Nəşəli məhkumların reablitasiya problemi
09:44 01-11-2014
SİYASƏT
Nəşəli məhkumların reablitasiya problemi
Leyla Yolçiyeva: "Xarici ölkələrdə cinayət törətmiş narkoman müalicə olunduqdan sonra həbsxanaya göndərilir"
Azərbaycanda əhalinin 28 min 376 nəfərini narkomanlar təşkil edir. Qeyri-rəsmi məlumatlara görə bu statistika iki dəfə bundan çoxdur. Statistika göstərir ki, ölkədə narkotik vasitə aludəçilərinin sayı kifayət qədər yüksək həddədir. Bu isə cəmiyyətdə həssas qrup olan narkomanların insan haqları baxımından hüquqlarının qorunması mövzusunu aktual edir. Son günlər cəzaçəkmə müəssisələrinə qeyri-qanuni əşyaların, xüsusilə narkotik vasitələrin keçirilməsinə cəhd hadisələrinə tez-tez rast gəlinir.
Elə dünən Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı Əsmarə İsmayılovanın əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb. Bu cür hadisələrin tez-tez təkrarlanması təsdiq edir ki, cəzaçəkmə müəssisələrində xeyli sayda narkotik aludəçisi olan məhkum cəza çəkir. Onlarda narkotik maddələrə asılılıq qaldığından müxtəlif yollarla narkotik maddələrin cəzaçəkmə müəssisələrinə keçirilməsinə yaxınlarını məcbur edirlər. Qeyd edək ki, bu məsələyə Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev də toxunub. Nazir müavini bildirib ki, Penitensiar Xidmətin bəzi əməkdaşları cəzaçəkmə müəssisələrinə mobil telefonlar, hətta narkotik vasitələr keçirirlər: "Bəzi əməkdaşlarımız müəyyən neqativ məqsədlərlə cəzaçəkmə müəssisələrinə mobil telefonlar keçirirlər. Amma onların hamısı vaxtlı-vaxtında ifşa olunur. Bu işdə "rolu" olan əməkdaşlar təbii ki, Xidmətdən xaric olunurlar. Penitensiar Xidmətdə işlədiyim bu 3 il ərzində elə hallar olub ki, əməkdaşlarımız özləri də "içəri"yə narkotik vasitələr keçiriblər və buna görə saxlanılıblar. Həmin cinayət faktları ilə bağlı materiallar toplanaraq prokurorluğa göndərilir. Artıq onların özləri cəzaçəkmə müəssisəsində məhkum kimi saxlanılırlar. Onların arasında zabit və gizirlər də var".
Xidmətin rəisi qeyd edib ki, narkotik vasitələrin penitensiar müəssisələrə keçirilməsinin qarşısının alınması üçün qanun çərçivəsində tədbirlər görülür. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinə gizli yolla keçirilməsinə cəhd olunan narkotik vasitələrin çoxu narkotik aludəçisi olan məhkumlar üçün nəzərdə tutulur: "Məhkumların müəyyən hissəsi narkotiklərlə əlaqədar saxlanılıblar. Təbii ki, onlar narkomandırlar və narkotik vasitələrə düçardırlar. Öz qohumları və dostlarından daim narkotik istəyirlər. Bu bir daha onu göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları yüksək səviyyədə və düzgün işləyir. Narkomanlar tutulur, onlara qanuni hökm oxunduqdan sonra cəzaçəkmə müəssisəsində saxlanılırlar".
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva deyir ki, buna səbəb müalicə olunmalı olan narkomanları reablitasiya mərkəzləri əvəzinə cəzaçəkmə müəssisələrinə göndərilməsidir: "Xarici ölkələrdə cinayət törətmiş narkoman müalicə olunduqdan sonra həbsxanaya göndərilir. Ümumiyyətlə narkotik maddələrin alışı-satışında təqsirləndirilənlər, əvvəlcə narkoloji dispanserlərə, reablitasiya mərkəzlərinə yerləşdirilirlər. Onların yüngül narkotik təsirli dərmanlarla müalicəsi aparılır. Narkotikə olan asılılıq müalicə olunduqdan sonra cəzaçəkmə müəssisələrinə göndərilir. Bizdə isə belə reablitasiya mərkəzləri yoxdur. Narkomanlar müalicə olunmamış həbsxanaya göndərildikdə onlarda "lomka" effekti yaranır. Narkotikanı əldə etmək üçün hər vasitəyə əl atmağa razı olurlar. Bu da nəticədə onların yaxınlarının cəzaçəkmə müəssisəsinə narkotik keçirməyə cəhdi ilə nəticələnir".
L. Yolçiyeva deyir ki, bu məsələ cəmiyyəti narahat etməli, narkomanlar müalicə edildikdən sonra, cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilməlidir.
