Azərbaycan qanunvericiliyində və ictimai həyatda qadın hüquqları
12:23 28-10-2014
SİYASƏT
Azərbaycan qanunvericiliyində və ictimai həyatda qadın hüquqları
Qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi və qadınların problemləri ilə daha aktiv məşğul olmaq məqsədilə müxtəlif addımlar atılıb
Müstəqillik qazandıqdan sonra Azərbaycanda mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu daha da artmağa başlayıb. Azərbaycan BMT və ATƏT- in, 2001-ci ildə isə Avropa Şurasının üzvü oldu.Bu təşkilatların hər birinin tərkibində gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturlar var. Azərbaycan dövləti də bu qurumlara üzv olduğu vaxtdan həmin strukturların hər biri ilə sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikası 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına,1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nigaha daxil olma,nigaha daxil olmaq üçün minimal yaş həddi, nigahların qeydə alınması haqqında"1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002 –ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub. Azərbaycan Respublikası bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı,ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib.
Qeyd edək ki, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın 25-ci maddəsində deyilir ki,kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.İrqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən,siyasi partiyalara,həmkarlar ittifaqlarına və digər içtimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.İnsan və vətəndaş hüquqlarını irqi, milli,dini,dil,cinsi,mənşə,əqidə,siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.Bu prinsiplərin əsas məqsədi həyatın bütün sahələrində kişilərlə qadınların bərabər hüquqlara malik olmasından əlavə,həm də qadınların cəmiyyətin fəal və aparıcı üzvünə çevrilməsidir.
Ailə cəmiyyətin xüsusi özəyi və əsasıdır. Ailədə qadın ana kimi əsas aparıcı vəzifə daşıyıcısıdır. Uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsipinə uyğun olaraq birgə həll edilir. Nigaha daxil olduqdan sonra ər-arvad tərəfindən qazanılmış, əldə edilmiş əmlak onların ümumi şəxsi mülkiyyəti hesab olunur. Hal-hazırda qanunvericiliyə görə bir uşağa görə qazancın dörddə bir hissəsi,iki uşağa görə qazancın üçdə bir hissəsi,üç və daha çox uşağa görə isə qazancın yarısı aliment kimi tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğulliyət və iş yeri seçmək hüququ vardır. Qadınların və 16 yaşa qədər uşaqları olan çoxuşaqlı anaların əmək hüququ və sosial müdafiəsi Konstitusiyadan əlavə "Əmək Məcəlləsində","Məzuniyyətlər haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" və "Əhalinin məşğulluğu haqqında" qanunlarda da öz əksini tapıb. Əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi qadağandır. Qadınlar iş vaxtına,məzuniyyətə və digər əmək münasibətlərinə görə güzəştlərə malikdirlər. Qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.Təşkilatlarda və müəssisələrdə qadın hüquqlarının pozulması halları idarə rəhbərinin cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnə bilər. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən,hamilə və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət vaxtı bitdikdən sonra bir ildən az müddətə müvafiq peşədə çalışan qadınlar attestasiyadan keçirilmir. Hamilə və üç yaşınadək uşağı olan qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək qanunvericiliyinə əsasən gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.Əmək şəraiti ağır,zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
Əmək Məcəlləsinə görə əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü,bu yaşda üç və daha çox uşağı olan,həmçinin 16 yaşınadək əlil uşağı olan qadınlara isə beş təqvim günü müddətində əlavə məzuniyyət verilir. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Konstitusiyanın 42-ci maddəsində deyilir ki,hər bir vətəndaşın təhsil almaq hüququ var. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində cinsindən asılı olmayaraq vətəndaşların təhsil almaq hüququ göstərilmişdir.Bu da qadınla kişi arasında tənsil sahəsində hüquq bərabərliyinin əsas göstəricisidir.
1990-cı ildə keçirilən təhsil üzrə Ümümdünya Konfransı zamanı bütün ölkələr üzrə hamı və xüsusilə də qadınlar üçün icbari təhsilin vacibliyi qeyd edilib. Respublikamızın elmi-tədqiqat müəssisələrində kişilərlə bərabər qadınlar da böyük yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Azərbaycanda elm sahəsində çalışanların 43%-i qadınlardır. Konstitusiyanın 56-cı maddəsinə əsasən qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, həmçinin referendumda iştirak etmək hüququ var. Qadınların seçki hüquqlarının tənzimlənməsi və həyata keçirilməsi "Seçki Məcəlləsində" öz əksini tapıb. Qadınlar seçib-seçilmək hüququnu dünyada ilk dəfə 1893-cü ildə Yeni Zellandiyada nümayişlər, aclıq aksiyaları nəticəsində qazanıblar. Azərbaycan qadınları isə seçki hüququna ilk dəfə 1919-cu ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının parlamentinə seçkilər zamanı nail olublar. Həmin dövrdə qadınlar seçmək və seçilmək hüququnu qazanmalarına baxmayaraq, parlamentə üzv kimi seçilə bilməyiblər.
Qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi və qadınların problemləri ilə daha aktiv məşğul olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti 1998-ci il yanvarın 24-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, 1998-ci il fevralın 20-də isə Komitənin Əsasnaməsi təsdiq edilmişdir. Komitənin əsas məqsədi respublikamızda qadınlar və kişilər arasında bərabərlik siyasətinin həyata keçirilməsi,qadınların ölkəmizdə baş verən ictimai-siyasi proseslərə cəlb edilməsi, siyasi, iqdisadi və sosial sahələrdə onların hüquqlarını müdafiə etmək,q adın problemlərinin həllinə nail olmaqdır.
Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında"fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə cender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması,qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib. Bu fərmandan sonra nazirlik,komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb. Lakin bu sahədə olan normativ hüquqi aktların mövcudluğuna və aparılan işlərə baxmayaraq hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar. Hal-hazırda Milli Məclis sədrinin üç müavinindən biri qadındır. Bir qadın parlament komissiyasının sədri, bir nəfər Milli Məclis aparatında, bir nəfər Prezidentin İcra Aparatında və bir nəfər Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində çalışır. 31 nazirlik, dövlət komitə və komissiyasından yalnız bir qadın dövlət komitəsinin, bir nəfər də dövlət komissiyasının sədridir. 5 məhkəmə rəhbərindən ikisi qadındır. Azərbaycanı xarici ölkələrdə təmsil edən səfirlərdən yalnız bir nəfəri qadındır. Siyasi partiyalardan isə birinin rəhbəri qadındır. 2002-ci ildə Azərbaycanda ilk İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) də qadın seçilib.
Qadınların hüquqlarının qorunmasını və onların rəhbər orqanlarda təmsil olunmasını təmin etmək məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı respublikada fəaliyyət göstərən qadın və insan huquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların üzərinə böyük vəzifə düşür. Bu sahədə geniş işlər görülməsini nəzərdə tutan fondumuz artıq bir neçə planlarını həyata keçirib. "İnsan hüquqları XXI əsr-Azərbaycan" Fondu qadınların 2004-cü il bələdiyyə seçkilərində fəallığını artırmaq məqsədilə buklet buraxmış və qadınlar arasında paylanıb. Bundan başqa, fond qadın hüquqlarının qorunması ilə məşğul olan təşkilatlarla sıx əməkdaşlıq edir. Görülən işlərdən əlavə fondumuz qadınların bələdiyyə seçkilərində fəallığını təmin etmək məqsədilə bölgələrdə silsilə seminarlar, dəyirmi masalar,görüşlər və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53