Hüquqi savadsızlıq məktəbdən başlayır
11:31 23-10-2014
SİYASƏT
Hüquqi savadsızlıq məktəbdən başlayır
Elmina Kazımzadə: "Orta ümumtəhsil məktəblərində hüquqi biliklərlə bağlı ümumi anlayışların tədrisi olduqca zəruridir"
İnsan hüquqlarının təmin edilməsi üsullarından danışarkən, təhsil kimi mühüm bir vasitəni heç cür nəzərdən qaçırmaq olmaz. Təhsil vasitəsilə insan öz hüquqlarını tanıyaraq şüurlu surətdə bunları əldə etməyə çalışır, icrasına nail olur. Elə "öz hüququnu tələb et" sözünün kökündə də, insanın öz hüquqlarını bilməsi, bu sahədə maarifli olması dayanır. Təhsil müəssisələrində insan hüquqlarının öyrədilməsinin əsas məqsədi azad, özünün və başqa insanların ləyaqətini dərk edən, möhkəm mənəvi keyfiyyətlərə və səmərəli həyat yaşamaq bacarığına malik şəxsiyyətlər tərbiyə etməkdən ibarətdir. Bəs görəsən Azərbaycanda necə, insan hüquqlarının tədrisi sahəsində vəziyyət necədir? Azərbaycanın gələcəyi olan uşaqlar, gənclər, orta və ali məktəblərdə hüquqlarının nədən ibarət olduğunu öyrənə bilirlərmi?
Bu suala cavab tapmazdan öncə qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" üzrə Təhsil Nazirliyinin tədbirlər planı var. Həmin planda 1-ci bənddə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcbüri köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda iş davam etdirilməlidir. BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində təhsil", BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun "Davamlı İnkişaf naminə təhsil" onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanmalıdır. Tədbirlər Planında orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu planda məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi də öz əksini tapıb. İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi,kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi kimi tədbirlərin həyata keçirlməsi də ölkə başçısının təsdiqlədiyi tədbirlər planında şərt kimi qoyulub.
Azərbaycanda insan hüquqları ayrıca tədris edilməsə də, kurikulumun tətbiqi artıq orta məktəb dərsliklərində insan hüquqlarını əks etdirən materialların daxil edilməsinə gətirib çıxardıb. Amma bununla belə, hələ də tam orta təhsili olan insanlar arasında öz bəsit hüquqlarından xəbərsiz olan kifayət qədər insan var. Bu isə orta məktəblərdə insan hüquqları ilə bağlı tədrisin elə də ürəkaçan olmadığı təsəvvürünü yaradır. Hüquqşunas Zülfiyyə Bayramova deyir ki, hər bir insan öz sadə hüquqlarını bilməli onu tələb etməyi bacarmalıdır: "Hər bir insan özü-özünün vəkili olmalıdır.Xarici ölkələrdə insanlar öz hüquqlarını o dərəcədə mükəmməl bilirlər ki, onlar yalnız məhkəməyə müraciət etdikdə, çətinə düşdükdə hüquqlarının müdafiəsi üçün vəkil tutur. Bizdə isə məhkəmə çəkişmələri göstərir ki, insanlar öz bəsit hüquqlarını belə bilmirlər".
Hüquqşunas bunun səbəbini ölkənin ümümtəhsil müəssisələrində insan hüquqları ilə bağlı tədrisin keçirilməməsi, dərs vəsaitlərinə bu barədə məlumatların salınmaması ilə bağlayır.
Z. Bayramova deyir ki, bunun üçün təhsil sahəsində müəllim və digər maarif işçilərinin hazırlığı
üçün proqram və tədris kurslarının keyfiyyətinin artırılması da daxil olmaqla, davamlı siyasətin hüquq – müdafiə qanunçuluğu normaları və strategiyalarının
birgə əsaslarla işlənməsi və qəbul edilməsinin zəruri olduğunu deyir. Onun sözlərinə görə, təhsil prosesinin baş verdiyi məktəb mühiti insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsinə və onların təbliğinə şərait
yaradır. O məktəbin bütün heyətinə şagirdlərə, müəllimlərə, işçilərə, müdiriyyətə və valideynlərə imkan verir ki, insan hüquqlarını real həyat fəaliyyətində tətbiq etsinlər. O həmçinin, uşaqlara məktəb həyatında fəal iştirak etməyə və öz fikirlərini azad şəkildə ifadə etməyə imkan yaradır.
