Gürcüstanda hakimiyyət böhranı: "Gürcü arzusu" tarixə qovuşur
Hökumətdən istefalar başladı, koalisiya dağıla bilər
Gürcüstan hakimiyyətində dərin çatlar yaranıb. Buna səbəb baş naziri İrakli Qaribaşvili tərəfindən müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsi olub.
Dünən gecə qonşu ölkədən gələn məlumatlarda Alasaniyanın komandasında olan bütün hökumət üzvlərinin istefası istisna edilimir. Bu barədə baş nazirin müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Alasaniya niyə istefaya göndərilmişdi?
Qeyd edək ki, Gürcüstanın baş nazirinin müdafiə nazirini istefaya göndərməsinə səbəb Müdafiə Nazirliyindəki yeyintilərlə bağlıdır.
Belə ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli məmurları 28 oktyabrda saxlanılıb. Onlar 4,1 milyon lari (təxminən 2 milyon 350 min dollar) dövlət vəsaitinin bədxərcliyində ittiham olunur. Saxlanılanlar arasında Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin keçmiş rəhbəri Qizo Qlonti, Baş Qərargahın rabitə və informasiya texnologiyaları üzrə departamentinin müdiri Nuqzar Kaişauri, Müdafiə Nazirliyinin dövlət satınalınmaları üzrə departamentin idarə rəisi Georqi Lobjanidze, dövlət satınalmaları departamentinin əsas mütəxəssisi Arçil Alavidze və Baş Qərargahın rabitə və informasiya texnologiyaları departamentinin idarə başçısı David Sipuriyanın adı çəkilir.
İstintaqın məlumatına görə, saxlanılan şəxslər tenderin saxtalaşdırması yolu ilə "Silknet" şirkətindən fiber-optik kabel və şəbəkə avadanlığının alınması zamanı ciddi qanun pozuntularına yol veriblər. Əməliyyatın keçirilməsi vaxtı müdafiə nazirinin özü xarici səfərdə olub.
Alasaniyanın istefasından sonra əsas məsələ
Bildirək ki, Alasaniyanın istefaya göndərilməsindən sonra əvvəllər böhranların idarə edilməsi və təhlükəsizlik üzrə hökumət şurasının katibi işləmiş Mindiyu Canelidze yeni müdafiə naziri təyin edilib.
Əlavə edək ki, istefaya göndərilən İ.Alasaniya "Bizim Gürcüstanımız - Azad demokratlardır" Partiyasına rəhbərlik edir. "Mən istisna etmirəm ki, Alasaniyanın partiyasını təmsil edən qalan nazirlər də hökuməti tərk edəcəklər. Çünki onlar bir komandadır. İstefalar da təbii olacaq", - deyə K.Kaladze vurğulayıb.
Alasaniyanın partiyasını təmsil edən nazirlər isə xarici işlər naziri Maya Pancikidze, ədliyyə naziri Teya Sulukiani və Avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilidir. Əvvəlcə Aleksi Petriaşvili sabiq həmkarı ilə həmrəylik nümayiş etdirərək istefaya gedəcəyini açıqlayıb.
Hazırda əsas məsələ İ.Alasaniyanın partiyasının "Gürcü arzusu" koalisiyanı tərk edib-etməyəcəyidir. Əgər belə bir qərar qəbul edilərsə, koalisiya parlamentdəki 10 deputat mandatını itirəcək. Bu isə koalisiyaya parlamentdə əksəriyyəti saxlamağa imkan verməyəcək.
Gözlənilən istefa gəldi: "Diktatura yaxındır,
demokratiya təhlükədədir"
Dünən səhər saatlarında Gürcüstanın Avrointeqrasiya üzrə dövlət naziri Aleksi Petriaşvilinin istefası rəsmiləşib. "Diktatura yaxındır, demokratiya təhlükədədir, mən gedirəm", - deyə A.Petriaşvili "Maestro" telekanalının birbaşa efirində deyib. Petriaşvilinin sözlərinə görə, o, bu gün rəsmən istefasını elan edəcək.
Qiqa Bokeria: "Əsas təhlükə Rusiya oliqarxıdır"
"Artıq hər şey ortadadır. Bidzina İvanişvili ölkəni dərin böhrana qədər çatdırdı". Bu sözləri Gürcüstanın "Vahid Milli Hərəkat" Partiyasının liderlərindən olan Qiqa Bokeria hökumətdəki son istefalara münasibət bildirərkən deyib.
Q.Bokeria İvanişvilinin ölkəni dərin böhrana qədər çatdırdığını bildirib: "Artıq formal əlamətlər mövcuddur: iki nazir istefa verib, büdcə yerinə yetirilməyib, Abxaziyanın zəbt edilməsinə heç bir reaksiya yoxdur. Yaxın vaxtlarda ölkəmiz üçün həyati məsələləri həll edən müdafiə nazirinə qarşı hakimiyyətin siyasi təqiblərinin şahidiyik. O, təmsil olunduğu komandasının əsl üzvü idi. Alasaniya bildirib ki, hazırda ölkənin qərb seçiminə təhlükə yaranıb. Amma bu belə deyil, təhlükə çoxdan mövcuddur".
O, qeyd edib ki, Alasaniyanı ittiham etmək fikrindən uzaqdır və hazırda əsas məsələ ölkənin sabah hara gedəcəyidir: "Əsas təhlükə Rusiya oliqarxıdır. Axı, bütün bunlar oliqarxın oynadığı oyunun bir hissəsidir. Buna görə də cəmiyyətin əsas məsələsi bu rejimə nöqtə qoymaqdır. Budur əsas problem, biz çıxış yolu tapmalıyıq".
İstefaya göndərilən nazir Saakaşvilinin tərəfinə keçir
Bu arada məlum olub ki, müdafiə naziri postundan istefaya göndərilən İrakli Alasaniya keçmiş prezidenti Mixail Saakaşvili qurucusu olduğu "Vahid Milli Hərəkat" Partiyası ilə əməkdaşlığı istisna etmir. Bu barədə keçmiş nazirin özü "Rustavi-2" telekanalına müsahibəsində deyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35