Məşhur birinci katibin müəmmalı ölümü
12:37 07-11-2014
İQTİSADİYYAT
Məşhur birinci katibin müəmmalı ölümü
Pyotr Maşerovun axırına nə çıxdı: avtoqəza, yoxsa siyasi qətl?
1980-ci il oktyabrın 4-də Siyasi Büro üzvlüyünə namizəd, Belarusiya KP MK-nın birinci katibi Pyotr Maşerovun avtoqəza nəticəsində həlak olması ən səsli-küylü hadisələrdən biri olub. Dövrün bir çox siyasiləri Maşerovun ölümünün əsl səbəbinin siyasi qətl olmasını bildirsələr də, rəsmilər bu hadisədə heç bir sui-qəsdin, sifarişin, siyasi qətlin olmadığını bəyan edərək, məsələni qapayıblar. Ancaq bu günə qədər də baş vermiş müəmmalı avtoqəza haqqında müxtəlif fikirlər, versiyalar söylənməkdədir.
modern.az saytı sovet tarixin daha bir müəmmasından bəhs edir.
Hadisə ilə bağlı ortaya çıxan ilk sual hədəfin nəyə görə məhz Maşerov olmasıdır. Digər bir tərəfdən avtoqəza baş verən ərəfədə hadisələrin gedişi də bir çox müəmmalara və haqlı şübhələrə səbəb olur.
15 il Belarusiyanın birinci katibi vəzifəsində çalışan Pyotr Maşerov SSRİ məkanında kifayət qədər nüfuza malik, ədalətli, xalqı üçün çalışan, mötəbərliyindən asılı olmayaraq siyasi tədbirlərdə sözünü deməyi bacaran, tənqidi fikirlərini çəkinmədən söyləyən və çox sadə, səmimi siyasi fiqur kimi tanınıb. Siyasi Büronun iclaslarında SSRİ-Əfqanıstan münasibətlərini, SSRİ-nin ərzaq proqramının ölkəni uçuruma aparmasını cəsarətlə tənqid edən, yarıtmaz çinovniklərin cəzalandırılmasını tələb edən Maşerov "mürgüləyən" Kreml məmurlarının rahatlığına tez-tez haram qatıb.
Təbii ki, belə qətiyyətli, xalq arasında hörmət qazanan, Böyük Vətən Müharibəsi illərində partizan dəstəsinə rəhbərlik edən, göstərdiyi şücaətlərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, baş verən mənfi hallara göz yummayan siyasətçinin mövcudluğu Kremldə əyləşənlər üçün problemə çevrilib.
Belarusiya rəhbərinin mövcudluğunun yaratdığı narahatlıq təkcə bundan ibarət olmayıb. Brejnev hakimiyyətinin sonunun yaxınlaşmasının qaçılmaz olduğunu dərk edən Siyasi Büro üzvləri Maşerovun Baş katib kürsüsünə sahib olacağını istisna etməyiblər. 1980-ci ilin sonunda Maşerovun SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə gətirilməsi ilə bağlı qəbul olunmuş qeyri-rəsmi qərar isə onun Brejnevdən sonra birinci şəxs olacağını daha da real edib. Hətta Kremldə kinayəli ifadələr də eşidilib: "Brejnevdən sonra SSRİ-nin paytaxtı Minsk olacaq", "Maşerov SSRİ-ni Minskdən idarə edəcək".
Bəzi araşdırmaçıların qənaətinə görə, Maşerovun aradan götürülməsi Brejnevin razılığı ilə həyata keçirilib. Birincisi ona görə ki, Maşerovun nüfuzu Brejnevi narahat edib, onu özünə ciddi rəqib sayıb və son çıxış yolunu onu fiziki cəhətdən məhv etməkdə görüb.
Ancaq belə bir sual da meydana çıxır. Bəs nəyə görə Brejnev hələ 1980-ci ilin yayında Maşerovla söhbətində onu SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə gətirilməsini təklif edib? Brejnev Maşerovu yeni yüksək vəzifəyə gətirməkdə Kremldəki siyasi balansı tənzimləmək, xalq arasında nüfuzlu olan bir siyasətçini irəli çəkməklə ədalətli olduğunu sübut edərək, öz nüfuzunu artırmaq və nəhayət Baş katib kürsüsünə iddialı olan Andropovu zərərsizləşdirmək məqsədini güdüb. Baxmayaraq ki, Andropov Brejnevin sağ əli sayılırdı.
