Dövlət qayğısı və real nəticələr
10:01 29-10-2014
SİYASƏT
Dövlət qayğısı və real nəticələr
Ədliyyə sisteminin şəffaflığı insan haqlarının qorunması deməkdir
Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılmaqda, qanunvericilik bazası formalaşmaqdadır. Hətta bununla bağlı zaman-zaman prezident İlham Əliyev xüsusi sərancamlar imzalayıb və müvafiq dövlət orqanlarına tapşırıqlarda verilib.
Çünki bir dövlətdə insan hüquq və azadlıqlarının qorunmasının qarrantiyası dövlət olursa bu daha effektli və inkişaflı olur. Bu baxımdan Azərbaycanın Ədliyyə Nazirliyinin fəaliyyətinə xüsusi diqqət yetirmək lazımdır. Qeyd edək ki, Azərbaycanda Ədliyyə Nazirliyi günü-gündən formalaşır və islahatlar həyata keçirtməklə layiqli mövqe qazanır. Bunun üçün isə gəlin Ədliyyə Nazirliyində həyata keçirilən islahatlara diqqət ayıraq. Həyata keçirilən islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətlərinə yenidən baxılmış, onun cəmiyyətdə rolu və əhəmiyyəti artmış, nazirliyin üzərinə yeni vəzifələr qoyulmuş, yeni struktur qurumlar yaradılmışdır.
Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün təşkil olunmuş, 1918-ci ilin noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir. Dövlət tərəfindən ədliyyə sisteminə göstərilən xüsusi diqqətin təzahürü olaraq, həmin gün dövlət başçısının sərəncamına əsasən ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.
Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və ölkədaxili təcrübədən geniş istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamə hazırlanmışdır.
Ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərilərək, nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilmişdir.
Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Son illər ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Nazirliyin funksiya və səlahiyyətləri genişlənmiş, yeni struktur qurumlar yaradılmışdır. Dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ədliyyə sisteminin inkişafında yeni mərhələ olmuşdur.
Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını həyata keçirir, normativ hüquqi aktların uçotunu və qeydiyyatını aparır, əhalinin hüquqi maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat orqanlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir, ölkə əhalisinin dövlət reyestrinin aparılmasını və sənədlərin leqallaşdırılmasını həyata keçirir. Bundan başqa, Nazirlik qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən alınmış qrant müqavilələrinin (qərarların) uçotunun aparılmasını həyata keçirir, bununla bağlı mövcud qaydaların pozulmasına görə inzibati məsuliyyət məsələlərini həll edir və digər funksiyaları həyata keçirir.
Azərbaycan Respublikasında aparılan bütün növ məhkəmə (məhkəmə-tibb ekspertizalar istisna olmaqla) ekspertizaları bu sahədə ölkədə yeganə elmi-tədqiqat təsisatı olan Məhkəmə ekspertizası mərkəzi tərəfindən həyata keçirilir.
Nazirliyin nəzdində fəaliyyət göstərən Ədliyyə Akademiyası elmi-tədqiqat işlərinin aparılması, ədliyyə işçilərinin və digər hüquqşünas kadrların ixtisaslarının artırılması, müxtəlif sahələrdə çalışan başqa mütəxəssislərin hüquqi biliklərinin yüksəldilməsinə xidmət edir.
Həmçinin, yerli ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və nəzarətin gücləndirilməsi, vətəndaşların müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə regional ədliyyə şöbələri, fiziki şəxslərin vətəndaşlıq vəziyyəti ilə bağlı faktların və bəzi kateqoriyadan olan qeyri-kommersiya təşkilatlarının dövlət qeydiyyatının sadələşdirilməsi məqsədilə yerlərdə rayon (şəhər) qeydiyyat şöbələri yaradılmışdır.
Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Qanuna və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq ədliyyə orqanlarına işə qəbul şəffaf prosedurlarla və aşkarlıq şəraitində test imtahanı və söhbətdən ibarət olmaqla müsabiqə əsasında həyata keçirilir.
Eyni zamanda, keçmiş sovetlər birliyinə daxil olmuş dövlətlər arasında ilk dəfə olaraq Azərbaycanda penitensiar sistem Daxili İşlər Nazirliyinin tabeliyindən Ədliyyə Nazirliyinə verilmişdir. Penitensiar sahənin inkişafına diqqət artırılmış, bu sahədə mütərəqqi qanunvericilik bazası yaradılmış, məhkumların saxlanılması şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görülmüşdür. Məhkumlara, təqsirləndirilən şəxslərə, habelə ədliyyə işçilərinə tibbi xidmət göstərilməsi məqsədilə nazirliyin nəzdində tibb xidməti fəaliyyət göstərir.
