Qeydiyyatsızların səsvermə problemi
15:16 25-10-2014
SİYASƏT
Qeydiyyatsızların səsvermə problemi
Bakıətrafı qəsəbələrdə yaşayanların mütləq əksəriyyəti bu bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edə bilməyəcək
Müstəqillik əldə edildikdən sonra demokratik institutların inkişafı ölkə vətəndaşlarının ictimai-siyasi fəaliyyətə qoşulmasına, bu fəaliyyətdə aktiv iştirak etməsinə şərait yaradıb. Bu özünü siyasi partiyaların yaradılmasında, qeyri-hökumət təşkilatlarının təsis edilməsində, başqaları ilə birləşməkdə, kütləvi toplantıların keçirilməsində, hüquq və azadlıqların məhkəmə təminatında və digər hüquqların əldə olunmasında büruzə verib. Lakin vətəndaş aktivliyinin ən miqyaslı təzahürü onların seçki prosesində iştirakıdır. Çünki seçki prosesi dövlətin idarə edilməsində, cəmiyyətin maraqlarına toxunan məsələlərin həllində iştirakın ən əlçatan, ən sadə və ən effektiv vasitəsidir. Yaşadığımız dövrdə seçmək və seçilmək hüququ əsas, fundamental vətəndaş hüquqlarından biridir. Konstitusiyamıza əsasən (1-ci maddə) Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyada ölkə vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ təsbit edilib. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad keçirilən seçkilərdə, habelə ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Dövlətimiz Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Seçki Məcəlləsi Milli Məclisin deputatlarının, ölkə Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir. Bu Məcəlləyə əsasən (12-ci maddə) (Konstitusiyanın 56-cı, Məcəllənin 14-cü maddələri) Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, qanunla (Seçki Məcəlləsi ilə) nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ, başqa sözlə aktiv seçki hüququ vardır. Ölkədə bələdiyyə seçkilərinin keçirilməsinə iki aya qədər vaxt qalıb. Yaxın vaxtlarda seçicilərin sayının dəqiqləşdirilməsinə start verilərək, siyahılar tərtib olunacaq. Amma Bakı ətrafında elə ərazilər var ki, orada minlərlə insan yaşasa da, onlar bu seçkidə də səsvermə prosesindən kənarda qalacaqlar. Çünki Bakıda xeyli sayda insan qeydiyyatsız yaşayır. Bu problemi əsasən Bakı ətrafında yeni salınan qəsəbələrdə məskunlaşanlara aiddir. Belə ərazilərin birində olarkən sakinlər bizimlə söhbət zamanı, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklərini etiraf etdilər. Masazır qəsəbəsinə yaxın ərazidə yerləşən adsız bir yaşayış massivində hazırda 20 mindən çox əhali yaşayır. Sakinlərin dediyinə görə, onların arasında çox az adamın Abşeron rayonunda qeydiyyatı var. Camaat burda ev-eşik tiksə də, müxtəlif rayonlarda pasport qeydiyyatındadır. İsmayıl Məmmədov adlı qəsəbə sakini bizimlə söhbətində bildirdi ki, bu seçkidə qəsəbədən çox az sayda adam səsvermədə iştirak edəcək:«Beş il bundan əvvəl də Milli Məclisə seçkilər keçirilən ərəfədə burada qapı-qapı düşüb imza toplayırdılar. Kimin qapısını döyürdülər, heç kimin qeydiyyatı olmurdu. Bu qəsəbədə barmaqla sayılacaq qədər adamdan imza toplaya bildilər. Çünki burada yaşayanların mütləq əksəriyyəti rayonlarda qeydiyyatdadırlar. İş-güc dərdindən Bakıya gəliblər. Sonra da kirayədə qalmaq çətin olduğundan burada torpaq alıb, yavaş-yavaş ev tikiblər".
İ.Məmmədovun söylədiyinə görə, böyük bir qəsəbəyə çevrilən bu massivin salınmasından 12 il keçsə də, bu əraziyə hələ ad verilməyib: "Bu qədər əhalisi olan massivə bu günə qədər ad verən yoxdur. Dəfələrlə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişik. Bizə deyirlər ki, sizin yaşadığınız ərazinin bir hissəsi Abşeron, digər hissəsi isə Binəqədi rayonuna düşür. Bu massivə ad vermək üçün sərhədlər müəyyənləşdirilməlidir".
