Ağıl və azadlığın siyasətə qurban getdiyi zaman
12:33 16-10-2014
İQTİSADİYYAT
Ağıl və azadlığın siyasətə qurban getdiyi zaman
Avrasiya İqtisadi Birliyi (AİB) Ermənistanı öz sıralarına qəbul edib. Bununla bağlı Minskdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın dövlət başçıları arasında müvafiq sənəd imzalanıb.
Beləliklə, Rusiya, Belarus və Qazaxıstanla bahəm Ermənistan da 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvünə çevrilib.
Bu yaxınlarda AİB-ə Qırğızıstanın da qatılacağı gözlənilir.
Fəqət Ermənistanın üzvlük məsələsi asan olmayıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsi nizamlanmadığı və ən başlıcası, Ermənistan işğalçı korpusunu Azərbaycan ərazisinin 20 faizlik hissəsindən çıxarmadığı üçün Yerevanın AİB-də təmsil olunmasına çox soyuq münasibət bəsləyirdi.
Astana mövqeyini dəyişməsə də, Ermənistan qarşısında qoyduğu şərtlərin yerinə yetirilməsinə nail olub.
"Ermənistana ünvanladığımız sualla bağlı kompromisə nail olduq. Ermənistan quruma öz sərhədləri daxilində qoşulur. Bu baxımdan Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılmasında bir problem görmürəm", - Nursultan Nazarbayev bildirib.
Qazaxıstan prezidentinin Ermənistanla bağlı sərtliyi anlaşılandır. Dağlıq Qarabağı və Azərbaycanın daha bir neçə rayonunu işğal edən, terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıraraq şovinizm və ifrat millətçilikdən qurtula bilməyən Yerevanın davranışlarının müəyyən çərçivəyə salınmasına zərurət duyulur. Rusiya hamilik, daha doğrusu, tam idarə etdiyi ermənilərlə hələlik sərt davranmaq istəmədiyindən geosiyasi maraqlarının təminatı naminə Yerevanı mühafizə edir.
Rusiyanın hakimiyyət dairələrinin mənsublarının açıqlamalarına və Moskva mediasına inansaq, MDB çərçivəsində yaradılan Gömrük İttifaqının inteqrasiya planlarında Ermənistan yox idi. İlk əvvəl vurğulanırdı ki, Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinin inkişaf ideyasının kökündə təşkilatın inteqrasiya müstəvisinin Türkiyə, Monqolustan və Çin vasitəsilə postsovet məkanından kənara çıxmaq planları dururdu.
Ermənistan, illah da Qırğızıstanın AİB-ə qatılması ümumiyyətlə nəzərdən keçirilmirmiş. Fəqət, bir qədər keçdi və Ermənistan, Qırğızıstan və Tacikistanın da yeni qurum vasitəsilə Moskvanın tam təsir dairəsində qalması məsələsi gündəmə gətirildi.
Lakin daha sonra Moskvanın planları dəyişdi və analitiklər AİB formatına Ukrayna, Türkiyə və Azərbaycanın daxil olunmasını daha məqbul variant saydılar. Belə olsaydı, Rusiyanın postsovet məkanındakı yeni təşəbbüsü daha diversifikasiya olunmuş struktura çevrilərdi və strukturda Moskvanın dominantlığı aşkar nəzərə çarpmazdı. Belədə AİB nisbətən normal layihə təsiri bağışlayaraq Çin və Monqolustanla da assosiativ üzvlüklə bağlı müqavilə imzalamaq şansları qazanardı.
Analitiklərin dedikləri nəzərə alınmadı və sonucda Rusiya, Qazaxıstan və Belarusun yaratdıqları kimi təqdim edilən struktura Ermənistan daxil olundu.
