İnsan hüquqları və yaranan problemlər
10:11 05-11-2014
SİYASƏT
İnsan hüquqları və yaranan problemlər
İşgəncələr əleyhinə olan addımlar insan haqlarını daha da dayanaqlı edir
Bu gun cəmiyyətdə diqqət mərkəzində olan aktual problemlərdən biri də insan hüquq və azadlıqlarıdır. Bu problem siyasi-hüquqi problemlər sırasında mühüm yer tutur. İnsan hüquq və azadlıqları elmi-tədqiqat araşdırmalarının əsas predmetidir. İnsan hüquqlarının müdafiəsi dövlətin ən ali vəzifəsidir. Milli inkişafın ən vacib şərti insan haqlarının qorunması və müdafiəsidir.
Hüquqi dövlət dedikdə, insan hüquq və azadlıqları, onların yüksək səviyyədə müdafiəsi başa düşülür. Vətəndaşların hüquqlarını təmin etmək və qorumaq dövlətin başlıca funksiyasıdır.Bununla bağlı ekspert İlhamə Hüseynova maraqlı tezislərlə çıxış edib. Onun sözlərinə görə insan hüquqları baza və pozitiv hüquqlara ayrılır. Heç kəs insanı təbii hüquqlarından heç bir şəkildə məhrum edə bilməz. Bura yaşamaq, şəxsi toxunulmazlıq, həyat fəaliyyətini azad seçmək, vicdan, fikir, əqidə azadlığı və s. aiddir. Bütün bunlar insan hüquqlarının əsasını təşkil edir. Müasir cəmiyyəti azadlıq, sərbəst yaşamaq, bərabərlik, ədalət prinsiplərinə əsaslanan, universal xarakterli insan hüquqları olmadan təsəvvur etmək mümkün deyil. Çünki bir dövlətin hüquqi dövlət kimi var olması və inkişafı, bir cəmiyyətin azad cəmiyyətə çevrilməsi məhz insan hüquqlarının vəziyyətindən, bu hüquqların həcmindən, necə həyata keçirilməsindən asılıdır.
İşgəncə nədir? Latınca bükmək, burmaq mənasını daşıyan "toture" (işgəncə, əzab vermə) insanlıq tarixi qədər yaşı olan bir cəzalandırma üsuludur. Qədim zamanlardan bəri işgəncənin cəza, qorxutma, etiraf üçün tətbiq edildiyi məlumdur. Tarix boyunca daha çox dinə qarşı çıxanlara, homoseksualistlərə, cadugərliklə məşğul olanlara, vətənə xəyanət edənlərə, zina edənlərə qarşı müxtəlif işgəncələr həyata keçirilmişdir. İşgəncə ilə bağlı ən qədim məlumata bir misirli şairin yazısında rast gəlinir. Şair II Ramsesin 1300-cü ildə kölələrə, istilaçılara tətbiq etdiyi işgəncələrdən bəhs etmişdir. Tarixdən də bəllidir ki, işgəncələr bir çox dövlətlər tərəfindən həyata keçirilmişdir. Xüsusilə qədim Misir, Assuriya, Yunanıstan, Roma və digər qədim dövlətlərdə müxtəlif işgəncə növləri tətbiq edilmişdir. Romalılrın ədalət sistemində Talion prinsipini-"həyata görə həyat, gözə-göz, dişə-diş"rəhbər tutması bir çox ölkələrin ədalət sistemində önəmli faktora çevrilmişdir. Roma imperatorluğunda bir qulun ifadəsi yalnız işgəncə altında alınarsa qəbul edilirdi. Çünki bir qulun öz iradəsi, öz istəyi ilə həqiqəti söyləyəcəyi mümkün sayılmırdı.
Avropa ölkələrinin bir çoxunda orta əsr məhkəmələri müttəhimin günahlılıq dərəcəsinə və sosial statusuna görə işgəncə vermə qərarları çıxarmışlar. O zaman işgəncə ədalət sistemində mühüm yer tuturdu. İşgəncənin tətbiqi cinayət prossesinin istintaq forması ilə bağlı idi. Etiraf, cinayət törədən şəxslərin adlarının açıqlanması məqsədilə istifadə olunurdu.İnkvizisiya məhkəmələrində işgəncədən istifadə 1252-ci ildən başlamış və yalnız 1816-cı ildə Roma Katolik kilsəsi tərəfindən qadağan olunmuşdur. İşgəncələr həmçinin protestantlığın radikal cərəyanları arasında da yayılmışdır. Orta əsrlərdən XVIII əsrədək işgəncələrdən qanuni soruşdurma, məhkəmələrdə etiraf və ifadə almaq məqsədilə istifadə olunurdu.
İnsan hüquqlarının rəsmiləşdirilməsi sahəsində ilk cəhdlərə XIII əsrdə rast gəlmək mümkündür. Məsələn, İngiltərənin 1215-ci il "Böyük Azadlıqlar Xartiyası"nda, 1689-cu il "Hüquqlar haqqında Bill"də, ABŞ-da qəbul edilmiş 1776-cı il "İstiqlaliyyət Bəyyannaməsi"ndə, 1791-ci il "Hüquqlar haqqında Bill"də 1789-cu il Fransada elan olunmuş "İnsan və vətəndaş hüquqları haqqında Bəyyannamə "də insan hüquqları rəsmi ifadəsini tapmışdır.
