Azərbaycanda yuvenal ədliyyənin tətbiqi niyə yubanır?

Ekspertlər deyir ki, bizdə uşaqların cinayət törətməsinin başlıca səbəbi ailə və təhsil müəssisələrinin uşaqlar üzərində nəzarətsizliyidir

17 yaşlı Məhəmməd (ad şərtidir) mobil telefon oğurluğuna görə 5 il azadlıqdan məhrum edilib və yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində saxlanılan 30 uşaqdan biridir. Azadlığa çıxmasına isə hələ 4 ilə yaxın vaxt var. Amma onun da digər məhkum həmyaşıdları kimi bir arzusu var - "Azadlıq istəyirəm. Azadlıqda buradan fərqli olaraq, ürəyim istəyini edə bilirəm", - Məhəmməd deyir.

O, ötən il həmyaşıdları Ramin və Coşquna qarşı soyğunçuluq edərək onlardan birinin mobil telefonunu ələ keçirdiyi üçün saxlanılıb və barəsində həbs qərarı çıxarılıb. O zaman 16 yaşı olan Məhəmməd Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 5 ilə endirib.
Uşaq Hüquqları Klinikası Məhəmmədi uşaq hüquqlarını yaxşı bilən vəkillə təmin edib və onun hüquqlarının məhkəmədə müdafiə olunması üçün vəkillə müqavilə bağlanıb.
Klinika məhkəməyə Məhəmməd Miriyevin alternativ tədbirlərə yönəldilməsi ilə bağlı məktub təqdim edib. Amma Məhəmmədin alternativ tədbirlərə yönəldilməsi barədə qərar çıxarılmasına nail ola bilməyib.
Məhəmmədin törətdiyi hüquq pozuntusu zamanı zərərçəkmiş uşaqların həyatına heç bir ziyan dəyməyib. Məhkəmə 50 manatlıq dəyəri olan telefona görə 16 yaşlı yeniyetməni 8 illik cəzaya məhkum edib. Bununla da uşaq hüquqları haqqında qanunvericiliyin və Azərbaycanın da qoşulduğu "Uşaq Hüquqları haqqında" Konvensiyasının tələblərini pozub.
Nə yazıq ki, Məhəmməd tək deyil. Kiçikli-böyüklü səhvləri ilə taleyinin səmtini dəyişən o qədər yeniyetmə var ki...

Ailə tərbiyəsi
görməyənlər...

Təkcə uşaq tərbiyə müəssisəsində müxtəlif cinayətlərə görə məhkum olunmuş 30 yeniyetmə var. Onlar xuliqanlıq, oğurluq, adamöldürmə, nakotiklərin qanunsuz dövriyyəsi cinayətlərinə görə tutulublar. Uşaqlar arasında ağır cinayətlərə görə məhkum olunanlar daha çoxdur.
Onların arasında normal ailədən çıxanlar da var. Amma valideynlərindən biri olmayan, maddi sıxıntısı olan ailələrdən olanlar, ailə tərbiyəsi görməyənlər çoxdur. Uşaqlar törətdiyi cinayətlərin təhlükəlilik dərəcəsindən, məsuliyyətə cəlb ediləcəklərindən məlumatsızdırlar.

Qanun hansı halda uşaqların azadlıqdan
məhrum edilməsini mümkün sayır?

Cinayət Məcəlləsinə görə, uşaqlar 16 yaşından cinayət məsuliyyətinə cəlb oluna bilər. Lakin ağır cinayətlərdə uşaqlar üçün cinayət məsuliyyəti 14 yaşdan başlayır.
14 yaşı tamam olmuş uşaqlar qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ağır dərəcəli zərər vurma, zorlama, soyğunçuluq, quldurluq, adam oğurluğu, seksual xarakterli zorakılıq hərəkətləri, hədə-qorxu ilə tələb etmə, talama məqsədilə qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, terrorçuluq, adamları girov götürmə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağırlaşdırıcı hallarda xuliqanlıq, odlu silah, döyüş sursatı, partlayıcı qurğuları talamaq və ya hədə-qorxu ilə tələb etmə, narkotik vasitələri və ya psixotrop maddələri talama və ya hədə-qorxu yolu ilə tələb etmə, nəqliyyat vasitələrini və ya yolları yararsız hala salmağa görə cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Azərbaycanda
qeydə alınan
cinayətlərin 4 faizi
uşaqlar
tərəfindən törədilir

