Azərbaycanda qadınların hüquqları qorunurmu?
10:13 06-12-2014
SİYASƏT
Azərbaycanda qadınların hüquqları qorunurmu?
Dekabrın 5-ü Beynəlxalq Qadın Hüquqları günü kimi qeyd olunur. Beynəlxalq aləmdə ilin 365 günündən biri, qadın hüquqlarına həsr olunsa da, qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların hesabatlarına görə, zərif cinsin nümayəndələrinin hüquqlarının pozulması faktlarına hər gün rast gəlinir. Məlumatlara görə, qadınların hüquqlarının pozulması halları ailədən başlanır, bu mənfi tendensiya cəmiyyətdə davam edir. Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində də bir sıra mühüm beynəlxalq müqavilələrə qoşulub.
Bununla bağlı ölkəmizdə qadınların hüquqlarının pozulması faktları hələ də qalmaqdadır. Bununla bağlı suallarımızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov cavablandırıb.
-Azərbaycanda qadınların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasını mükəmməl saymaq olarmı?
- Azərbaycan qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin bir neçə konvensiyasının iştirakçısıdır. Bu müqavilələrə misal olaraq, 20 dekabr 1952-ci il tarixli Qadınların siyasi hüquqları haqqında" Konvensiyanı, 1962-ci il tarixli "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması" haqqında Konvensiyanı, 18 dekabr 1979-cu il tarixli "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanı, həmçinin Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında" 45 saylı BƏT Konvensiyasını, "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" 100 saylı BƏT Konvensiyasını, "Analığın mühafizəsi haqqında" 103 saylı BƏT Konvensiyasını, "Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında" 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli "Ərdə olan qadının vətəndaşlığı haqqında" Konvensiyanı qeyd etmək olar. Hər Konvensiya üzrə BMT-nin nəzdində Komitələr yaradılıb. Bu Komitələr Konvensiyalara qoşulmuş Üzv-Dövlətlər tərəfindən həmin Konvensiyaların həyata keçirilməsinə nəzarət edir. Hər dövlət dörd ildən bir həmin Komitələrə Konvensiyanı ölkə daxilində həyata keçirilməsi haqqında hesabat göndərir. Bu Komitələr dövlətlərə Konvensiyaların icrası ilə əlaqədar tövsiyyələr verə bilərlər.
-"Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiya (CEDAW) bu sahədə ən əhəmiyyətli sənəd hesab olunur. Onun əhəmiyyəti barədə ətraflı məlumat verərdiniz.
- Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiya (CEDAW) doğurdan da xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya – qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasir dövrün ən qlobal problemlərinə aid edir. 1975-ci ildə Beynəlxalq qadın ilinin, bundan sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi BMT-ni qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsinə gətirib çıxartdı və 18 dekabr 1979-cu il tarixdə BMT-nin Baş Assambleyası "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiyanı qəbul etdi. Konvensiyanın məqsədi qadınların bütün növ ayrı-seçkilikdən həqiqətən azad olunmasının təmin edilməsindən, qadınların inkişafı və özlərini realizə etmək üçün bərabər imkanlar yaratmaqdan ibarətdir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyanın 1-ci hissəsi qadınların əsas hüquqları, onların yerinə yetirilməsi üçün lazım olan haqqları və konstitusiya ölçüləri, hökumətin öhdəlikləri ilə məşğul olur. 2-ci hissə qadınların ictimai həyatda fəal iştirakı haqqında, 3-cü hissə təhsil, məşğulluq və sağlamlıq, həmçinin vətəndaş azadlıqları daxil olmaqla bərabərliyin sosial və iqtisadi aspektlərindən bəhs edir. Konvensiyaya hazırda 178-ə yaxın dövlət qoşulub. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya cəmiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir.
Konvensiya hər hansı bir ölkədə qadınların vəziyyətinin tanınmış beynəlxalq normalara uyğun olmasının təhlili üçün etibarlı vasitədir. Konvensiya qadınların hüquqi statusunun elə səviyyəsini yaradır ki, o, insan hüquqları sahəsində müasir beynəlxalq tələblərə uyğun olsun. Azərbaycan Respublikası 30 iyun 1995-ci ildə Konvensiyaya qoşulub, bu Konvensiyanın həyata keçirilməsi haqqında öz üzərinə öhdəliklər götürüb və bununla da bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib. Bundan başqa, iştirakçı dövlətlər, nəinki Konvensiyanı milli səviyyədə həyata keçirməyi öz öhdəliklərinə götürmüşlər, hətta görülən tədbirlər haqqında və onların həyata keçirildiyi zaman qarşıya çıxa bilən çətinliklər haqqında hesabatlar təqdim etməlidirlər. Həmin hesabatlar BMT-nin Baş Katibinə təqdim edilir. O, öz növbəsində hesabatları, baxılmaq üçün "Qadınlara qarşı ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiya üzrə Komitəyə təqdim edir. Azərbaycan Respublikasının Konvensiya üzrə ilk hesabatı Komitəyə 1996-ci ildə təqdim olunub. 20 yanvar 1998-ci ildə BMT-nin Komitəsində Azərbaycanda Konvensiyanın həyata keçirilməsi haqqında məruzə dinlənilib. 2000-ci il iyun ayında Azərbaycan Respublikası "Qadınlara qarşı ayrı- seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiyasının Fakultativ Protokolunu da imzalanmışdır. Bu Protokolun əsası ondan ibarətdir ki, hər bir şəxs "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" Komitəsinə fərdi şəkildə müraciət edə bilər.
