İnsan haqları və beynəlxalq normalar
09:57 04-11-2014
SİYASƏT
İnsan haqları və beynəlxalq normalar
Milli qanunvericiliyin formalaşmasında ümumi prinsiplər
İnsan hüquq və azadlıqlarının qorunması üçün sözsüz ki, aşağıdakı şərtlərə əməl olunmasına ciddi ehtiyac var.
1. Milli qanunvericilik bazasının formalaşması
2. Qanunvericlik aktlarının konstitusiyaya uyğunlaşması
3. Beynəlxalq normaların milli qanunvericilikdə nəzərə alınması
4. Beynəlxalq öhdəliklərin düzgün müəyyənləşdirilməsi
Ekspertlər hesab edir ki, məhz bu prinsiplərə əməl olunarsa insan faktoru qanunvericilikdə daha ciddi şəkildə qorunar, bu isə hakimiyyətin insan haqlarına normal yanaşmasını təmin edə bilər. Maraqlıdır, bəs Azərbaycanın bu gün milli qanunvericilik bazası beynəlxalq öhdəliklərlə hansı şəkildə tənzimlənir və bu insan haqlarının qorunmasında mühüm rol oynaya bilirmi?
Ekspertlər hesab edir ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi çıxış edir. Bu prinsip milli qanunların və dövlətin öz daxili salahiyyətləri çərçivəsində həyata keçirdiyi tədbirlərin həmin öhdəliklərə uyğunlaşdırılmasını nəzərdə tutur. Dövlətləri beynəlxalq öhdəlikləri yerinə yetirməyə dəvət edən beynəlxalq hüquq normalarını səlahiyyətverici və göstərişverici normalara bölmək olar. Səlahiyyətverici normalar müvafiq qanunların qəbul edilməsini səlahiyyətli dövlət orqanlarının öz mülahizəsi ilə şərtləndirir, göstərişverici normalar isə dövlətin üzərinə müəyyən öhdəliklər qoyur. Beynəlxalq müqavilələri (həmin müqavilələrdən irəli gələn öhdəlikləri) yerinə yetirməklə dövlət qanunvericiliyini inkişaf etdirir, təkmilləşdirir, onu yeni məzmunla zənginləşdirir, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğunlaşdırır, hüquqi, demokratik dövlət quruculuğu üçün daha əlverişli zəmin formalaşdırır. Beynəlxalq hüquq normaları nəzərə alınmadan milli qanunvericiliyi hərtərəfli şəkildə inkişaf etdirmək, təkmilləşdirmək qeyri-mümkündür. Çünki, müasir qloballaşma dövründə beynəlxalq və dövlətdaxili hüquq sistemləri bir-biri ilə sıx surətdə bağlıdır. İnteqrasiya prosesləri sürətləndikcə bu bağlılıq daha da artır.
Milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılmasını müqavilənin yerinə yetirilməsinin zəruri şərti və müqavilə göstərişlərinin həyata keçirilməsi mexanizminin mühüm elementi kimi xarakterizə etmək olar.
Beynəlxalq səviyyədə unifikasiya, qloballaşma, bütün dünyada iqtisadi münasibətlərin sürətli inkişafı insan fəaliyyətinin müxtəlif sahələrində təcrübə mübadiləsinin zəruriliyini şərtləndirir. Bu proseslər hüququn inkişafına da öz təsirini göstərir. Unifikasiya prosesi çərçivəsində beynəlxalq hüquqi aktların milli hüquq sisteminə təsirinin müxtəlif üsulları uzlaşdırılır. Beynəlxalq müqavilə normalarının milli hüquq sisteminə daxil edilməsi hüquq sisteminin daha da təkmilləşdirilməsinin səmərəli mexanizmlərindən biri kimi çıxış edir.
Beynəlxalq hüququn əsas mənbəyi və milli hüququn təkmilləşdirilməsi vasitəsi kimi beynəlxalq müqavilələr milli qanunvericiliyin inkişafına müsbət təsir göstərməklə yanaşı dövlətlər arasında etimadı möhkəmləndirir, onların qanunvericilikləri arasında fərqləri, ziddiyyətli məqamları və uyğunsuzluqları xeyli dərəcədə azaldır, qloballaşan dünyada vahid və uzlaşmış, harmoniya prinsipinə əsaslanan hüquqi məkanın formalaşmasına, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində qanunçuluğun təmin olunmasına və hüquqtətbiqetmə təcrübəsinin səmərəliliyinin artmasına əlverişli zəmin yaradır.
