Nəzir qutularına yığılan pullar

Azərbaycandakı məscid və ziyarətgahlarda quraşdırlan nəzir qutularına yığılan pulların hara xərcləndiyi dəfələrlə ictimai müzakirə mövzusu olub. Müşahidələr göstərir ki, nəzir qutularına heç də az vəsait toplanmır.
Rəsmi məlumatlara görə, ölkədə 500-ə qədər ziyarətgah var. Onlardan 50-dən çoxu daha məşhurdu, daha fəal fəaliyyət göstər. Bu ziyarətgahlara hər gün yüzlərlə ziyarətçi baş çəkir. Amma nəzir qutularına yığılan pulların miqdarı barədə rəsmi açıqlama verilmir.
Maraqlıdır gün ərzində dolub-boşalan qutulardakı nəzirlər hansı sosial məqsədlər üçün istifadə edilib və ya edilməkdədir?
Bununla bağlı açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, hər bir məscidin öz icması mövcuddur və həmin icma daxili məsələləri həll edir.
"Məscidlərin nəzir qutularına toplanan vəsait, ilk növbədə, məscidin daxili ehtiyacları-kommunal xərclərin ödənilməsi, cari təmir işləri, işçilərin məvacibi üçün sərf olunur".
QMİ rəsmisi onu da deyib ki, əgər yığılan nəzirdən lazımi məqsədlər üçün istifadə etdikdən sonra artıq qalırsa, ehtiyacı olanlara da yardım edilir: "Vəsait qalırsa, icmanın qərarı ilə müraciət edən ehtiyacı olan şəxslərə də yardım edilir".