İnsan haqları və dəyişən dünya
08:28 30-10-2014
SİYASƏT
İnsan haqları və dəyişən dünya
Qloballaşmanın təsir imkanları
Bu gün dünyada gedən qloballaşma həmdə maraqlı bəzi məqamları ortaya çıxarır. İlk növbədə də insan hüquqları sahəsində. Müəyyən ekspertlər hesab edir ki, qloballaşma,əslində insan hüquqları sistemində düzəni pozur. Çünki qloballaşma svilizasiyaların toqquşmasını ortaya çıxarır və bu artıq qarşıdurmanın bir formasıdır. Amma bəzi analitiklər hesab edir ki, qlobollaşma insan hüquq və haqlarını hər şeydən önə çıxarır. Bununla bağlı ekspert Aytən Qurbanova maraqlı tezislərlə çıxış edərək maraqlı bir model təqdim edir. Onun fikrincə dövrümüzün qlobal problemləri bütövlükdə "bəşəri problemlər" hesab olunur ki, bəşəriyyətin inkişafı da məhz onların həll edilməsindən asılıdır:
- qlobal istilik-nüvə müharibəsinin qarşısının alınması;
- inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında sosial-iqtisadi inkişafında boşluğu aradan qaldırılması, aclıq, yoxsulluq və savadsızlığın aradan qaldırılması;
- inkişaf etməkdə olan ölkələrdə sürətli əhali artımı tənzimlənməsi;
- ətraf mühitin çirklənməsinin qarşısının alınması;
- yeyinti, sənaye, xammal və enerji mənbələri üçün lazımi resursların təmin edilməsi;
- elmi - texnoloji inqilabın mənfi təsirlərinin qarşısının alınması. [1]
Qlobal problemlər sosial inkişaf zəminində yaranan ziddiyyətlər, insan fəaliyyətinin ətraf mühitə təsirinin kəskin şəkildə artması, ölkə və regionların qeyri-bərabər sosial-iqtisadi və texnoloji inkişafı kimi amillərin təsiri fonunda formalaşır. Qlobal problemlərin həlli beynəlxalq əməkdaşlığın yaradılmasını və eyni zamanda, humanitar və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində onların real tətbiqinin təmin olunmasını tələb edir.
Ekspertin dediklərindən:"Qloballaşma şəraitində insan hüquq və azadlıqlarının təmin olunması müasir beynəlxalq münasibətlərdə həlli vacib olan ən aktual problemlərdən biri hesab olunur. Belə ki, son illərdə dünyada baş verən hadisələr bu fikri bir daha sübüt etməkdədir. Beynəlxalq münasibətlərdə son bir neçə ildə baş verən hadisələrə nəzər yetirdikdə, terror aktları, vətədaş müharibələri, inqilablar, cinayətlər, illərlə davam edən ərazi və ya etnik münaqişələr, bütün bəşəriyyəti hədəf alan nüvə silahının istehsalı kimi xoşagəlməz və dünyanın hər bir sakini üçün hədə olan hadisələrin nə qədər sürətlə yayıldığının şahidi oluruq. Təbii ki, belə bir şəraitdə ilk və həll edilməsi ən vacib məsələ pozulmuş hüquqların bərpa edilməsi və əsas insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bütün aktların qarşısının alınmasıdır.
İnsan hüquqları anlayışı ilkin olaraq insanların siyasi, hüquqi və sosial hüquqlarının dövlət tərəfindən qorunması ideyasına əsaslanır. BMT-nin 1948-ci ildə qəbul olunmuş İnsan Hüquqları Bəyannaməsi bütün bəşəriyyəti yaşamaq, şəxsi azadlıq və təhlükəsizlik, işgəncələrə məruz qalmamaq və ya kölə olmamaq azadlığı, təsadüfi həbs və ya sürgündən müdafiə olmaq, qanun qarşısında bərabərlik və məruz qaldığı pozuntulardan müdafiə üçün hüquqi vasitələrindən istifadə, ədalətli məhkəmə araşdırması, düşüncə, fikir, ifadə, hərəkət və dinc toplaşmaq azadlığı, cəmiyyətin siyasi və mədəni həyatında iştirak etmək, ödənişli iş, azad iş seçimi və işsizlikdən müdafiə, təhsil almaq, sosial təminat, ailə sağlamlığı və rifahı üçün lazımi həyat səviyyəsinə malik olmaq hüququ ilə təmin edir. (UDHR 1948)