Ümumiyyətlə, beynəlxalq hüquqla milli hüququn qarşılıqlı əlaqəsinə dair iki əsas nəzəriyyə vardır. Monizm nəzəriyyəsi və dualizm nəzəriyyəsi. Monizm nəzəriyyəsinə görə beynəlxalq və milli hüquq oxşar sistemlərdir və hər ikisi tənzimetmə xüsusiyyətinə malikdir. Dualizm nəzəriyyəsinə görə isə onlar fərqli sistemlərdir və milli hüquq beynəlxalq hüquq normalarının həyata keçirilməsini təmin edir. Məsələn, A.L.Movçan qeyd edir ki, beynəlxalq və milli hüquq normaları obyektiv mövcud olan vahid normalar məcmusu kimi çıxış etmir, çünki özünün sosial və hüquqi təbiətinə görə onlar fərqli və ayrıca hüquq sistemləridir. Müasir dövrdə monizm nəzəriyyəsi daha geniş yayılmışdır. Çünki beynəlxalq hüquq normalarının əhəmiyyəti, tənzimləyici və milli hüquqa münasibətdə təkmilləşdirici rolu artmışdır və onlar standart və ya prinsip xatrakteri kəsb edirlər və hamılıqla qəbul edilirlər (xüsusən də, insan hüquqları sahəsində).
Beynəlxalq və dövlətdaxili (milli) hüququn qarşılıqlı təsiri daxili və xarici siyasətin qarşılıqlı əlaqəsi kimi obyektiv faktorla şərtlənir. Belə qarşılıqlı təsirin möhkəmləndirilməsi və təkmilləşdirilməsi üçün dövlətin norma yaradıcılığı proseslərində eyni zamanda həm dövlətdaxili normaların, həm də beynəlxalq hüquq normalarının yaradıcısı kimi çıxış etməsi faktoru mühüm əhəmiyyət kəsb edir. Buna müvafiq olaraq dövlətin öz maraqlarını ifadə edən milli qanunlar və dövlətlərin birgə, uzlaşmış və razılaşdırılmış maraqlarını ifadə edən dövlətlərarası müqavilələr yaranır. Dövlətdaxili və beynəlxalq hüquq sistemləri bir-birinə münasibətdə müstəqil hüquq sistemləri olduqlarından, dövlətdaxili münasibətlərdə beynəlxalq hüquq normalarının tətbiqinə qədər fəal qarşılıqlı əlaqədə fəaliyyət göstərdiklərindən bir sistemin normalarının digərinə keçməsi ideyası yaranmışdır. Belə ideyalar isə öz növbəsində beynəlxalq hüquq normalarının dövlətdaxili (milli) hüquq normalarına, beynəlxalq müqavilələrin milli qanunvericiliyə transformasiyası konsepsiyası formalaşmışdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq müqavilə yalnız faktiki olaraq həyata keçirildikdə real əhəmiyyət kəsb edir. Əks halda onun mövcudluğu mənasızdır.Bu baxımdan beynəlxalq müqavilə normalarının həyata keçirilməsi üsulları ilə bağlı məsələnin aktuallığı artır. Belə həyata keçirilmə dövlətdaxili hüquq vasitəsilə mümkün olur.
Müasir hüquq elmində beynəlxalq müqavilələrin həyata keçirilməsi çox zaman "implementasiya" termini ilə əlaqələndirilir. İmplementasiya ingiliscə "implementation" sözündən olub mənası "həyata keçirmə, yerinə yetirmə, reallaşdırma" deməkdir. İmplementasiya konsepsiyası geniş yayılmış hüquqi nəzəriyyələrdən biri olmaqla beynəlxalq hüquq normalarının hüquqi qüvvəsinin tanınmasına və həmin normaların dövlət daxilində həyata keçirilməsinin təşkilati təminatına yönəlmiş kompleks tədbirləri özündə ifadə edir. Beynəlxalq müqavilələrin implementasiyası səlahiyətli orqanlarının şəxsində dövlətin beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərindən irəli gələn beynəlxalq hüquqi öhdəliklərinin həyata keçirilməsinə yönələn normayaradıcılığı və təşkilati-icra fəaliyyətidir.
