Ukraynada SOS: Donbas kriminal elementlərin "ixrac"ına başladı
10:25 08-11-2014
İQTİSADİYYAT
Ukraynada SOS: Donbas kriminal elementlərin "ixrac"ına başladı
Separatçıların qətlə yetoirdiyi azərbaycanlı iş adamının meyiti ölkəmizə gətirildi
Ukraynada ümumi kriminoloji vəziyyət həyəcanlı vəziyyətdədir. unian.net saytının verdiyi məlumata görə, bu barədə xəbərdarlığı Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "112 Ukrayna" telekanalının efirində səsləndirib.
"Putin Ukraynaya hücum edəndən sonra ölkədə silahların sayı əhəmiyyətli dərəcədə artıb və onlardan dinc insanlara qarşı istifadə olunur. Təəssüf ki, ölkədə ümumi kriminoloji vəziyyət həyəcan doğurur. Onların əksəriyyəti isə Donbas hövzəsindən gəliblər. Demək istəyirəm ki, kriminal elementlər döyüşçülərin hakimiyyəti altında yaşamağı xoşlamırlar. Onlar Rusiyaya, ya da Ukraynanın digər regionlarına üz tuturlar", - deyə nazir məsləhətçisi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Daxili İşlər Nazirliyi silah və döyüş sursatlarının yerdəyişməsinə nəzarəti gücləndirib.
Rusiya Müdafiə Nazirliyi qoşunların Ukrayna
sərhədinə yaxınlaşması ilə bağlı məlumatları
təkzib edib
"Kanada xarici işlər nazirinin, habelə ABŞ və NATO nümayəndələrinin Rusiya qoşunlarının guya Ukrayna sərhədinə doğru hərəkət etməsi ilə bağlı bəyanatlarının sübutu yoxdur. Bu bəyanatlar şayiələrə əsaslanıb". Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.
"Məlum bəyanat sübut göstərilmədən verilib. Vahid mənbədən olan bəyanatlar Ukraynanın cənub-şərqindəki münaqişə ətrafındakı vəziyyətin qızışdırılmasına yönəlib. Həmin mənbə bu gun Kiyevdə inzibati binaların birində məskunlaşsa da, Ukrayna mənşəli deyil", - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, Kanada xarici işlər naziri Rusiya qoşunlarının Ukrayna sərhədinə yaxınlaşması ilə bağlı məlumatlardan narahat olduğunu açıqlayıb. O, Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən dərhal geri çəkməyə çağırıb.
Rəsmi Moskva
Ukraynadakı
münaqişənin həlli
üçün Cenevrə
formatını dəstəklədi
"Rusiya Ukraynadakı münaqişənin həllinin Cenevrə formatını dəstəkləyir". "RİA Novosti" - nin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
O, rəsmi Kiyevin müzakirələrə hazır olmasının vacibliyini vurğulayıb. "Biz bu problemə ciddi yanaşmaq istəyirik. Elə buna görə də nəticəsiz görüşlərin keçirilməsini dəstəkləmirik", - deyə Karasin qeyd edib.
Xatırladaq ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı Minsk və Cenevrə formatı mövcuddur. Minsk formatı tanınmamış Donetsk və Luqansk respublikaları nümayəndələrinin müzakirələrdə iştirakını dəstəkləyir və ABŞ-ın iştirakını istisna edir. Cenevrə formatı isə "respublikalar"ı tərəf kimi tanınmır.
Fransa və Rusiya
arasında
böhran dərinləşir
ABŞ Konqresi Ukraynada baş verənlərdən sonra NATO-nu Fransanın Rusiya üçün istehsal etdiyi "Mistral" tipli döyüş gəmilərini almağa çağırıb. Konqresin NATO-nun baş katibi Yens Stoltenberqə göndərdiyi məktubunda bildirilir: "Fransa "Mistral"-lları Rusiyaya təhvil verməkdən imtina edib. Eyni zamanda Fransanın da maliyyə çətinliklərini nəzərə alaraq, təklif edirik ki, NATO Rusiya üçün nəzərdə tutulmuş gəmiləri alsın".
Senat eyni mətnli məktubu may ayında keçmiş baş katib Anders Foq Rasmussenə də göndərib. Fransanın Rusiyadakı səfiri Jan Marise Ripert Ukraynada baş verən böhranda məsul tutulan Rusiyaya "Mistral" döyüş gəmilərinin satılmasından imtina etdiklərini açıqlayıb.
Prezident Fransua Ollandın da belə bir açıqlaması olub. Bir müddət əvvəl isə Fransanın həmin gəmiləri Kanadaya satacağı barədə məlumat yayılmışdı. Parisi razılaşmanı pozmaqda ittiham edən Rusiya bir müddətdir ki, Fransa sahillərində manevrlər həyata keçirir.