Aparılmış islahatlar nəticəsində penitensiar sistemdə, o cümlədən həbsdə saxlama zamanı qanunçuluğa əməl olunmasına və cəzaların icrasına idarədaxili nəzarəti həyata keçirən müfəttişlik yaradılmışdır. Bununla yanaşı, penitensiar xidmətdə şəffaflığın təmin olnması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə tərkibi tanınmış hüquq müdafiəçilərinin və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət olan İctimai Komitə yaradılmışdır və hazırda Komitə səmərəli fəaliyyət göstərir. Eyni zamanda, saxlanma şəraitinin, həmçinin tibb-sanitariya xidmətinin yaxşılaşdırılması məqsədi ilə bir sıra müəssisələrdə təmir-tikinti və abadlaşdırılma işləri aparılır, o cümlədən, Lənkəran və Şəki rayonlarında yeni penitensiar komplekslər inşa olunur, Naxçıvan Muxtar Respublikasında isə artıq müasir penitensiar kompleks inşa edilərək cari ildə istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Hökuməti insan hüquqlarının qorunmasına və demokratik prinsiplərə sadiqliyini nümayiş etdirərək, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə 2000-ci ildə Saziş imzalamış və bu sənədin qüvvəsi mütəmadi uzadılmışdır. Həmin Sazişə uyğun olaraq, təşkilatın nümayəndələri maneəsiz olaraq mütəmadi şəkildə azadlıqdan məhrum etmə yerlərinə baş çəkir, məhbuslarla konfidensial şəraitdə görüşlər keçirilir.
Ədliyyə Nazirliyi eyni zamanda Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi ilə və digər məsələlərlə məşğul olur.
Azərbaycan bir çox xarici dövlətlərlə, o cümlədən Türkiyə Respublikası, Rusiya Federasiyası, Bolqarıstan Respublikası, Ukrayna, Gürcüstan, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Litva Respublikası, Çin Xalq Respublikası, Moldova Respublikası və s. hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlamışdır. Bu müqavilələr hüquqi yardımın müxtəlif sahələrini, o cümlədən ekstradisiyanı, məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilməsini, cinayət, mülki, ailə və ticarət işləri üzrə hüquqi yardımı əhatə edir.
Ədliyyə Nazirliyi xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlığa da mühüm əhəmiyyət verir. Bununla əlaqədar bir çox dövlətlərin, o cümlədən Avstriyanın, Fransanın, Niderland Krallığının, Türkiyə Respublikasının, Rusiya Federasiyasının, İtaliyanın, Litvanın, İran İslam Respublikasının, Misir Ərəb Respublikası, Çin Xalq Respublikasının, Gürcüstanın, Rumıniya Respublikasının, Ukraynanın, Bolqarıstanın və digər dövlətlərin Ədliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Sazişlər imzalanmışdır.
Ölkədə insan hüquqlarının müdafiəsinin ön plana çəkilməsi şəraitində nazirlikdə İnsan hüquqları üzrə idarə yaradılmış və idarə tərəfindən qeyri-hökumət hüquq-müdafiə təşkilatları ilə sıx əlaqəli fəaliyyət göstərilir. Məhkəmə qərarlarının icrasının səmərəliliyini yüksəltmək məqsədilə aparılan islahatlar nəticəsində Nazirlikdə Məhkəmə icraçıları baş idarəsi yaradılmışdır. Baş idarə məhkəmələrin və digər orqanların qərarlarının icrası ilə yanaşı, məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edir. Məhkəmə qərarlarının icrasının vaxtında və düzgün təmin edilməsi üzrə görülmüş təsirli tədbirlər nəticəsində bu sahədə işin vəziyyəti xeyli yaxşılaşmışdır.
Hüquq sisteminin islahatı nəticəsində ədalət mühakiməsi əleyhinə olan bir sıra cinayətlər üzrə ibtidai istintaqın aparılması, habelə əhalinin dövlət registrinin həyata keçirilməsi də Ədliyyə Nazirliyinə həvalə edilmiş, bu məqsədlə nazirlikdə müvafiq qurumlar yaradılmışdır.
Həmçinin respublikamızda 1999-cu ildən fəaliyyətə başlamış yerli özünüidarə orqanı olan bələdiyyələrə metodoloji yardımı, habelə onların fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi həyata keçirir.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53