Brejnevlə Maşerovun arasında siyasi müstəvidən kənar başqa bir qapalı mübarizə də olub. Belə ki, həmin dövrdə Brejnevin qızı Qalina brilyant alveri edərkən Belarusiya ərazisində yerləşən kömrük məntəqəsindən qeyri-qanuni qiymətli daşları keçirəndə Maşerov onun qarşısını alıb. Bu da öz növbəsində Brejnevin qəzəbinə səbəb olub.
Versiyalara görə, bu məsələdən sonra daha ziddiyyətli bir məmur, Andropovla mübarizədə mövqeləri laxlamağa başlayan SSRİ daxili işlər naziri Şelokov Brejnevin qarşısında etimadını doğrultmaq, etibarını göstərmək üçün Baş katibdən Maşerovu aradan götürmək icasəsini istəyib. Brejnev etiraz etməyib. Tədqiqatçıların fikrinə görə, Maşerova sui-qəsd planı müvəqqəti də olsa Şelokovla Andropovu yaxınlaşdırıb. Çünki sui-qəsdin təşkil olunmasına Andropov da cəlb olunub. Təbii ki, Maşerovun aradan götürülməsi Andropovun gələcək planları, Baş katib olması üçün çox vacib idi.
Baş verən avtoqəzanın təffərrüatları yuxarıda qeyd olunan versiyaların ağlabatan olduğunu təsdiqləyir:
Hadisədən iki həftə əvvəl Minskdə Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbərliyi gözlənilmədən dəyişdirilib.
Maşerovun şəxsi təhlükəsizlik xidmətinin rəhbərinin vəzifəsi Moskva tərəfindən dəyişdirilib.
Həmin ərəfədə Maşerovun zirehli "ZİL" avtomobili təmirə göndərilib.
Birinci katibin əvvəlcədən müəyyən olunan ərazilərə çıxışı haqqında Dövlət Avtomobil Müfəttişliyinə məlumat verilməyib.
Beləliklə bu müəmmalar ərəfəsində 1980-ci il oktyabrın 4-də günorta saat 14-35-də Maşerov digər xidməti avtomobili, 10-09 MMP dövlət nömrə nişanlı "Çayka" ilə Minsk yaxınlığındakı kolxozlara baş çəkməyə yollanıb. Maşerov sürücünün yanında, iki mühafizəçi isə arxada əyləşiblər. "Çayka"nı qabaqdan və arxadan iki avtomobil müşayiət edib. Avtomobillər quşçuluq fabrikinin yaxınlığına çatanda ikinci köməkçi yoldan əsas yola "MAZ" və ardınca ikinci yük maşını çıxıb. Qarşıdakı müşayiətçi "Volqa" çətinliklə kənara çəkilərək təhlükədən sovuşa bilib. Bu zaman birinci yük maşını əyləci basıb. İkinci yük maşını isə qarşı yola çıxıb və elə həmin andaca sürətlə Maşerovun "Çayka"sına çırpılıb. Sonradan o da məlum ki, qəzaya səbəb olan yük maşını son günlər bu yolda tez-tez görünüb. Hansı ki, həmin maşına yazılmış yol göndərişlərinə görə o bu yolla hərəkət etməməli imiş.
Bütün bunlar Maşerovun müəmmalı ölümünün daha çox siyasi qətl olduğu haqqında düşünməyə imkan verir.
Siyasi təhlilçilərin fikrincə, bu hadisə baş tutmasaydı SSRİ-nin siyasi müstəvisində çox böyük dəyişikliklər baş verə bilərdi. 62 yaşlı Maşerov Kremlin birinci kürsüsündə əyləşsəydi, Andropovun siyasi karyerasına son qoyulacaqdı, Qorbaçov Kreml dəhlizlərində siyasi manevrlərini həyata keçirə bilməyəcəkdi, nəhayət heç Yeltsin də Rusiya prezidenti qismində Amerikada gecə saat 3-də alt paltarında pitsa almağa getmək üçün taksi axtarmayacaqdı.
İlham Cəmiloğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53