İ.Məmmədov qəsəbənin adsız qalmasının da əhalinin qeydiyyata düşməsinə əngəl törətdiyini söylədi: "Təzə məhəllə", "Turbalar" adlandırılan bu yaşayış massivinə rəsmi ad verilmir. Ona görə də əhali harada qeydiyyata düşəcəyini bilmir. Allah saxlamışlar gətirib küçələrə ad qoyub evləri nömrələyiblər. Di gəlki, bu boyda qəsəbəyə bir ad tapıb qoya bilmirlər. Qəsəbəyə gələn avtobusun da üzərinə "Yeni məhəllə", "Turbalar", «Cantəpə» yazılıb. Nə yaxşı ki, buradan su borusu çəkiblər. Heç olmasa, camaat həmin yeri nişan verməklə buraya gedib çıxa bilir. Tutaq ki, hər kəs qeydiyyatda olduğu rayondan pasport qeydiyyatından çıxdı. Buraya gəlib harada uçota düşəcək? Yaşadığımız yerdə qeydiyyata düşə bilmədiyimizdən, seçkilərdə də iştirak edə bilmirik".
Həmsöhbət olduğumuz digər sakinlər də bu qəsəbədə yaşasalar da, müxtəlif rayonlarda pasport qeydiyyatında olduqlarını bildirdilər. Onların sözlərinə görə, adları qeydiyyatda olduqları rayonların məntəqə seçki komissiyalarının siyahısındadır. Sakinlər bu problemi həll etmək üçün hökumətə təklif də verdilər: "Paytaxtda qeydiyyatsız yaşayanların bələdiyyə seçkisində səs vermədə iştirakını təmin etmək üçün hökumətin bizi yaşadığımız ərazilərdə uçota götürməsini təklif edirik. Burada yaşayanların hamısının evi var. Amma evə sənəd almaq xeyli xərc tələb etdiyindən, heç kim yaşadığı ərazidə qeydiyyata düşə bilmir. Yaxud da bizi yaşadığımız ərazinin icra nümayəndəsi uçota götürə bilər. Onda yeni salınan qəsəbələrdə yaşayanlar da öz ərazilərində yerləşən seçki məntəqələrində səs verə bilərlər".
Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılovun fikrincə, yeni yaşayış massivlərində qeydiyyatı olmayan seçicilərin səsvermədə iştirakını təmin etmək üçün, onlar həmin ərazilərdə uçota götürülməlidirlər. Daha sonra onların adları yaşayış massivinə yaxın yerləşən dairə seçki məntəqəsinə salınmalıdır. Bu halda pasport qeydiyyatında başqa ərazidə olan şəxs yaşadığı yerdə səs verə bilər. Bir sözlə qeydiyyatsız yaşayanların səsverməsi üçün bir qayda yaradılmalıdır. Amma artıq ekspert qeydiyyatsız yaşayanları uçota götürməyin də artıq gec olduğunu bildirdi. Onun sözlərinə görə, bunun üçün bir il əvvəldən qeydiyyatsız yaşayanların uçotu aparılmalıdır.
Qeyd edək ki, mövcud problem Bakıətrafı qəsəbə və kəndlərin çoxunda yaşanır. Bu gün Binəqədi rayonunun eyni adlıq qəsəbəsində minlərlə sakin səsvermə hüququndan məhrumdur. Qəsəbə sakini Esmira Nuriyeva deyir ki, bu səbəbdən də qəsəbənin bələdiyyəsini belə tanımır: "Bizim qəsəbənin bir sıra problemləri var. Amma biz seçkidən-seçkiyə bələdiyyəyə namizədlərlə görüşüb problemlərimizin həllini xahiş edə bilmirik. Çünki biz qəsəbənin qeydiyyatlı sakinləri sayılmırıq".
Həmsöhbətim deyir ki, onlar nəinki bələdiyyə, heç deputat seçkilərində də iştirak edə bilmirlər. Bu isə qəsəbənin problemlərinin illərlə qalması ilə nəticələnir.
Mərkəzi Seçki Komissiyasından da qanunla vətəndaşın səsvermə hüququnun yalnız pasport qeydiyyatında olduğu yerdə təmin edilməsinin mümkün olduğunu bildirdilər.
Göründüyü kimi bu bələdiyyə seçkisində minlərlə qəsəbə sakini səsvermə hüququndan istifadə edə bilməyəcək. Buna səbəb isə Bakıətrafı qəsəbələrdə yaşayan əhalinin əksəriyyətinin qeydiyyatsız yaşamağındadır.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35