Azərbaycanda dini zəmində qarşıdurma yaradırlar
10:09 27-11-2014
İQTİSADİYYAT
Azərbaycanda dini zəmində qarşıdurma yaradırlar
Ekspertlər hesab edirlər ki, bəzi xarici qüvvələr ölkədə məzhəblər arasında gərginlik yaradaraq qarışıqlıq salmaq istəyirlər
Noyabrın 26-da gecə saat 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb. Bunu məscidin axundu Mirmahmud Fəttayev deyib. Onun sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: "Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.
"Bəzi yerli saytlar reytinq qazanmaq üçün şişirdilmiş xəbər yazırlar". Bu sözləri DİN Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov XeberLent.az informasiya agentliyinə "Gecə Qaraçuxur məscidinə od vurulub" xəbərinə aydınlıq gətirərkən deyib: "Axşam saatlarında 32-ci polis bölməsinə məscidin gözətçisi tərəfindən şikayət daxil olub. Şikayət isə saytlarda yazılan kimi basqın və yaxud bu cür şişirdilmiş formada olmayıb. Sadəcə, naməlum iki şəxsin məscidin "kovralitinə" od vuraraq hadisə yerindən uzaqlaşması barədə olub. "Kovralit" başqa şeydi, xalça başqa. Hal-hazırda faktla bağlı araşdırma aparılır. Bir daha vurğulayıram, Məscidə basqın olmayıb".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib. M.Qurbanlı açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir. M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: "O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək". Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.
Qeyd edək ki, Azərbaycanda zaman-zaman dini təriqətlər, məzhəblər arasında qarşıdurmanın yaranması üçün bu cür təxribat xarakterli addımlar atılıb. Bir müddət öncə bəzi məscidlərdə fərqli məzhəb nümayəndələri arasında qarşıdurmanın yaranması, kimlərinsə saqqalının qırxılması kimi hadisələr baş verir. İndi də məscidin yandırılıması da müəyyən qruplar arasında gərginlik yaratmaq cəhdi kimi qiymətləndirilir.
"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda Azərbaycanda daxili sabitliyin pozulması, dini zəmində qarşıdurma yaratmaq istəyən qüvvələr mövcuddur. Bu qüvvələrin əsas mənbəyi ölkə xaricinə gedib çıxır. Ekspertlərin fikrincə, müəyyən zamanlarda Rusiya, bəzi məqamlarda isə İran tərəfindən bu cür qarşudurma meyllərinin körükləndiyini bildirirlər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Birlik İctimai Birliyinin sədri, ekspert Vüsal Hətəmov deyib ki, bu cür məsələlərə həssas yanaşmaq lazımdır, çünki qarşıdurmalar əsasən bu zəmində başlayır. Onun sözlərinə görə, son dövrlər bu cür təxribat xarakterli addımlar atılır: "Bu yaxınlarda Sumqayıt Cümə məscidinin divarına "Allah yoxdur" cümləsi yazılmışdı. Qaraçuxurdakı məscidlə bağlı hadisə də bu qəbildəndir. Onu da nəzərə çatdırım ki, Qaraçuxurdakı məsciddə həm ənənəvi, həm də qeyri-ənənəvi məzhəblərin nümayəndələri ibadət edirlər. Məscidə daimi gələnlər orda elə bir hadisəni yaşatmazlar. Hesab edirəm ki, Azərbaycanda məzhəblərarası, dinin daxilində ziddiyyətin yaradılması ölkədən kənar təsirlərin nəticəsidir. Bununla ölkədə istənilən vaxt dini problem yarada bilərik mesaji fonunda belə hadisələr gündəmə gətirilir. Mən bunu kənar dövlətlərin müdaxiləsi sayıram. Qeyri-ənənəvi məzhəblər kənar dövlətlərə bağlıdırsa, ordan maliyyələşirsə, onlar istədiklərini gerçəkləşdirə bilərlər".
V.Hətəmov onu da qeyd edib ki, hüquq-mühafizə orqanlarının bu məsələdə sayıqlığı müşahidə olunur. Onun sözlərinə görə, neçə müddətdir ki, ölkədə milli məfkurəmizə yad olan təriqətlər inkişaf etməkdədir. "Bunun qarşısı zamanında önlənməliydi. Düzdür, müəyyən profilaktik işlər görülür, amma baş verən hadisələr göstərir ki, hələ də boşluqlar var. Ən pisi odur ki, hələ 10 il əvvəl bir sıra Qərb təşkilatları və onlara bağlı qurumlar bizə tolerantlıq dəyərləri aşılımağa çalışırdılar. Bu vasitə ilə xeyli qeyri-ənənəvi dini təşkilatlar qeydə alınıb. Amma zaman keçdi, onlar aktivləşdilər və tolerantlıq adı ilə partlamamış minalar üzə çıxmağa başladı. Ona görə də mənə elə gəlir ki, hər kəs ayıq sayıq olmalıdır. Bu məsələnin həssaslığı nəzərə alınmalıdır", - deyə ekspert əlavə edib.
ADP sədrinin müavini Taliyyət Əliyev bizimlə söhbət zamanı bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayıb: "Hesab edirəm ki, baş vermiş hadisə ciddi məsələdir. Yüz faiz bu hadisədə Azərbaycanı sevməyən xarici qüvvələrin əli var. Amma, ortada konkret fakt olmadığından ad çəkmək düzgün olmazdı. Bununla bağlı dövlətin müvafiq qurumları baş vermiş hadisənin araşdırılması, bu hadisəni törədən şəxsləri və onların arxasında duran qüvvələrin müəyyən edilməsi istiqamətində operativ addımlar atmalıdır. Çünki, son zamanlar bir sıra radikal dini təriqət üzvlərinin saxlanılması zamanı onların evlərindən silah-sursatın aşkar olunması faktları göstərir ki, bu tip şəxslərdən Azərbaycanda qarışıqlıq salmaq istəyən xarici qüvvələr istifadə edə bilər. Biz bundan sığortalanmamışıq".
Politoloq Əli Orucov isə deyib ki, Azərbaycan Şərqdə və müsəlman dünyasında yeganə ölkədir ki, burada məzhəblər arasında kəskin ziddiyətlər yoxdur və dini tolerantlıq mövcuddur. Lakin Ə.Orucovun sözlərinə görə, son zamanlar öyünə biləcəyimiz bu dəyərlərə qarşı sanki bir hücum var: "Hansısa gözəgörünməz qüvvələr dinlərarası və məzhəblər arası gərginlik yaratmağa, dini amildən çirkin məqsədlər üçün istifadəyə çalışır. Azərbaycanı poliqon etmək istəyirlər. Din elə bir mövzudur ki, burda gərək maksimum həsaslıq və duyarlılıq, diqqətlik göstərilməlidir ki, istənilən fitnə-fəsadların qarşısını zamanında almaq mümkün olsun".
Qərib Gərazadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53