Həmsöhbətim deyir ki, narkomanlara cəmiyyət tərəfindən münasibət dəyişməlidir: "Cəmiyyətin narko-istifadəçilərə münasibəti xoşagələn deyil. Narkoman heç bir cinayət törətməsə belə, həm cəmiyyət, həm də hüquq mühafizə orqanları narko-istifadəçiyə potensial cinayətkar kimi baxır. Halbuki narkomana cəmiyyətdə xəstə kimi yanaşılmalıdır ki, o, mövcud probleminin aradan qaldırılması üçün müvafiq strukturlara müraciət edə bilsin. Amma münasibət fərqli olduğundan, narkomanlar cəmiyyətdən tədricən tədric olunurlar. Düzdür, hüquq mühafizə orqanları qanun çərçivəsində düzgün olaraq mübarizə aparırlar. Amma elə narko-istifadəçilər var ki, cinayət törətməsə belə onlar da hüquq mühafizə orqanları tərəfindən qeydiyyata götürülür. Narkomanların cinayət məsuliyyətinə cəlb olunaraq həbsxanaya göndərilməsi də düzgün deyil. Hər kəs başa düşməlidir ki, xəstənin yeri həbsxana yox, müalicə mərkəzidir. Ona görə də, narkomanlara qarşı alternativ cəzalar müəyyən olunmalıdır. Bunun üçün prosessual məcəlləyə və Cinayət Məcəlləsinə dəyişikliklər edilməlidir. Narkotik maddədən asılı şəxslər İslah Əmək Müəssisəsinə yox, müalicəyə cəlb olunmalıdır. Narko-istifadəçilər üçün Reablitasiya Mərkəzi yaradılmalı, onlar müalicə edildikdən sonra cəmiyyətə qaytarılmalıdır".
L. Yolçiyevanın sözlərinə görə, narkomanların cəzaçəkmə müəssisələrində saxlanılması onların vəziyyətini daha da ağırlaşdırır. Həmsöhbətim deyir ki, onlar həbsxanada psixi cəhətdən sarsıntı keçirirlər: "Narkotik vasitə qəbul edib birdən-birə onu dayandıran insan böyük əzab-iztirablar keçirir. Buna "Lomka" vəziyyəti deyirlər. Hansı ki, bu vəziyyətdə narkoman özünü öldürə, özünəqəsd halına belə çata bilər. Buna görə də, cəzaçəkmə müəssisəsinə göndərilməzdən öncə narkomanların müalicəsi mütləqdir. Müalicə psixoloqların iştirakı ilə aparılmalıdır".
L. Yolçiyevanın sözlərinə görə, xarici ölkələrdə bunun üçün müvafiq tələblər mövcuddur: "Hansı ki, inkişaf etmiş ölkələrdə narkomanlar sağaldıqdan sonra cəzalarını çəkirlər. Üstəlik cəzaçəkmə müəssisələrində onlarla psixoloqlar tərəfindən iş aparılır. Ailələri ilə görüşə tez-tez icazə verilir, mənəvi iztirab çəkməmələri üçün mümkün qədər şərait yaradılır. Bir sözlə narkoman kimi həbs olunanlar cəmiyyətə tam sağlam insan kimi qayıdırlar. Bəzən bu uzun illər narkotik qəbul edən insanlarda az effekt verir. Amma dövlət hər bir vətəndaşına olduğu kimi, bu bəlaya da düçar olanlara öz köməyini edir".
Ona görə də ekspert hesab edir ki, bu məsələdə aidiyyatı qurumlar, qanunqəbuledici orqan həssas yanaşmalı, narkomaniyadan əziyyət çəkənlərin reablitasiyası məsələsini gündəmə gətirməlidirlər: "Azərbaycanda narkomanların müalicəsi hazırda yalnız Narkoloji Dispanserdə mümkündür. Çox təəssüf ki, stiqmanın olması onların çoxunu müalicədən çəkindirir. Cəmiyyətdə narkomanlara münasibət birmənalı olmadığından, onların cəmiyyətə inteqrasiyasında da problemlər yaranır. Ətrafdakı insanların onun narkoman olmasından xəbər tutmaması üçün müalicədən çəkinirlər. Eyni zamanda həbsdən çıxan narkomanlar iş tapmaqda, cəmiyyətin digər üzvləri kimi öz hüquqlarından yararlanmaqda problemlə qarşılaşırlar. Stiqma onların normal həyat yaşamasına problem yaradır. Bu isə narkomanların yenidən o həyata qayıtmasına, narkomaniyaya meyillənməsinə gətirib çıxardır. Odur ki, dövlət qurumları ilə yanaşı QHT-lər də bu istiqamətdə iş aparmalıdırlar".
L. Yolçiyeva deyir ki, məşğulluq xidmətləri bu insanlara işlə bağlı dəstək olmalı, onların sağlam vətəndaş kimi hüquqlarını təmin etməlidir.
L. Yolçiyevanın sözlərinə görə, narkomaniya bu əsrin bəlası olduğundan, narkotikə qurşananların sayını azaltmaq üçün Azərbaycan dövləti normativ-hüquqi bazanın təkmilləşdirir, hüquq-mühafizə orqanlarının fəaliyyətini yüksəldir və bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir: "Bu gün narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyatı dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və ölkə Prezidentinin 2007-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq edilmiş, 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə qarşı, narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram " ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan verib. Eləcə də, cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli fərmanı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanun narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil edib".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35