Serj Sarkisyan rejiminin idarə etdiyi Ermənistanın iqtisadi və maliyyə durumu isə acınacaqlı olduğundan Rusiyanın erməniləri Avrasiya İqtisadi Birliyində görmək istəyi sırf siyasi vəsilələrlə bağlıdır. Məsələn, Ermənistanın ixracatının ümumi həcmi 1,4 milyard dollardırsa, Rusiyadakı ermənilərin vətənlərinə yolladıqları pulun illik həcmi 1,8 milyard dollar təşkil edir.
Ona görə də Ermənistanın AİB-ə qatılmasının əsas səbəblərindən biri Rusiyada ermənilərə tətbiq olunan miqrasiya qaydalarının bir qədər sadələşdirilməsi, habelə kapital axınının tənzimlənməsidir.
Ancaq Moskva və Yerevanın istəkləri belə, iki ölkə arasında kapital-miqrasiya müstəvisindəki problemi aradan qaldırmır. AİB formatındakı qarşılıqlı fəaliyyət və təmaslar üzv ölkələr arasında mütləq şəkildə yeni problemlər yaradacaq: strukturun mexanizmlərinin işlək hala düşməsinə hələ çox var. Ermənistan kimi de-fakto zəif və suverenliyi ilə iqtisadiyyatı yalnız kağız üzərində olan ölkələrin quruma qatılması Rusiyanın xərclərini daha da artıracaq.
Ermənistanın quruma qatılmasını inteqrasiya adlandıran Serj Sarkisyan rejimi qərarın neqativ iqtisadi ünsürləri barədə danışmaq istəmir və bu, Yerevandakı kleptokratik rejim üçün adi davranış halıdır.
Rusiya bütün bunları bilir və ona görə də AİB-i sırf iqtisadi əməkdaşlıq strukturu hesab etmədiyindən Yerevanı yanına alır. Çünki söhbət yalnız maliyyə və ya iqtisadiyyatdan getsəydi, AİB-ə Belarusun belə, qatılması şübhə altında olardı.
Göründüyü kimi, Ermənistanın AİB-ə, yəni Avrasiya İqtisadi Birliyinə ineqrasiya istəklərində siyasi motivlər tam üstünlük təşkil edir. Geosiyasi baxımdan Ermənistan yerləşdiyi Cənubi Qafqaz regionunda Rusiya üçün "Şimal-Cənub" və "Qərb-Şərq" istiqamətlərindəki nəqliyyat dəhlizləri baxımından əsla önəm daşımasa da, İran və Türkiyə arasındakı strateji sahədə Moskvanın mövqelərini qoruyur.
Ermənistanı AİB-ə qatmaqla Rusiya Gürcüstanın "arxa düşərgəsi"ndə yer alır, İran və Türkiyə ilə quru sərhədinə malik olur.
İqtisadi və siyasi kollaps astanasında olan Yerevan rejimi Rusiyanın "təklif"ini, sadəcə, qəbul etməyə bilməzdi. Moskva ermənilərə uzunmüddətli perspektivdə yardımlar və dəstək vəd etdiyindən S.Sarkisyan iqtidarı fürsətdən yenə də yararlanmaq fikrinə düşərək ölkənin müstəqilliyinin kiçik qalıqlarını AİB-ə bağışlayıb.
Ermənistanın çıxış yolu yoxdur. Yerevana pul, siyasi və hərbi dəstək, resurslar gərəkdir.
Moskva da dərk edir ki, AİB-ə inteqrasiya adı ilə ermənilərə yeni imtiyazlar, yardımlar və dəstək verilməzsə, Yerevan Qərbə doğru meyllənəcək ki, sonucda Rusiyanın maraqları üçün regional səviyyədə bəlli risklər yaranacaq.
Moskva həm də Qərbə mesaj verərək postsovet məkanında başladığı "inteqrasiya" proseslərinə maneələr yaradılacağı təqdirdə daha sərt addımlara əl atacağına işarə vurur.
Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv edildi və indi növbə Qırğızıstandadır.
Yerevandan sonra Bişkəkin də AİB-ə qatılacağı təqdirdə, Rusiyanın yeni layihəsi uğursuzluq klubuna çevrilə bilər.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53