Rəsmi statistikaya görə, Azərbaycanda qeydə alınan cinayətlərin 4 faizini uşaqların törətdikləri cinayətlər təşkil edir.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov nazirliyin sonuncu kollegiya iclasında çıxışı zamanı bildirib ki, son 1 il 6 ay ərzində 117 cinayət törətmiş 124 yetkinlik yaşına çatmayandan ibarət 41 qrup zərərsizləşdirilib, 729 cinayət törətmiş 756 azyaşlı müəyyən edilib.
Onun sözlərinə görə, bu müddət ərzində müxtəlif qanun pozuntularına və nəzarətsizliyə görə polis orqanlarına, xususi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 7890, o cümlədən dilənçilik edən 985 azyaşlı, eləcə də uşaqları qanunazidd fəaliyyətə cəlb edən və cəmiyyətə zidd həyat tərzi keçirən 297 valideyn gətirilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Orta statistik məlumatlara görə. Azərbaycanda hər il qanun ilə ziddiyyətdə olan təxminən 400 azyaşlı qeydiyyata alınır. Rəsmilər qeyd edir ki, Azərbaycanda bu sahədəki vəziyyət postsovet ölkələri ilə müqayisədə daha nümunəvidir. Belə ki, Rusiyada hər 100 min əhaliyə düşən cinayətlərin sayı 10, Ukraynada 7.5, Belarusda 9, Tacikistanda 2 dəfə çoxdur.
Cinayət törədən uşaqların əksəriyyəti 16-17 yaş kateqoriyasındadır. Uşaqlar tərəfindən törədilən cinayətlərin 60-65 faizi, bəzən 70 faizi əmlak xarakterli cinayətlərdir.
Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov isə qeydə alınan cinayətlərin 4 faizinin uşaqlar tərəfindən törədilən cinayətlər olması barədə göstəricinin reallığı əks etdirmədiyi qənaətindədir. "Rəsmi statistika polis şöbələrinə daxil olan müraciətlər və qeydə alınan cinayətlər əsasında aparılır. Çox hallarda hüquq pozuntusuna yol verən uşaqların statistikası aparılmır. Bir çox hallarda uşaqlar tərəfindən işlənilən cinayətlər valideynlər və müəllimlər tərəfindən gizlədilir. Bu, həmin insanların maraqlarına cavab vermir. Çünki heç kəs istəmir ki, qapısına polis gəlsin", - Seyidov deyib.
Onun sözlərinə görə, uşaq müdafiə sisteminin düzgün təşkil edildiyi ölkələrdə bu sahədəki statistika daha düzgün hazırlanır. Azərbaycanda uşaq müdafiə sisteminin günün tələblərinə cavab vermədiyini deyən ekspertin sözlərinə görə, rayon, şəhər icra hakimiyyətlərində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar və qəyyumluq, himayəçilik orqanlarının fəaliyyətləri bu gün uşaqlarla keyfiyyətli iş aparmağa imkan vermir. "Bu günün uşağının informasiyaya çıxış imkanı genişdir. Bunun qarşılığında həmin orqanların 2 nəfər işçisinin otaqda oturmaqla hansısa bir rayonda 20 min uşağa xidmət göstərməsi qeyri-mümkündür. Əgər biz müasirləşən uşağın qarşısına müasir metodlarla çıxa bilmiriksə, deməli, uşaq cinayətkarlığına, onların zorakılığa məruz qalmasına, internatlara düşməsinə, küçə həyatı yaşamasına uduzuruq. Qəyyumluq, himayəçilik orqanlarının və yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyətinin düzgün qurulması üçün islahatlara ehtiyac var. Onların fəaliyyəti müasir dövrün tələblərinə uyğun təşkil olunmalıdır", - o bildirib.

Uşaqlar arasında
cinayətkarlığın səbəbləri: sosial problemlər,
məişət zorakılığı...