-Son illər qadınların hüquqlarının müdafiəsi istiqamətində konkret olaraq qanunlarda təkminləşdirilmə işləri aparılıbmı?
-Azərbaycan ratifıkasiya etdiyi beynəlxalq müqavilələrə uyğun öz milli qanunvericiliyini təkmilləşdirmək istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirib. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında qadınların hüquqlarının müdafiəsi və qadınlara bəzi güzəştlərin verilməsi haqda müddəalar öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasında, Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və digər normativ-hüquqi aktlarda qadınların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunubdur. Ailə Məcəlləsinə əsasən ailə münasibətlərində kişi və qadınların eyni və bərabər şəxsi və əmlak hüquqlarına malik olmaları müəyyən edilib. Öz hüquq və şəxsi maraqlarının müdafiəsi üçün məhkəməyə şikayət və ya iddia ilə müraciət məsələlərində də kişilər və qadınlar eyni hüquqa malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsində qeyd edilir ki, əmək münasibətlərində cinsinə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. İş vaxtından, məzuniyyətlər və digər əmək şəraitlərindən istifadəyə görə qadınlar müəyyən güzəştlərə malikdirlər və bu güzəştlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin "Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatlar" fəslində konkret olaraq göstərilibdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 154-cü maddəsi bərabərlik hüququnun pozulmasına görə cinayət məsuliyyətini müəyyən edir. Qadınlara qarşı zorakılıq bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda bir maneədir. Qadınlara qarşı zorakılıq onların insan hüquqları və əsas azadlıqlarını pozur, bu hüquq və azadlıqlardan bəhrələnmələrinə mane olur. Zorakılığın müxtəlif formaları ola bilər: seksual, psixoloji, iqtisadi və ya fiziki. O bir ailə və yaxud da cəmiyyət daxilində müşahidə oluna bilər. İqtisadi problemlər, siyasi böhran və hərbi münaqişələr zorakılığı daha da ağırlaşdırır və bu hallarda qadınlar və qızlar cəmiyyətin həssas qruplarının bir hissəsi kimi əsas hədəfə çevrilirlər. Zorakılıq və ya onun tətbiq ediləcəyi ilə hədələməklə müşaiyət olunan qadın hüquqlarını pozan, qadınların dövlət, ictimai və mədəni sahələrdəki fəaliyyətinə maneəçilik törədən hərəkətlər üzrə cəzalanmalar Cinayət Məcəlləsinin xüsusi maddələri ilə həyata keçirilir. Bunlara misal olaraq Cinsi zorakılıq (108-ci maddə), Məcburi hamiləlik (108-1-ci maddə), Təqib (109-cu maddə), Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (116-cı maddə), Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya (136-cı maddə), Zorlama (149-cu maddə), Seksual xarakterli zorakılıq hərəkətləri (150-ci maddə), Seksual xarakterli hərəkətlərə məcbur etmə (151-ci maddə), On altı yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə (152-ci maddə), Əxlaqsız hərəkətlər (153-cü maddə), Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə (171-ci maddə), Fahişəliyə cəlb etmə (243-cü maddə) Əxlaqsızlıq yuvaları saxlama (244-cü maddə), Köləlik (106-cı maddə), Yetkinlik yaşına çatmayanın alqı- satqısı (173-cü maddə), Hamilə və ya himayəsində üç yaşınadək uşağı olan qadının əmək hüquqlarının pozulması (164-cü maddə) maddələrini qeyd etmək olar.
-Elgün müəllim qanunlarımız olsa da, cəmiyyətdə qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq mümkü olmayıb hələ də…Bunun qarşısını almaq üçün qadınlara qarşı zorakılıq halları ilə bağlı real statistik rəqəmlər belə hazırlanmır.
- Doğrudur, belə hallar hələ də qalmaqdadır. Dediyiniz problem qadın zorakılıq halları ilə bağlı onlayn məlumat bazasının olmamasındadır. Biz bu bazanı yaratmaq istəyirik. Bir də problemlər ondan qaynaqlanır ki, zorakılıqla bağlı müraciətlərin çoxuna cinayət işi qaldırılmır. Zorakılığa məruz qaldıqları ilə bağlı polisə müraciət edənlər az sonar ərizələrini geri götürürlər.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50