Abutalıbovun şirkəti görünməmiş qəzəbə düçar oldu
10:26 08-11-2014
CƏMİYYƏT
Abutalıbovun şirkəti görünməmiş qəzəbə düçar oldu
"Alpina A" MMC niyə sərt tənqidlərin hədəfinə çevrildi?
Bakının Yasamal rayonu Füzuli küçəsi 248-ci məhəllədə Qış bulvarına yeraltı piyada keçidinin çıxışı üzərində 5 mərtəbəli bina tikilir. Piyada keçidindən istifadə edə bilməyən vətəndaşların şikayəti ilə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, tikinti "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən həyata keçirilir.
Vətəndaşların aktual.az saytına dediklərinə görə, tikinti başlayandan yeraltı piyada keçidinin çıxışı bağlanıb. Bununla da, insanlar hər gün bu yoldan keçərkən, həyatlarını təhlükəyə atmalı olurlar.
Sakinlərin bildirdiyinə görə, ən müasir standartlara uyğun olan piyada keçidi təzə inşa edilmişdi, onun tikintisinə ciddi xərc qoyulmuşdu.
Yasamal rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı, Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağı tövsiyə ediblər. Bakı şəhər İcra Hakmiyyətinin Tikintiyə Nəzarət şöbəsindən Azər Əhmədov tikinti şirkəti haqqında məlumatları qeyd edərək, bildirib ki, məsələ araşdırılacaq: "Yasamal rayonu üzrə kuratorları bu barədə məlumatlandıracam. Araşdırıldıqdan sonra məsələyə münasibət bildiriləcək".
"Bu əmələ heç bir halda bəraət qazandırıla bilməz. Həmin ərazidə keçid inşa olunubsa, deməli, bu, zərurətdən əmələ gəlib. Bu, insanların təhlükəsizliyi üçün düşünülüb. Dövlət buna vəsait xərcləyib. Keçidin çıxışı üzərində bina tikən insanların hansı şüur və məntiq sahibi olduğunu anlamaqda çətinlik çəkirəm". Bu fikirləri isə millət vəkili Zahid Oruc paytaxtın Yasamal rayonu Füzuli küçəsi 248-ci məhəllədə, Qış bulvarına çıxan yeraltı piyada keçidinin çıxışı üzərində "Qutan" MMC-nin sifarişi ilə "Alpina-A" MMC tərəfindən tikintisi həyata keçirilən 5 mərtəbəli bina ilə bağlı xəbərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, bu məsələ ilə bağlı aidiyyatı qurumlar məsuliyyətdən kənar qala bilməz: ""Yol terror"larının çoxaldığı bir vaxtda, belə keçidlərin olması müsbət bir haldır. Kimsə özünün başqa maddi hesablamaları fonunda həmin ərazini yaxşı cəlbedici yer kimi görüb, sənədləri əldə edibsə, bu məsələyə cavabdehlik daşıyan qurumlar da məsuliyyətdən kənarda qala bilməzlər. Xüsusi olaraq, Bakı Şəhər İcra hakimiyyətinin müvafiq qurumundan sənədlər əldə olunmadan, bu binanın inşası qeyri-mümkündür. Vətəndaşlar bununla bağlı KİV-lərə üz tutmaqla yanaşı, məhkəmə qurumlarına da müraciət etsələr, yaxşı olar. Düşünürəm, bu cür addım atanların hüquqi məsuliyyəti dərk etməkləri bir tərəfə, mənəvi düşüncələri varmı? Keçidin üzərində bina inşa etmək, körpü üzərində ev tikməyə bənzəyir. Bunları hansı şüur idarə edir, anlamıram? Mənim buna münasibətim çox mənfidir. Hesab edirəm ki, Aktual.az-ın qabartdığı bu məsələyə mütləq müvafiq qurumlardan reaksiya olmalıdır. Yasamal Rayon İcra Hakmiyyəti, xüsusi olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumunun bu tikinti işlərinə birbaşa aidiyyatı olduğundan, məsələyə münasibət bildirməli və həmin tikinti dayandırılmalıdır".