Avropada işgəncələrin tətbiqinin məhdudlaşdırılması yalnız XVII əsrin sonlarında müşahidə edilir ki, bu da humanist maarifləndirmə ideyalarının yayılması iıə bağlıdır. Məhkəmə icraatı zamanı işgəncənin bütün növlərinin ləğv edildiyi birinci ölkə Prussiya olmuşdur. Orada işgəncələr faktiki olaraq 1754-cü ildən ləğv edilmişdir. (formal olaraq 1805) İşgəncələr Daniyada 1770, Rusiyada IIYekatrinanın gizli fərmanı ilə 8 noyabr 1774-cü ildə, (rəsmi olaraq I Aleksandrın 27 sentyabr 1801-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir) Avstriyada 1776, (bəzi məlumatlara görə 1787) Fransada 1780 (inqilabçı Milli Assambleya tərəfindən 1789-cu ildə təsdiq edilmişdir), Niderlandda 1789, Siciliya Krallığında 1789, Avstriya Niderlandında 1794, Venetsiyada 1800, Bavariyada 1806, Papa Vilayətində 1815, Norvegiyada 1819, Hannoverdə 1822, Portuqaliyada 1826, Yunanıstanda 1827-ci ildə ləğv olunmuşdur. Avropa ölkələrindən ən gec İsvecrə işgəncəni ləğv etmişdir. Sürix kantonu 1831, Friburq kantonu 1848, Bazel kantonu 1850, Qlarus kantonu isə 1851-ci ildə işgəncələri ləğv etmişdir. İngiltərədə isə işgəncələrin bəzi növlərinin qadağan edilməsi məlumdur. Məsələn 1772-ci ildə İngiltərədə "peine forte et dure" (fr. güclü və davamlı əzab) qadağan edilmişdir. Bu anqlo-sakson hüquq sistemində məhkəmə qarşısında çıxış etməkdən imtina edən şübhəli şəxsə tətbiq edilən işgəncə növüdür.İnsanın sinəsinə lövhə qoyulur, onun üzərinə daşlar yığılırdı və tədricən təzyiq artırılırdı və nəticədə bu işgəncə ölümə gətirib çıxara bilirdi. Məhkəməyə çıxarılması üçün şübhəli şəxs öz günahını etiraf etməliydi. Əgər o səssiz qalıb susmağa davam edərək bu işgəncə altında ölərdisə formal olaraq günahsız sayılırdı. Ölüm cəzasının tətbiq olunması nəzərdə tutulan bəzi cinayətkarlar "peine forte et dure" ilə ölməyi üstün tutrdular ki, bu halda da onların əmlakı müsadirə olunmurdu və vərəsələrinə keçirdi.
XIX əsrdən insan hüquqları dövlətlərin kontitusiyalarında təsbit edilməyə başlandı və indi demək olar ki, bütün dövlətlərin konstitusiyaları insan hüquqları və onların təminatlarını nəzərdə tutur.
XX əsrdə işgəncələr faşist Almaniyası, Çin, Latın Amerikası, Afrika və Asiya diktaturalarında, totalitar, diktator və repressiya rejimləri olan digər ölkələrdə yenidən geniş tətbiq olunmağa başladı.
XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də müasir dünyamızda işgəncələr var.Azərbaycan xalqı artıq iki əsrə yaxındər ki, erməni millətçiləri tərəfindən vaxtaşırı beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, həmçinin əsas insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və digər qeyri-insani və insan ləyaqətini alçaldan rəftarla müşayət olunan etnik təmizləməyə və təcavüzə məruz qalmaqdadır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübüt edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırım siyasəti yeridir. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın, qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmiş – onlar vəhşicəsinə döyülmüş, qəsdən şikəst vəziyyətinə salınmış, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılmış, dırnaqları və dişləri çıxarılmış, yarlarına duz basılmış, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülmüş, damarlarına benzin yeridilmişdir. Təəsüflər olsun ki, hələ də dünya ictimaiyyəti bütün bu olanlara göz yumur.
İşgəncə müəyyən zorakı yollarla, hər hansı bir məqsədə çatmaq üçün bir nəfərən (bir qrupun) digərinə (başqa bir nəfərə və ya bir qrupa) ləyaqəti alçaldan, şəxsiyyətə toxunan, ağrı və əzablarla müşahidə olunan hərəkəti, qəddar rəftarı kimi başa düşülə bilər.
Heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır. Bu müddəalar İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində də göstərilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz və heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
İstər milli qanunvericilik, istərsə də beynəlxalq hüquq normaları şəxsin şərəf və ləyaqətinin alçaldılmasının qadağan edilməsini müəyyən edərkən, həm dövləti şəxsin şərəf və ləyaqətinə qəsd etməkdən çəkindirir, həm də insanların kənardan olan belə qəsdlərdən müdafiəsinin təşkil edilməsini dövlətin vəzifəsi kimi təsbit edir.
İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasının 1-ci maddəsi işgəncəyə belə bir anlayış verilmişdir:
İşgəncə- hər hansı bir şəxsə ondan və ya başqa şəxsin məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir.
İşgəncə anlayışında 3 element əhatə olunur:
1.qəsdən fiziki və ya psixi cəhətdən iztirab vermə;
2.bilavasitə və ya dolayısı ilə iştirak edən şəxs tərəfindən iztirab vermə;
3.müəyyən məqsədlə iztirab vermə.
BMT-nin İşgəncə əleyhinə konvensiyasının 1-ci maddəsində verilmiş "işgəncə" tərifi üç müştərək elementi ehtiva edir:
-işgəncə beynəlxalq hüquqa əsasən qadagan edilir və heç vaxt ona bəraət qazandırıla bilməz;
-işgəncənin qadağan edilməsi mütləqdir və qeyd şərtsizdir;
-qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəzaların da qadağası mütləqdir və qeyd-şərtsizdir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35