Azərbaycanda gender bərabərliyi necə təmin olunur?
11:29 06-11-2014
SİYASƏT
Azərbaycanda gender bərabərliyi necə təmin olunur?
Mehriban Zeynalova: "Mövcud stereotiplər, adətlər, məmurların qadınlara münasibəti qadınların hüquq bərabərliyinə maneələr törədir"
"Hər bir güclü kişinin arxasında güclü qadın dayanır" fikri artıq tarixə qovuşmaq üzrədir. Çünki, indi qadınlar kişilərin arxasında dayanıb yalnız onların qulluğunda duraraq ailə qayğılarını yüklənməklə işlərini bitmiş hesab etmir, onlarla birgə addımlayırlar. Sevindirici haldır ki, artıq Azərbaycanda kişilərlə yanaşı qadınlar da yüksək postlarda təmsil olunurlar. Artıq qadınlar vəzifə bölgüsündə heç də kişilərdən geri qalmırlar.
Əvvəllər qadınlar müəllim, həkim və sair sahələrdə təmsil olunurdularsa, indi qadınlar millət vəkili, təşkilat rəhbəri, başçı, müavin kimi vəzifələrdə çalışırlar. Hətta, qadınların işində daha peşəkar, ciddi və tələbkar olduğunu nəzərə alaraq Prezident Administrasiyası bütün rayon icra hakimiyyətlərinə qadınların yüksək vəzifədə təmsil olunması ilə bağlı ciddi göstəriş verib. Göstərişə əsasən bütün rayon icra başçısının müavinlərindən biri mütləq qadın olmalıdır. Elə beynəlxalq hesabatlarda da, Azərbaycan gender bərabərliyinin təminatı sahəsində pillə-pillə irəliləyir. Dünya İqtisadi Forumu 2014-cü il üçün gender bərabərliyi indeksini açıqlayıb. Bununla bağlı yayılan indeksdə qeyd olunur ki, Azərbaycan gender bərabərliyi göstəricisinə görə 142 ölkə arasında 94-cü yerdə dayanır.
Bununla yanaşı, Azərbaycanın qonşuları - Rusiya 75-ci, Gürcüstan 85-ci, Ermənistan 103-cü, Türkiyə 125-ci, İran 137-ci sıradadır. Keçmiş SSRİ subyektlərindən Latviya 15-ci, Litva 44-cü, Estoniya 62-ci pillədə qərarlaşır. MDB məkanından Moldova 25-ci, Ukrayna 56-cı, Belarus 32-ci, Qazaxıstan 43-cü, Qırğızıstan 67-ci, Tacikistan 102-ci yeri tutur. Gender bərabərliyi göstəricisinə görə ən yaxşı 5 ölkə İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarkadır.
Ən pis 5 ölkə sırasında isə Mali, Suriya, Çad, Pakistan və Yəmən dayanır.
Beynəlxalq hesabatlar da göstərir ki, inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq Azərbaycanda gender bərabərliyi ilə bağlı ciddi problemlər yoxdur. Düzdür, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu sahədə bəzi problemlər var. Ancaq danılmaz həqiqətdir ki, Azərbaycan qadını ölkənin bir sıra sahələrində fəaliyyət göstərir və onlara qarşı hər hansı diskriminasiya yoxdur. Bütün bunların fonunda Azərbaycanın gender bərabərliyi göstəricisinə görə 142 ölkə arasında 94-cü yerdə dayanmasına ekspertlərin münasibəti necədir?
Məsələyə münasibət bildirən "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, Azərbaycanda gender bərabərliyində müəyyən problemlər olsa da, pozitiv işlər də az deyil: "Xüsusən də 2014-cü ildə gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, icra başçılarının müavinləri vəzifələrinə qadınlar gətirilib və s. Ancaq nəzərə almaq lazımdır ki, gender bərabərliyi təkcə kadr siyasəti ilə ölçülmür.
Azərbaycanda vəzifədə olan məmur qadınların sayı günü-gündən artsa da, ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmini məsələsində problemlər hələ də qalmaqdadır. Bu gün ölkəmizdə bir tərəfdən qadınlar Milli Məclisdə, dövlət qurumlarında ali kürsüdə əyləşirlərsə, digər tərəfdən qadınlara qarşı zorakılıq, zərif cinsin nümayəndələrinin təhsildən yayındırılması, məcburi nigaha cəlb etmə kimi hallar mövcuddur. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, Azərbaycan qanunvericiliyində göstərilən müddəalara əsasən ölkədə gender bərabərliyi tam şəkildə əhatə olunub və bu barədə ayrı şəkildə "Gender bərabərliyi haqqında" qanun da qəbul olunub: "Lakin praktikada gender bərabərliyi mövzusunda vəziyyət heç də ürəkaçan deyil. Mövcud stereotiplər, adətlər, məmurların qadınlara münasibəti qadınların hüquq bərabərliyinə maneələr törədir".