Z. Oruc problemlə bağlı ortada vətəndaş etirazının zəif olduğunu vurğulayıb: "Hesab edirəm ki, vətəndaş etirazı da burada çox zəifdir. Həmin ərazidə 50 nəfər aksiya keçirsə, cəmiyyətin diqqətini ora cəlb etsə, media da hadisəyə dəstək versə, bunun daha yaxşı nəticəsi olar. Həmin şirkətdən münasibət öyrənsəniz, onlar özlərinə haqq qazandıraraq deyəcəklər ki, camaat keçiddən istifadə etmirdi. Hətta insanları qınayacaqlar ki, illər ərzində onlar keçidi istifadəsiz qoyublar".
Millət vəkili, tikintilərlə bağlı ölkə başçısının fikrilərini də diqqətə çatdırıb: "Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında paytaxtdakı tikintilərlə bağlı məsələyə çox həssaslıqla yanaşaraq problemləri dilə gətirdi. Açıq şəkildə qeyd etdi ki, bu cür inşaat işləri vətəndaşların maraqlarına zərbə vurur, eyni zamanda dövlət sonradan həmin inşaat işini həyata keçirib qazanan və burada alıcı kimi iştirak edən insanlarla üz-üzə qalır. Vətəndaşlarla aralarında problem yaranan zaman şirkətlər özlərini müflis olunmuş göstərirlər. Zərərçəkənlər də sonra dövlət qurumlarından hüquqlarının bərpa olunmasını tələb edirlər. Hansı ki, həmin tikintinin təməli qoyulanda insanlar etiraz etsələr, sonradan böyük problemlər ortaya çıxmaz".
"Unikal"ın araşdırması nəticəsində isə o məlum olub ki, ayrı-ayrı zamanlarda ölkə mətbuatında "Alpina-A" şirkətinin gerçək sahibinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı olması barədə xəbərlər yer alıb. İnternet üzərindən araşdırmalarımız zamanı həmin xəbərlərin hər hansı formada təkzibinə rast gəlmədik. Bu isə "Alpina A"nın Abutalıbovla bağlılığına dair iddiaların inandırıcılığını qüvvətləndirir.
Qeyd edək ki, iki il əvvəl ortaya çıxan məlumatlara görə, Bakı şəhər İcra Hakimiyyəti "Alpina-A" şirkəti ilə 4 müqavilə bağlayıb. Podrat müqavilələrinin qiyməti barədə məlumat verilməyib. Müqavilələrə əsasən, "Alpina-A" MMC ilə Azadlıq meydanında, Füzuli və Mirzağa Əliyev küçələri arasındakı ərazidə iki ikimərtəbəli yeraltı qaraj tikintisni həyata keçirməli, bundan başqa, bu şirkət şəhərdə yeni fəvvarələr tikməli, parkları yenidən qurmalı, yeni elektrik dirəkləri alıb quraşdırmalı idi. Həmin vaxt bu "möhtəşəm" şirkət barədə heç bir informasiya əldə etmək mümkün olmayıb. İnternetdə onun barəsində məlumat yoxdur. İri məbləğli dövlət şifarişlərini həyata keçirən şirkətin veb səhifəsi də yoxdur.
2011-ci ildə Dövlət Satınalmaları Agentliyinin dərc etdiyi reyestr müqavilələrinə əsasən isə, Bakı Şəhər İcra Hakimiyyəti bu şirkətlə fəvvarələr tikintisi üçün 20 milyon manatlıq müqavilə bağlayıb.
Göründüyü kimi, adı indi yenidən qalmaqallı şəkildə gündəmə gələn "Alpina A"nın Bakı meriyası ilə əlaqələri "dərin və genişdir". Bunun niyəsi isə şübhəsiz, maraq doğurmaya bilməz. Əlbəttə, əgər şirkətin paytaxt rəhbərinin qardaşı ilə bağlı olması barədə deyilənlər yalandırsa!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24