Qeyd edək ki, Rusiya Fransa ilə 2011-ci ildə "Mistral" tipli gəmilər üçün 1.2 milyard avroluq müqavilə imzalayıb. Razılaşmaya əsasəb, gəmilərdən biri 2014-cü ilin sonunda, digəri isə 2015-ci ilin əvvəllində Moskvaya təhvil verməliydi. Fransanın NATO standartlarında istehsal etdiyi "Mistral" 16 vertolyot, 4 qayıq, 60 zirehli texnika və 900 hərbçi götürmək xüsusiyyətinə malikdir.
Hərbçi atası:
"Sizə cəhənnəmi
göstərəcəyəm"
Ukraynada həlak olan 19 yaşlı gəncin atası rusiyalı əsgərlərdən qisas alacağını vəd edib. Dərdli ata məktubunu "Həlak olan gənclərin ataları sizə cəhənnəmi göstərəcək" sözləri ilə başlayıb.
Aleksandr Karplyuk adlı Ukrayna vətəndaşı öncə onun dərdinə şərik çıxanlara təşəkkür edib: "Dostlarım, bacılarım və qardaşlarım! Bağışlayın ki, sizlərin məktublarınıza cavab vermirdim. Halım yox idi, cavab verə bilmirdim. Gücüm yoxdur. Söz tapmıram… Başım dəhşət ağrıyır və reallığı qəbul edə bilmir… İndi qisasdan başqa heç nə barədə düşünə bilmirəm. Mən həmişə istənilən millətin nümayəndəsi ilə xoş münasibət saxlamışam, ukraynalıların böyük əksəriyyəti kimi xeyirxah insan olmuşam. Həmişə mənim Ukraynamda ölən və nəyin uğrunda öldüyünü bilməyən ruslara yazığım gəlib. Həmişə hesab etmişəm ki, ən yaxşı əməliyyat düşmənin məhv edilməsi deyil, onun təslim olması və sağ qalmasıdır…
İndi isə bir şeyi deyə bilərəm: nə yalvarışlarınız, nə aldadıldığınız və artıq hər şeyi başa düşdüyünüz kimi sayıqlamalarınız, nə təslim olmaq üçün qaldırdığınız ağ əsgi parçası Kremlin itlərini daha xilas etməyəcək! Vaxtilə sizin boğazınızı bıçaqla kəsən, sizi "Nord-Ost"da girov götürən, Moskva çarlığında vağzalları partladan "çexlərdən" (çeçenlər nəzərdə tutulur) qorxurdunuz. İnanın, əbəs yerə! Sözlərimə inanın! İndi isə əsl cəhənnəmi görəcəksiniz. Mən gücüm çatana qədər sizinlə döyüşəcəyəm. Və bu döyüş sizin qaydalarınızla olacaq. Yəni, heç bir qayda olmayacaq.
Siz vaxtilə mənim əllərimdə tutduğum zaman ovcuma güclə yerləşən insanı öldürdünüz… O, ailəmin yeganə övladı idi… Allah sizə lənət eləsin, çaqqallar! Sizlərdən çoxu o dünyaya getməmişdən öncə cəhənnəmi görəcək! Mən sizə söz verirəm. Aleksandr Karplyuk, ata".
Ukraynada
separatçıların öldürdüyü iş adamının meyiti
Azərbaycana gətirildi
Ukraynanın Luqansk vilayətinin Krasnıy Luç şəhərində öldürülən və separatçıların nəzarəti altında olan Şaxtyorsk rayonunda dəfn olunan Azərbaycan diasporunun üzvü, iş adamı Rövşən Qasımovun nəşi Azərbaycana gətirilib.
R. Qasımovun qardaşı, Krasnıy Luç Azərbaycan Cəmiyyətinin sədri Rəşid Qasımov bildirib ki, mərhumun meyiti uzun danışıqlardan sonra oktyabrın 29-da silahlıların nəzarətində olan ərazidə qəbirdən çıxarılaraq Azərbaycana gətirilib.
O qeyd edib ki, qardaşının meyitinin qalıqları doğulduqları Tovuz rayonunun Xatınlı kəndində dəfn olunub.
Qeyd edək ki, R. Qasımov bu ilin avqustun 4-də axşam saatlarında silahlıların onun evinə basqını zamanı öldürülüb. Onun qardaşları ilə birgə Luqansk vilayətində iri fermer təsərrüfatı olub və Krasnıy Luçda Azərbaycan Cəmiyyətini yaradıblar.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00