Azərbaycandakı iqtisadi və sosial durumun qadınların vəziyyətinə müsbət təsiri olmadığı aydın məsələdir. Bu sahədə qadınlara nə kimi yardım göstərilməli olduğundan danışan Mehriban Zeynalova ilk öncə qadınların sosial müdafiəsinin vacibliyini vurğulayır. M. Zeynalova deyir ki, qadın və qızların təhsilinə, qadın mərkəzlərinin yaradılmasına və cəzaların tətbiqinə diqqət yetirilməlidir. Qadınların böyük hissəsi xüsusi amansızlıqla qətlə yetirilir. Son zamanlar qızların ata, qardaş və qanqohumluğu olan şəxslər tərəfindən zorlanması haqda mütəmadi olaraq məlumatlar alırıq. Lakin zorlama faktları ilə bağlı bir çoxları məlumat verməkdən imtina edir. Bunun da səbəbi qadına qarşı ictimai qınağın olmasıdır. Belə hallarla qarşılaşan valideynlər əksər hallarda öz övladını günahkar bilir. Zərərçəkmişlər üçün xüsusi sığınacaqların olmaması bu sahədə vəziyyəti bir az da gərginləşdirir. Nədənsə daha çox qadınların fiziki zorakılığa məruz qalmaları haqda müzakirələr aparılır. Təəssüflər olsun ki, bu gün Azərbaycan reallığında fiziki zorakılıq faktları ilə yanaşı iqtisadi və psixoloji zorakılıq faktlarının sayı get-gedə artmaqdadır. Lakin heç bir hüquq mühafizə orqanlarına bu problemlə əlaqədar müraciətlər daxil olmur. Baş verən hadisələr Azərbaycanda qadınlara, azyaşlı qızlara qarşı ailədaxili zorakılıq faktlarının olduğunu bir daha göstərir. Azərbaycan əhalisi arasında hər zaman qadınlar daha üstün faizə malik olublar. Qadınlar 51 %, kişilər isə 49 % olub. Lakin bugünki rəqəmlərə nəzər yetirdikdə kişilərin say göstəricisinin 57 %, qadınların isə daha az olduğunu görə bilərik. Öncəki illərdən fərqli olaraq kişilərin qadınlardan daha çox qadına qarşı zorakılığın get-gedə artdığını göstərir. Gündəlik olaraq sosial şəbəkələr, qəzet, televiziya, radio vasitəsilə qadınlara qarşı zorakılıqlardan xəbərdar oluruq. Qadın öldürülür, zorakılığa, işgəncəyə məruz qalır, ya da ki, intihar etməli olur. Azərbaycanda qadına qarşı zorakılığın dinamikası hələ ki, azalmır, əksinə artmaqda davam edir. Qanunda bu istiqamətdə ciddi boşluqlar var. İlk növbədə bu sahədə müəyyən işlərin görülməsinə ehtiyac görürəm. Qız uşaqlarının erkən ərə getmələri ilə bağlı qanunda cərimələr nəzərdə tutulsa da hələ ki, Azərbaycanda kiminsə buna görə cinayət məsuliyyətinə cəlb edildiyini görməmişik. Baş verəcək qanun pozuntuları ilə əlaqədar polisin də rolu müəyyən edilməyib. Məsələn, kimsə psixoloji, ya iqtisadi zorakılığa məruz qaldığı üçün müraciət etdikdə, polis heç bir zədə olmadığı üçün şikayət etdiyiniz şəxsi məsuliyyətə cəlb etməkdən imtina edəcək. Döyməyə görə cəzanın tətbiq edilməməsi də bu sahədə vəziyyəti daha da acınacaqlı edir. Bu gün istənilən şəxs cəza olmadığı üçün həyat yoldaşını döyə bilər. Bunun müqabilində yalnız cərimə ödəyən kişi ödədiyi pula, həm də həyat yoldaşının polisə müraciət etməsinə görə onu yenidən döyəcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin "Qadınların siyasi hüquqları" üzrə konvensiyasına, 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulub: " Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır. 2000-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi" üzrə fərman imzalanıb. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunublar. Fərmana əsasən Azərbaycanın bütün bölgələrində icra hakimiyyəti başçılarının müavinlərindən biri qadınlardan təyin olunmalıdır. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilməkdədir. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul edib. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanıb. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə edib. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılıb. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulub.
Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB, AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hal hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunmaları və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilməkdədir. Həyata keçirilən layihələr nəticəsində nazirliklər, Konstitusiya və Ali məhkəmələr, Bakı şəhər icra hakimiyyətini əhatə edən dövlət qurumlarında çalışan qadınların şəbəkəsi yaradılıbdır. Şəbəkənin bir sıra dəyirmi masa və seminarları keçirilib. Qadın hüquqlarının qorunması sahəsində Azərbaycan Avropa Şurası ilə də bir neçə ildir ki, əməkdaşlıq edir. Ölkəmiz AŞ-nın tövsiyələri əsasında qanunvericiliyin gender nöqteyi-nəzərdən təkmilləşdirilməsinə çalışır, o cümlədən AŞ-nın müxtəlif qurumlarının genderin təşviqi sahəsindəki fəaliyyətində yaxından iştirak edir. Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olub. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verir. 2007-ci il yanvarın 23-də BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsində ölkəmizin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya üzrə Azərbaycanın 2-ci və 3-cü dövrü hesabatına baxılıb. Hazırda Azərbaycan Hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" adlı beynəlxalq forum keçirilib. Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın bütün rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər. Bir çox qurumlarda onlar mütəxəssis səviyyəsində, bəzilərində isə hətta sədr,nazir müavini , nazir məsləhətçisi səviyyəsində fəaliyyət göstərirlər".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35