Beynəlxalq hüquq nəzəriyyəsində beynəlxalq hüquq normalarının dövlət daxilində həyata keçirilməsi və belə həyata keçirilmənin milli-hüquqi mexanizminin inkişaf istiqamətləri ilə bağlı məsələlər ətarflı şəkildə tədqiq edilsə də,hüquq ədəbiyyatında dövlətdaxili hüququn beynəlxalq hüquqa uyğunlaşdırılması mexanizmi, üsul və ya formaları ilə bağlı vahid fikir formalaşmamışdır.Bəzi müəlliflər göstərirlər ki, beynəlxalq müqavilələr milli hüququn özünəməxsus mənbələri kimi çıxış edir. Həmin müəlliflər beynəlxalq hüquq normalarının milli hüquq normalarına çevrilməsi ideyasına əsaslanan "transformasiya" konsepsiyasını əsas götürürlər.L.X.Minqazov qeyd edir ki, təcrübədə dövlətlər istinad, inkorporasiya və transformasiya formasında implementasiyanın müxtəlif üsul və vasitələrindən istifadə edirlər. Onun fikrincə, transformasiya dedikdə, xüsusi aktın qəbul edilməsi yolu ilə beynəlxalq hüquq normalarının dövlətdaxili hüquq normalarına çevrilməsinin forma və metodlarının məcmusu, beynəlxalq hüquq normalarının milli hüququn ümumi prinsiplərinə uyğun olaraq yenidən işlənməsi başa düşülür. İstinad zamanı beynəlxalq hüquq normalarının məzmunu dəyişmir və o, milli hüquqa inkorporasiya olunmadan beynəlxalq hüquqda olan həcmdə tətbiq edilir. Resepsiya zamanı qanunverici beynəlxalq hüquqdan davranış modelini mənimsəyir və dövlətdaxili hüququn subyektləri üçün ona məcburi hüquqi qüvvə verir. Q.V.İqnatenkoya görə istinad zamanı davranış modeli vahiddir. O, beynəlxalq hüquq sistemində formulə edilir. Milli hüquq sistemində isə yalnız həmin modelin mənbəyi göstərilir.R.A.Müllerson inkorporasiya və istinadı beynəlxalq və dövlətdaxili hüququn uyğunlaşdırılması üsulları kimi xarakterizə edir. O, göstərir ki, istinad zamanı dövlət öz milli hüququna beynəlxalq hüquqa göndəriş edən norma və ya normalar daxil edir ki, onlar ölkə daxilində fəaliyyət göstərsin, milli hüququn subyektləri arasında münasibətləri tənzim etsin. İnkorporasiya zamanı dövlət beynəlxalq hüququn göstərişlərinin icrasına şərait yaradan milli hüquq normaları qəbul edir. F.Ə.Hüseynov qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sistemində implementasiyasının iki əsas üsulu mövcuddur: I. İnkorparasiya (incorporation – daxil etmə) üsulu. Bu üsula görə beynəlxalq hüquq normaları, dövlət həmin normaların məcburiliyini tanıdıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və beynəlxalq müqavilələr milli hüququn tərkib hissəsi hesab olunur.
II. Transformasiya. Bu üsula görə beynəlxalq hüquq milli hüququn tərkib hissəsi sayılmır. Beynəlxalq müqavilənin milli məhkəmələr tərəfindən tətbiqi üçün qanunverici orqan tərəfindən ayrı bir hüquqi aktın qəbul edilməsi tələb olunur. İ.İ.Lukaşuk qeyd edir ki, beynəlxalq hüquq normalarının milli hüquq sisteminə birbaşa təsiri benəlxalq hüquqdan inkorporasiya olunmuş, mənimsənilmiş normaların xüsusi xarakteri ilə şərtlənir.
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40