1948-ci il 10 dekabrda BMT Baş Assambleyasının qəbul etdiyi "İnsan hüquqları və əsas azadlıqlarının qorunmasına dair Konvensiya" və 3 sentyabr 1953-cü ildə qüvvəyə minmiş Avropa Şurasının İnsan Hüquqlarına dair Avropa Konvensiyasına əsasən hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəsin yaşamaq hüququ əlindən alına bilməz, heç kəs işgəncəyə və ya qeyri-insani rəftara məruz qala bilməz, heç kəs məcburi əməyə cəlb oluna bilməz. Hər kəsin azad şəkildə fəaliyyət göstərmək və toxunulmazlıq hüququ var. Bütün bu hüquqlar yalnız sülh şəraitində deyil, həm də müharibə dövründə və etnik münaqişələr zamanı da toxunulmazdır. Belə ki, insan hüquq və azadlıqları heç bir halda və heç bir şərtlə məhdudlaşdırıla bilməz". Burdan isə aydın olur ki, ekspertlər arasında yaranan ziddiyətin kökündə məsələyə necə yanaşma dayanır. Yəni ilk növbədə bir suala cavab tapılmalıdır ki, qloballaşmanın özü nədir? . Ekspertimiz hesab edir ki, qloballaşma çoxşaxəli hadisə olmaqla, "öz dinamizmi olan çox mürəkkəb və qarşılıqlı surətdə asılı proseslərdən" təşkil olunub. Bura texnologiya, rabitə və kütləvi informasiya vasitələrinin inkişafı şəraitində sürətli sərhədlərarası mübadilənin dərinləşdirilməsi və genişləndirilməsi daxildir. Belə mübadilə və qarşılıqlı fəaliyyət daha çox qarşılıqlı asılı dünya yaratmaq üçün dövlət və qeyri-dövlət qurumları arasında bütün mərhələlərdə baş verir. Hazırda qloballaşma prosesi daha çox iqtisadi asılılıq, azad bazar iqtisadiyyatının sərbəst tənzimlənməsi və hakimiyyəti, məsuliyyətin dövlətdən qeyri-dövlət strukturlarına keçməsi kimi göstəricilərlə xarakterizə olunur.
Qloballaşmanın çoxtərəfli və bəzən də ziddiyyətli təsirləri qloballaşma modeli və istiqamətlərinə dair tam fikir ayrılığının yaranmasında öz əksini tapmışdır. Belə ki, qloballaşma prosesinin tərəfdarları bütövlükdə dünya üçün orta gəlirlərin artmasına işarə edirlər. Bu prosesin əleyhdarlarına görə isə, getdicə daha çox qloballaşan dünyada davamlı bərabərsizlik və yoxsulluq şərtlərinin olduğunu unutmamaq lazımdır.
Qloballaşma dedikdə, bütün dünyanın bir qlobal məkana çevrilməsi və həmin məkan daxilində xalqların qarşılıqlı asılılığının zaman keçdikcə daha da artması və bütün sərhədlərin və maneələrin aradan qaldırılması başa düşülür. Belə ki, ilkin mərhələdə qloballaşma insanlar, kapital, mal və ideyaların tez və sərbəst axın etdiyi yeni bir dünyanın yaranması deməkdir. Sonrakı mərhələdə isə, dünyada insan hüquqlarının tam tətbiq edildiyi və qorunduğu bir cəmiyyətin formalaşması nəzərdə tutulur. Çünki, qloballaşma demokratik dəyərlərin, insan hüquqlarının və ədalətin dünyanın hər bir guşəsinə yayılmasını təmin etməklə dünyanın hər bir sakini üçün firavan həyat qurmağa nail olmuş olacaq.
Digər tərəfdən qloballaşma nəticəsində dünya əmtəə və xidmətlər sahəsinin hakim və güclü transmilli korporasiyaların öhdəçiliyinə verildiyi və mənfəət aliliyi prinsipi əsasında idarə edildiyi qlobal bazara çevrilməkdədir. [3] Həmçinin belə bir şəraitdə bütün dünyada, xüsusilə də cənub ölkələrində əsas insan hüquq və azadlıqları təhdid altına alınmış olur.