Qeyd edək ki, beynəlxalq arenada insan hüquqlarının təhsildə tətbiqi ilə bağlı geniş təcrübə var. BMT insan hüquqları mədəniyyətinin formalaşmasında ən mühüm vasitələrdən biri kimi, təhsil müəssisələrinə ümid bağlayaraq 1988-ci ildən ictimaiyyətin insan hüquqları haqqında məlumatlanması üzrə Ümumdünya kompaniyası keçirib.1972-ci ildə qısa şəkildə "Beynəlxalq təhsil və tərbiyəyə dair tövsiyə" adlanan beynəlxalq sənəd qəbul edilib. Bu tövsiyədə YUNESKO məktəblərdə
qarşılıqlı anlaşma, insan hüquqları və sülhsevərlik ruhunda təhsilin və tərbiyənin əsas prinsiplərini müəyyən etmək öz əksini tapıb. 1994-cü ildə YUNESKO-nun üzv-dövlətlərinin təhsil nazirləri tərəfindən "Sülh, insan hüquqları və demokratiya ruhunda tərbiyə" adlı Bəyannamə qəbul olunub. Bəyannamənin əks etdirdiyi konsepsiyaya görə: insan hüquqları olmadan sülhü, sülhsüz isə insan hüquqlarını təmin etmək mümkün deyil;
demokratiyasız insan hüquqları, insan hüquqları olmadan isə demokratiya yoxdur. Sülh, insan hüquqları
və demokratiya fərdlərarası, qruplararası və dövlətlərarası münasibətlərə tətbiq olunur. YUNESKO-nun bütün üzv dövlətlərinin qəbul etdiyi fikir belədir ki, insan hüquqları konsepsiyası başlıca dəyər kimi mərkəzdə durur və bir-biri ilə uyğun gəlməli olan bütün digər komponentləri öz ətrafında qruplaşdırır.
Təhsil üzrə ekspert Elmina Kazımzadə deyir ki,bu gün orta ümumtəhsil məktəblərində hüquqi biliklərlə bağlı ümumi anlayışların tədrisi olduqca zəruridir: "Çünki dünyaya inteqrasiya etdikcə Azərbaycan cəmiyyətində hüquqi maariflənmənin aşağı səviyyədə olduğu aydın görünür, insanlar adi problemlərin həllində aciz qalırlar. Ya da elə situasiyalar baş verir ki, məhz zərərçəkən tərəfin hüquqi savadsızlığı ona yardım etmək imkanlarını çətinləşdirir. Yəni, məsələ məhkəmə müstəvisinə çatanda aydın olur ki, zərərçəkənin məlumatsızlığı onu qurbana çevirib. Zənnimcə, cəmiyyətdə bu cür neqativ halların aradan qaldırılması üçün ilk növbədə maarifləndirmə orta məktəblərdən başlanmalıdır. Belə olan təqdirdə, ictimaiyyət arasında həyata keçirilən hüquqi maarifləndirmənin də effekti olacaq. Etiraf etmək lazımdır ki, hazırda vətəndaşların hüquqi savadının artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilir. Lakin bu biliklərin bazası olmadığından aparılan maarifləndirmənin effekti çox aşağıdır".
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsindən verilən məlumata görə, hazırda orta məktəblərdə hüquqi maarifləndirmə ilə bağlı problem yoxdur: "Əslində bu sahənin qabardılmasına xüsusi ehtiyac yoxdur. Çünki "Azərbaycan Respublikasının Konstitusiyası", habelə "İnsan və cəmiyyət" fənlərində yeniyetmələrə müəyyən hüquqi bilgilər verilir. Təbii ki, dərslərinə diqqətlə yanaşan şagird həmin bilikləri həvəslə mənimsəyir və sonradan həyatına tətbiq edir. Bir məqamı da vurğulayaq ki, adıçəkilən hər iki fəndə toplanan materiallar yuxarı sinif şagirdləri üçün olduqca zəruridir və bu dərsliklər xüsusi mütəxəssislər tərəfindən tərtib edilib. Məsələn, "İnsan və cəmiyyət" fənninin ayrı-ayrı bölmələrində vətəndaşın həm ailəyə, həm cəmiyyətə, həm də yaxın ətrafına yanaşma forması təhlil olunur. Təbii ki, həmin təhlillərlə tanış olan yeniyetmənin də məsələyə öz baxışı var. Müəllimin başlıca vəzifəsi isə doğru və yanlış olmasından asılı olmayaraq, həmin yanaşmanı düzgün istiqamətə yönləndirməkdir".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35