Ekspertlər deyir ki, Azərbaycanda uşaqların cinayət törətməsinin başlıca səbəbi kimi ailə və təhsil müəssisələrinin uşaqlar üzərində nəzarətsizliyi və baxımsızlıq çıxış edir. Rəsmi məlumatlara görə, cinayət törədən uşaqların 60-70 faizini işləməyən, oxumayan uşaqlar təşkil edir.
Digər səbəb sosial problemlərdir. Nabil Seyidov hesab edir ki, ailələrin maddi durumu, ailədəki sosial çətinliklər valideynlərin övladlarına lazımi diqqət, qayğı göstərməsinə, onların düzgün tərbiyə olunmasına imkan vermir. Diqqətdən, qayğıdan məhrum olan uşaqlar kənar təsirlərə tez düşür, kriminal qruplaşmalara qoşulurlar.
Uşaq hüquqlarının təmin edilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyir ki, əsas problemlər küçə uşaqları, uşaq evlərindən çıxan uşaqların üzləşdikləri çətinliklərin, o cümlədən məşğulluq və yaşayış yeri ilə təmin olunma problemlərinin həlli, erkən nikahların nəticəsi kimi bəzi məktəbyaşlı qızların təhsildən kənarda qalması, ailə daxilində uşaqlara qarşı şiddət halları və s. ilə bağlıdır.
Komitə bu mövqedədir ki, problemdən əsas çıxış yolu olaraq 18 yaşına çatmış uşaq internatdan çıxarkən müvafiq peşəyə yiyələnməli və onun cəmiyyətə inteqrasiyası təmin edilməlidir.
Təhsil müəssisələrində uşaq psixoloqlarının zəif fəaliyyətinə diqqəti yönəldən N.Seyidov bildirib ki, onların əksəriyyətinin fəaliyyəti günün tələblərinə cavab vermir. Məktəb psixoloqu qismində təsadüfi adamlar işə götürülür. Həmçinin, Azərbaycan ailəsinin psixoloqa müraciət etməsi ilə bağlı problemlərin olduğunu deyən Seyidov bildirib ki, psixoloqa müraciət olunması yanlış qəbul olunur və bir çox ailələr hesab edir ki, yalnız dəlilər psixoloqa müraciət edirlər.
Ekspert valideyn-müəllim əməkdaşlığının çox zəif olduğunu və bunun nəticəsində də valideynlərin uşaqlarının təhsil həyatından kənarda qaldığını deyir. Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında uşaqların hüquqi məsuliyyətini dərk etməməsini də ekspert vacib amil kimi qeyd edir.
Uşaq cinayətkarlığını yaradan səbəblər sırasında məişət zorakılığının ön sıralarda yer aldığını deyən Seyidov qeyd edib ki, ailələrdə və cəmiyyətdə uşaqlara qarşı zorakılıq halları yayılıb.
"Valideynlər hesab edirlər ki, uşağa fiziki qüvvə tətbiq etmək, döymək zorakılıqdır. Onlar psixoloji, cinsi zorakılığı qəbul etmirlər. Bu zorakılıq nəticəsində qəddarlaşan uşaq aqressiv olur, cinayətə meyilli olur", - o deyib.
Uşaqların törətdikləri cinayətə görə qanunun verdiyi cəzanın müddəti bəllidir - 5-10 il. Lakin bu cəza sisteminin onların mənəviyyatına, düşüncəsinə vurduğu zərərdən isə bütün ömürləri boyu xilas ola bilmirlər. Bəs nə etməli, çıxış yolunu harada axtarmalı?
Yeniyetmələrin, uşaqların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə alimlər və hüquqşünaslar arasında fərqli yanaşmalar var. Bir qismi hesab edir ki, qanunun qüvvəsi cinayət törətmiş uşaqlara qarşı yönələrsə, bu, müsbət nəticə verər. Bir qismi isə düşünür ki, əksinə, bu, yeniyetmələri cinayətə daha da sövq edə bilər, onların bir şəxsiyyət kimi formalaşmasına, psixologiyasına mənfi təsir edə bilər.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının "Azərbaycanda Yuvenal Ədliyyənin icrasına dair" monitorinq hesabatında qeyd olunur ki, prokurorlar, vəkillər və hakimlər yetkinlik yaşına çatmayanların işlərinin araşdırılmasına çox az maraq göstərir, prokurorlar və vəkillər məhkəməyə vaxtında çıxmır.
Dövlət büdcəsi hesabına təyin olunmuş vəkillər yetkinlik yaşına çatmayanları öz iradəsi əleyhinə müdafiə edirlər. Eləcə də yetkinlik yaşına çatmayanlar bildirirlər ki, dövlət tərəfindən təyin olunmuş vəkillər sadəcə ərizələri gözdən keçirir və onların müdafiəsini lazımi səviyyədə təşkil etmirlər. Hakimlər tərəflərə az məlumat verərək və ya heç bir xəbərdarlıq etmədən məhkəmə dinləmələrini dayandırır, təxirə salır və ya davam etdirir.

(ardı sabahkı sayımızda)

Könül Zərbalıyeva