AXCP-dən Müsavata transferlər olacaq


AXCP-dən Müsavata transferlər olacaq

Arif Hacılı Əli Kərimlidən incik düşənləri öz ətrafında birləşdirmək üçün plan cızır

AXCP sədrinin müşaviri Şakir Abbasovun istefasının yaratdığı ajiotaj həl də səngimək bilmir. "Unikal"ın məlumatına görə, Ş.Abbasov partiya daxilində baş verən oyunlar barədə ilginc faktlar açıqlayıb.
Keçmiş müşavir partiya rəhbərliyində milli maraqları şəxsi mənafelərinə qurban verənlər tərəfindən ələ keçirildiyini bildirib: "Təəssüf ki, partiyamız gəldi belə adamların əlinə düşdü. Partiya pul düşkünlərinin, sui-istifadə edənlərin, şəxsi mənafe güdənlərin əlinə düşdü. Mən buna çox yandım, dedim gəlin, bu yolu düz gedək, bu yol ağır yoldur, bizim mübarizəmiz nə kolxoz sədri, nə sovxoz direktorudur, bizim böyük mübarizə yolumuz var. O vaxt biz müstəqillik əldə edəndən sonra rəhmətlik Elçibəy dedi ki, Azərbaycana bir də inqilab lazım olacaq. Dedim gəlin bu yolu gedək. Baxıb gördüm ki, əşi, yox e, burda başqa məsələlər var. Hətta onların qarşısında özümü 60 yaşında yox, bəlkə də 30-35 yaşında olan gənc kimi apardım, meydana girdim, döyüşdüm, getdim 60 yaşında türmədə yatdım".
"Müsavat Partiyasından dəvət olsa, gedərsiniz?" sualına isə Ş.Abbasov "Əlbəttə, gedərəm, niyə getmirəm? Ona görə ki, mən Müsavat Partiyasının apardığı xətti də, yolu da, onların işini də görürəm. Müsavatın qurultayına da getmişdim. Qurultaya gedəndən sonra mənim üstümdə çox söhbətlər oldu ki, niyə getmisən? Dedim necə yəni, bəlkə düşmən qapısına getmişəm. Dəvətnamə veriblər, çağırıblar getmişəm. Məndən başqa da orda adamlar var idi", - deməsi AXCP funksionerinin Müsavat Partiyasına üzv olacağına ilkin mesaj kimi qəbul oluna bilər.
Ancaq AXCP rəhbərliyi partiyadan kənarlaşanlara qarşı qara piar kampaniyasını davam etdirir. Belə ki, dünən sədrin müşaviri olan şəxsi bu gün qeyri-ciddilikdə ittiham edirlər. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib ki, Şakir Abbasovun müsahibəsindəki fikirlərini qeyri-ciddi hesab edir. F.Qəhrəmanlının sözlərinə görə, Ş.Abbasovun müsahibəsi ilə tanışdır: "Biz Şakir Abbasovun fikirlərini ciddiyə alsaydıq, çox güman ki, ona münasibət açıqlayardıq. Ciddi olmayan fikirlərə münasibət verilmir".
Amma bu prosesdə maraqlı məqamlar da üzə çıxıb. Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Xalq Cəbhəsi partiyasının sabiq müşaviri Şakir Abbasovun müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Arif Hacılı deyib ki, o, Şakir Abbasovu döyüş bölgəsində keçdiyi yoldan və həbsxanadan tanıyır: "Onunla döyüş bölgələrində, hakimiyyətdə, hətta Bayıl həbsxanasında da birgə olduğumuz məqamlar olub. Onun Müsavat üzvləri ilə əvvəllər də yaxşı münasibətləri var idi". "Şakir Abbasov Müsavat partiyasının qurultayında iştirak etdiyi üçün AXCP rəhbərliyi tərəfindən danlaq alıb" fikrinə Arif Hacılının cavabı belə olub: "Qurultayda onun və digər Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvlərinin iştirakı təbiidir. Siyasi münasibətlər baxımından normaldır. Bu, qınanmalı bir əməl deyil".
"Unikal"ın əldə etdiyi məlumata görə, Arif Hacı AXCP-də yaranan bu boşluqdan yararlanmağa çalışır. Bizi bilgiləndirən şəxs deyir ki, Müsavat başqanı AXCP-dən bir neçə tanınmış simanı da qoparmağı planlaşdırır. Artıq bir neçə partiya funksioneri ilə danışıqlar da aparıb. O, yeni başqanlıq dönəmində onlara Müsavatda daha yüksək vəzifə vəd edərək, transferi həyata keçirməyə çalışır. Hər halda, yaxın günlərdə bunun şahidi olacaqsınız.
Qərib Gərayzadə