Siyasi maarifləndirmə; Gənclərin dövlət idarəçiliyində rolunu artırmaq prioritetdir
11:47 22-10-2014
SİYASƏT
Siyasi maarifləndirmə; Gənclərin dövlət idarəçiliyində rolunu artırmaq prioritetdir
Mehman Muradlı: "Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub"
Azərbaycanda siyasi maarifləndirmə, insan hüququ və azadlıqlarının təmini sahəsində mühüm işlər görülür. Dövlətin gələcəyi olan gənc nəslin siyasi, mədəni maariflənməsi üçün də bir sıra tədbirlər həyata keçirilib.
Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir.
Bu barədə fikirlərini bizimlə bölüşən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyin sədri Mehman Muradlı deyib ki, gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub: "Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Bu səbəbdən 2 fevral — Azərbaycan gəncləri günü kimi qeyd edilir. Məhz 2 fevral 1996-cı ildə ümummilli lider, mərhum prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gənciliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu öndər tədbirdə şəxsən iştirak edib.1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti 5 mühüm istiqaməti ehtiva edirdi".
Müsahibimiz qeyd edib ki, milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək lazımdır. Onun fikrincə, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq ümummilli liderin müəyyən etdiyi strateji hədəflər olub: "Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 19 dekabr 2011-ci il tarixdə yaradılmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər".
M.Muradlı onu da nəzərə çatdırıb ki, bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır: "Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi zərurəti yaranmışdır. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir".
Məlumat üçün bildirək ki, Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;
- gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;
- gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
- əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;
- dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;
- gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
- gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
- gənc ailə institutunun möhkəmləndirilməsi;
- gənclərin məlumatlılığının artırılması;
- gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;
- gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;
- gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;
- gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;
- gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
- gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;
- gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;
- gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
- gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
- gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.
Müsahimiz son olaraq onu da vurğulayıb ki, Dövlət proqramında nəzərdə tutulan işlərin əksəriyyəti yerinə yetirilib. Onun sözlərinə görə, bu məsələdə cənab prezident İlham Əliyevin qayğısı danılmazdır.
Digər Xəbərlər
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13