Əli Nağıyevin müsahibəsi onun 2015 planını pozdu
11:25 06-11-2014
İQTİSADİYYAT
Əli Nağıyevin müsahibəsi onun 2015 planını pozdu
Sabiq nazirin dedikləri hakimiyyət daxilində narazılıqla qarşılanıb
Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev uzun müddətdən bəri davam edən susqunluğunu pozaraq verdiyi açıqlamalar hökumət daxilində narazılıqla qarşılanıb. Nağıyevin həmin müsahibədə nazir olduğu dövrlə bağlı bir çox məqamları dilə gətirməsi, öz fəaliyyətini xüsusi qabartması, bəzi dairələrə üstüörtülü şəkildə tikanlı ismarıclar göndərməsi, ələlxüsus ölkənin təhsil sisteminin hazırki durumunu ən kəskin dillə tənqid etməsi iqtidar dairələrində mənfi reaksiyalar doğurub.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, "Odlar Yurdu" universitetinin rektoru Əhməd Vəliyevin Əli Nağıyevə sərt cavabından da görmək olar.
Əhməd Vəliyev Əli Nağıyevin özünün vaxtilə fəaliyyətində nöqsanlara yol verdiyini və buna görə işini itirdiyini söyləyib: "Əli Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri olan vaxt məgər təhsil nazirindən yaxşı fəaliyyət göstərib? Hər halda, yaxşı fəaliyyəti olsaydı, vəzifəsini itirməzdi. Əli Nağıyev nazir işləyən zaman insanların sosial rifahının yaxşılaşdırılması ilə bağlı hansı səmərəli işləri görüb? Gərək insan ilk növbədə özünə sual versin ki, mən vaxtilə vəzifədə olanda hansı nailiyyətlərə imza atmışam və bu gün hansı işləri görürəm. Yunan filosofu Sokratın bir deyimi var: "Əvvəl özün özünü tanı, sonra elə nəzər elə". Ona görə də Əli Nağıyev gərək ilk növbədə özünə sual verməlidir ki, mən nə işlər görmüşəm. Tənqid edəndə də deməlidir ki, bəs filan uğurlu işləri görmüşəm və bu gün də filankəs ayrı addımlar atır və sairə. Çox qəribədir ki, indi hamı təhsilin tənqidi ilə məşğul olur. Amma nəzərə almaq lazımdır ki, təhsildə bu gün atılan addım 10 ildən sonra bəhrəsini verir. Bu maşın istehsalı deyil ki, tez zamanda öz nəticəsini göstərsin. Biz təhsil sahəsində hər hansı yenilik etmək istəyiriksə, bunun üçün illər lazım olacaq. Təhsildə bir-iki ilə yüksək nailiyyət əldə etmək mümkün deyil. Bu gün Azərbaycanın uğurlu təhsil strategiyası mövcuddur. Bu strategiya da Təhsil Nazirliyi tərəfindən zaman-zaman həyata keçirilir".
Ə.Vəliyev qeyd edib ki, təhsilin inkişafı ailədən başlayır: "Hər bir təşkilat və insan təhsilə bağlı olmalıdır. Ona görə də təhsildə hər hansı çatışmamazlıq olanda da bunun səbəblərini hər hansı insanın və ya idarənin üzərinə atmaq düzgün deyil. Bu gün cənab prezident təhsilin inkişafı məsələsini daim diqqətdə saxlayır. Artıq ölkə prezidenti və Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda təhsilin maddi bazası tam şəkildə düzəldilib. Bu gün artıq biz öz fəaliyyətimizi həmin baza üzərində inkişaf etdirə biləcəyik".
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Əli Nağıyevin gələnilki parlament seçkilərində namizəd olmaq istəməsi istisna edilmirdi. Elə sabiq nazir özü də məlum müsahibəsində vaxtilə nazir postunu deputat mandatına dəyişməyə həvəsli olduğunu, amma o dövrki ölkə başçısı mərhum Heydər Əliyevin buna razılıq vermədiyini bildirib.
Əgər sabiq əmək və əhalinin sosial müdafiəsi naziri doğrudan da gələn ilki parlament seçkilərində Milli Məclisə mandat qazanmağı hədəfləyibsə, çətin ki, bu müsahibəsindən sonra ona belə bir imkan tanınsın. Görünən odur ki, Əli Nağıyev məlum açıqlamaları ilə parlamentə gedən yolda özünə "qırmızı işıq" yandırılmasına rəvac verib.
Xatırladaq ki, Əli Nağıyev 10 il (1996-2006)-cı illərdə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, bu görəvdən uzaqlaşdırıldıqdan sonra beş il (2006-2011) ölkəmizin Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2006-2011), həmçinin Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi (2009-2011) vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının qurucularından biri və partiya sədrinin keçmiş müavini olan Nağıyev 3 ildir işsizdir. Bəzi qaynaqlar onun bir çox sabiq məmurlar kimi, gələnilki parlament seçkilərində namizədliyini irəli sürə biləcəyini bildirirlər.
Amma keçmiş nazir belə iddialara indiyədək heç bir münasibət bildirməyib, - yəni bu xəbərləri nə təsdiq, nə təkzib edib.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53