Beləliklə, qloballaşma güclü qeyri-dövlət orqanları yaratmaqla müasir insan hüquqları hərəkatının inkişafı zamanı nəzərdə tutulmayan yollarla insan hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu inkişaf prosesi özü də insan hüquqları üzrə beynəlxalq hüquqa problemlər yaradır. Belə ki, getdikcə qloballaşan vətəndaş cəmiyyəti iqtisadi qloballaşmaya şəffaflıq, ictimai iştirak və əsas hüquqlara hörmət ilə müşayiət olunmayan liberallaşdırılmış ticarət və investisiya rejimləri ilə cavab verə bilər. Və nəticə etibarilə "qloballaşmaların qarşıdurması" baş verər. Belə qarşıdurma da beynəlxalq institusional və normativ sistemdə böyük əhəmiyyət kəsb etməklə, insan hüquqları məsələlərini iqtisadi siyasətin formalaşdırılması və tənzimlənməsi, fərqli təşkilatlar, qanunlar və hər bir sahə üçün dəyərlər yaradılması prosesindən ayrı dəyərləndirmiş olar. Onların inteqrasiyası işi isə heç də asan deyil və bəzi şərhçilərə görə yeni bir münaqişə qaçınılmazdır. Deməli qloballaşmanın insan hüquqlarına təsiri haqqında məhz bundan sonra fərziyyə irəli sürmək olar ki, ekspertdə bunu belə izahlayır:"Qloballaşmanın mənfi və müsbət təsirlərinə dair kifayət qədər çox yanaşmalar var. Lakin qloballaşma prosesinin tənqidçiləri onun xüsusilə də, yoxsul və inkişaf etməkdə olan ölkələrdə, insan hüquqlarına təsirini daha çox vurğulayırlar. Onların insan hüquqlarının qloballaşmanın mənfi təsirlərinə məruz qalmasına dair təhlil və nəticələri beynəlxalq hesabatlar və statistikaya əsasən tərtib edilən faktlar və rəqəmlər tərəfindən də dəstəklənir. Onlar adətən qloballaşmanın bu və ya digər aspektlərini insan hüquqlarının aspektləri ilə əlaqələndirlər. Belə ki, onların yanaşmalarına əsasən, inkişaf etməkdə olan ölkələrdə yoxsulluq səviyyəsinin sürətlə artması ilə ölkənin borcları və ya işsizliklə özəlləşdirmə və ya ölkə əhalisinin sağlamlıq səviyyəsinin aşağı düşməsi tibb sahəsində inhisarlaşmanın artması ilə sıx bağlıdır. Həmçinin belə yanaşmanın tərəfdarlarına görə minimum həyat səviyyəsinin aşağı düşməsi, yoxsulluğun, bərabərsizliyin və ayrı-seçkiliyin artması, qida, təmiz su və mənzil təminatı ilə bağlı çatışmamazlıqların aradan qaldırılmaması və savadsızlıq səviyyəsinin daha da artması kimi mənfi göstəricilər də məhz qloballaşmanın əsas insan hüquq və azadlıqlarının təmin olunmasına neqativ təsirləri olaraq dəyərləndirilir. Bu faktların həqiqiliyini sübut etmək üçün 90-cı illərdən əvvəl və sonrakı hesabatlara və statistik məlumatlara baxmaq kifayətdir. Məsələn, 1990-98-ci illərdə uşaq ölümlərinin azaldılması istiqamətində aparılan iş əvvəlki onilliklərə yəni, qloballaşmadan öncəki dövrlə müqayisədə daha yavaş həyata keçirilmişdir.
Qloballaşma prosesinin müdafiəçiləri də bəzi regionlarda əsas insan hüquq və azadlıqlarına son onillikdə hörmət edilməməsi faktını inkar etmirlər. Lakin onlar bunu qloballaşma prosesinin yayılmasına bəzi dövlətlər və xalqlar tərəfindən müqavimət göstərilməsi və təbii olaraq qloballaşmanın qalibləri və məğlubları olacağı fikri ilə müdafiə edirlər.
Belə ki, qloballaşmanın həm müdafiəçiləri və həm də tənqidçiləri, insan hüquqlarının bütün dünyada xüsusilə də, cənub bölgəsində bu və ya digər yollarla qloballaşmanın mənfi təsirlərinə məruz qalması mövzusunda həmfikirdirlər.
Son zamanlarda qloballaşma və onun insan hüquqları ilə münasibətlərinə dair iki əks yanaşma formalaşmaqdadır: [1]
1. Birinci yanaşmanın tərəfdarlarının fikirlərinə əsasən, qloballaşma və insan hüquqlarının qarşılıqlı mövcudluğu bəşəriyyətin rifahının yaxşılaşdırılmasının inkişafına müsbət təsir göstərməklə onu daha da möhkəmləndirir.
2. İkinci yanaşmaya əsasən isə, qloballaşma mövcud beynəlxalq insan hüquqları qanunu ilə müvafiq qaydada tənzimlənməyən yeni təhdid xarakteri daşıyır.
Qloballaşmaya cavab olaraq insan hüquqları qanununun inkişaf etdirilməsi yeni bir proses deyil və daha qoruyucu tədbirlərin qarşısının alınmasına dair beynəlxalq sistemdə xüsusi bir norma nəzərdə tutulmayıb. [1;3] Əsasən şəxsi təşəbbüslə həyata keçirilən qul ticarət və silahların bütün və ya dağıdıcı formalarının yayılması ilə mübarizə aparmaq beynəlxalq ticarət və texnologiyanın mənfi tərəflərinə qarşı beynəlxalq hərəkatın ilkin nümunələri hesab oluna bilər. İnsan hüquqlarının beynəlxalq müdafiəsinin yaradılmasına dair geniş səyləri qloballaşma dalğası geniş vüsət almasında və XIX əsrin sonunda beynəlxalq bazarlara ortaya çıxmasında görmək olar. Bu dövrdə, telefon, teleqraf və radio ötürülməsi ilə ilk sürətli sərhədlərarası rabitə dünyaya açılmış oldu. Eyni zamanda, dəmiryolu və gəmiçiliyin inkişafı ticarət əlaqələrinin daha sürətlə bir bazardan digərinə hərəkət etməsinə icazə verdi. Sənayeləşmə ilə əlaqədar olaraq bir çox ölkələrdə iş şəraiti və yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün səylər artdı".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53