertlər əhalinin icbari tibbi sığortaya cəlb edilməsinin vacibliyini qeyd edirlər. Bu halda həkimlərin də işinə nəzarət güclənəcək, məsuliyyət hissi artacaq. Məlum olduğu kimi, "Tibbi sığorta haqqında" Qanun on beş ildir ki, ortada qalıb. İllərdir qanun qüvvəyə minsə də, onu reallaşdırmaq üçün zamanın yetişmədiyini deyirdilər. Son məlumatlara görə, 2015-ci ildən tədricən əhalinin tibbi sığortaya cəlb edilməsi işinə start veriləcək. Bundan sonra illərdir müzakirəsi ləngidilən digər vacib olan "Pasiyentlərin hüquqları haqqında" Qanunun da qəbulu gözlənilir.
Bir müddət əvvəl analitik.az xatırladıb ki, Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları ölkə Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb.
Eləcə də, 1997-ci ildən qüvvədə olan "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunda da hər kəsin sağlam həyat sürmək haqqının olduğu vurğulanır. Bütün bunlar əhalinin doğru tibbi xidmət almaq imkanları əldə etməsinə kifayət etmir. Nəticədə insanların çoxu həkimə etimadsızlıqdan əziyyət çəkir, bəziləri isə xarici ölkələrdə həkim axtarışına çıxırlar. Son illər məhkəmə çəkişmələrinin bir qismi xəstə və ya xəstə yaxınlarının hansısa həkimi ittiham etməsi ilə bağlıdır. Çox halda iddiaçı tərəflər haqsız duruma düşür və ya əksinə həkim, tibbi personalın işi dərin araşdırılmır. Bir sözlə, "təmiz" və təqsirkar tərəflərin ortaya çıxması uzanır. Halbuki, dünya praktikasında "malpraktis" adlı hüquqi termin işləyir. Bu termin həkim səhlənkarlığı, məsuliyyətsizliyini ehtiva edir. Başqa sözlə, təqsiri təsdiqlənən həkim mütləq cəzasını alır. Bu işindən uzaqlaşdırılmaq, fəaliyyətini məhdudlaşdırmaq, hətta həbs cəzası ilə yekunlaşa bilər. Həkim lazım gələrsə, maddi, mənəvi zərərin təzminatini da ödəməlidir. Yaxud, əksinə xəstə həkimi nahaqdan təqsirləndirirsə, onun da qarşı tərəfə külli miqdarda mənəvi zərər üçün pul ödəməsi qəbul olunub. Bizdə bu zamana qədər hər hansı həkimin ciddi cəzalandığının şahidi olmamışıq. Yalnız töhmət və müvəqqəti işdən azadolmalar haqqında eşitmişik. Məhz bu cəzasızlıq indiki özbaşnalıq və xəstələrin incidilməsinə gətirib çıxarır. Təkcə Səhiyyə Nazirliyinin nəzdində tibbi komissiya fəaliyyət göstərir. Onun da nə dərəcədə şəffaf işləməsi göz qabağındadır.
Hətta ölkə rəhbəri 2008-ci ildə Dövlət Tibbi Sığorta Ağentliyinin yaradılması barədə sərəncam da imzalayıb. Nəticə isə yoxdur. 6 il keçsə də, hələ də müvafiq agentliyin
harada yaranmasının mübahisələri gedir. Onun Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərməsi sual altındadır.
Tibbi sığortanın tətbiqi ilə bağlı araşdırmalar aparan iqtisadçı-ekspert Azər Mehdiyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi mürəkkəb mexanizmdir: "Buna baxmayaraq, tətbiqi vacibdir. İndi səhiyyə sistemindəki böhran, problemlər göz qabağındadır. Amma əhali tibbi sığortaya cəlb edilsə, bu, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Həkim xəstə arasındakı problemlərin çözülməsini asanlaşdıracaq. Son illər Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər artıb. Vətəndaşlar üçün müalicə xərcləri həddindən artıq baha başa gəldiyi üçün, icbari tibbi sığortanın tətbiq olunması vacib amilə çevrilir. İcbari tibbi sığorta tətbiq olunarsa, dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliliyi baxımından çox vacib və əlverişli olar. İnsanlar istər dövlət xəstəxanalarında, istərsə də özəl xəstəxanlarda pulsuz xidmət əldə edə bilərlər. Müvafiq sığorta şirkətlərində xəstənin müalicə, müayinə prosesi sənədləşdirildiyindən, həkim məsuliyyəti, diqqəti də artmış olar".
Ekspertin fikrincə, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalı, həkimlərə sığorta təşkilatının nəzarəti olmalıdır: "Tibbi sığortanın növbəti ildən başlayaraq tətbiqi üçün proqnozlar müxtəlifdir. Birmənalı bilmək lazımdır ki, bu islahatlar çox mürəkkəb prosesdir. Bununla yanaşı, bir məsələ də var. İşləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq
dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir".
Göründüyü kimi, tibbi sığorta məsələsinin reallaşması ilə bağlı hələ də cavabını gözləyən çoxsaylı suallar var. Bunların başında isə bu məsələ ilə məşğul olacaq qurumun necə fəaliyyət göstərəcəyidir.
Şübhəsiz, Şirəliyev həmin qurumun öz nazirliyinə tabe olmasını çox istəyərdi. Amma bu istəyin gerçəkləşib-gerçəkləşməyəcəyi ciddi şübhə altındadır. Əvvəla, hazırda bu məsələ Nazirlər Kabinetində müzakirə edilir və görünə odur ki, tibbi sığorta ilə bağlı ayrılacaq milyonlarla manatın kimin nəzarətində olmasına baş nazir Artur Rəsizadə qərar verəcək. Rəsizadənin qərarının necə olacağına dair isə konkret söz demək çətindir.
Digər tərəfdən, tibbi sığorta ilə bağlı maliyyənin ayrılmasında bir başqa önəmli nazirin - maliyyə naziri Samir Şərifovun da öz maraqlarının olduğu istisna edilmir. Bildirilir ki, Şərifov haqqında sərəncam verilməsinə rəğmən 6 ildir yaradılmayan qurumun Şirəliyevin nazirliyi tərkibində fəaliyyətinə sıcaq baxmır, bu qurumun müstəqil olmasını istəyir. Əks halda maliyyə nazirinin tibbi sığorta üçün lazım olan vəsaitin ayrılmasına asanlıqla icazə verməsi qeyri-real görünür.
Bir sözlə, ortada on milyonlarla manatın gələcək taleyi var, həmin pulun isə kimin nəzarətində olması məsələsinedə bəzi oliqarxların maraqları toqquşur. İstisna deyil ki, bu ilin sonu, yaxud gələn ilin əvvəllərində həmin maraqların toqquşmasından kimin qalib çıxacağı da məlum olsun.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53