Füzuli Ələkbərovla işçiləri arasında maaş qovğası
12:23 07-11-2014
İQTİSADİYYAT
Füzuli Ələkbərovla işçiləri arasında maaş qovğası
Keçmiş nazirin idmançıların əmək haqlarını ödəyə bilməməsinin səbəbi nədir?
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun prezidenti olduğu Cüdo Federasiyasında sular getdikcə bulanır. Bundan əvvəl bildirilirdi ki, idmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaradıb.
Məlumatlara görə bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri turnirindəki yeganə təmsilçimiz Mahir Cəfərli yarışa getdiyinə peşman olub. 66 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz ilk qarşılaşmasında rusiyalı Denis Lavrentiyevə məğlub olmuşdu. Rəqib isə 1/4 final səddini keçə bilmədiyindən Cəfərli turnirlə vidalaşıb.
Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub. Federasiyaya yaxın mənbədən əldə edilən məlumata görə, rəhbərlik xüsusi iclas keçirmək fikrindədir. Belə ki, qurumda kimin qalacağı, kimin gedəcəyi məsələləri ciddi müzakirə olunacaq. Cüdoçularımızın uğursuzluğu federasiyanı medal üzünə həsrət qoyub. Federasiyadan qovulacaqlar siyahısına 3 nəfərin adı salınıb. Hazırda onların kimliyi barədə dəqiq məlumat yoxdur. Amma həmin şəxslərdən birinin vitse-prezident Elnur Məmmədli olacağı istisna edilmir.
Dünən yayılan bir məlumat isə Ələkbərovun federasiyasında situasiyanın günbə-gün qəlizləşdiyini deməyə əsas verir. Məlumata görə, Cüdo Federasiyasında etiraz sədaları baş qaldırıb.
Etirazın səbəbi maaş problemidir. Belə ki, idmançılar iki aydır ki, federasiyadan maaşlarını tələb etsələr də, ala bilmirlər. Maaşın verilməməsinin səbəbi tam olaraq açıqlanmayıb. Onlara yalnız "bu yaxınlarda veriləcək, bir az səbr edin" deyilib.
İdmançılar da bu duruma etiraz ediblər. Çünki həmin vəziyyət onları həvəsdən salır. Bu da birmənalı olaraq onların məşq keyfiyyətinə təsir edir.
Verilən başqa bir məlumata görə, vəziyyətlə bağlı bəzi cüdoçular federasiyanın rəhbəri Füzuli Ələkbərovun özü ilə görüşmək istəyiblər. Ancaq bəzi səbəblər üzündən bu baş tutmayıb. İndi maaş üzünə həsrət qalan idmançılar problemin tez zamanda həllini tələb edirlər.
Qeyd edək ki, Füzuli Ələkbərov nazir təyin olunduqdan sonra "İmprotex Group" şirkətini həyat yoldaşı İradə Ələkbərovanın adına keçirmişdi. Nəzərə çatdıraq ki, "İmprotex Group"in biznes fəaliyyətinə bir sıra sahələr, o cümlədən bahalı yaxtaların satışı, turizm, ölkəyə sərnişin daşımada istifadə olunan avtobusların gətirilməsi də daxildir.
Bu yaxınlarda keçmiş nazir Bakıda yarım milyonluq avtomobillərin satıldığı yeni avtosalon açıb. Buradan isə belə məlum olur ki, Ələkbərov nazir postundan uzaqlaşdıqdan sonra bütün gücünü biznesinin gücləndirilməsinə, genişləndirilməsinə ayırmağa başlayıb. O da qəti şəkildə istisna edilməməlidir ki, keçmiş nazir holdinqinə daxil olan adıçəkilən şirkətlərin də fəaliyyət arealını yaxın vaxtlarda daha da genişləndirəcəkdir.
O zaman ortaya maraqlı sual çıxır: bir halda ki, Füzuli Ələkbərovun "biznes imperiyası"nda ciddi geriləmə, hər hansı maliyyə krizisi yoxdursa, o zaman keçmiş nazir idmançıların maaşını niyə ödəməsin və nə üçün federasiya işçilərinin etirazına səbəb olsun?
Burada iki məqam ola bilər: ya Füzuli Ələkbərov idmançılarının uğursuzluqlarından o qədər qəzəblənib ki, onların maaşını ödəməməklə əslində onları cəzalandırmaq istəyir. Ya da mümkündür ki, Ələkbərov artıq Cüdo Federasiyasının himayəsindən çıxarılmasına çalışır, qurum daxilində narazılıqları alovlandırmaq, uğursuz nəticələrə yol açmaqla da bu prosesi sürətləndirmək niyyətindədir.
Hazırda ölkədəki idman federasiyalarının əksəriyyəti nazir postu tutan şəxslərin himayəsindədir. Ehtimal etmək olar ki, Ələkbərov nazir olmadığı halda Cüdo Federasiyasının maliyyə yükünün yenə də öz çiynində qalmasından narazıdır. Elə bu səbəbdən də həmin quruma qarşı "səxavətli" olmamağa, federasiya işçilərinin maaşını kəsməklə isə bu niyyətini açıq biruzə verməyə başlayıb.
Hər halda keçmiş nazirin federasiyasında cərəyan edənləri izləməyə və əlavə məlumatlar olarsa, onu sizinlə bölüşməyə davam edəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53