Xədicə İsmayılın həbsinin arxasındakı gizlinlər
Xədicə İsmayılın həbsinin arxasındakı gizlinlər

Jurnalistin həbsinin səbəbkarı Əli Kərimlidi

Məlum olduğu kimi, "Azadlıq Radiosu" və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Mustafayev Tural Bulud oğlunun 2014-cü il 20 oktyabr tarixdə Dənizkənarı Milli Parkda insan orqanizmi üçün zərərli olan "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T.Mustafayev Baş Prokurorluğa müraciət edərək həmin KİV-lərdə işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib. Toplanmış sübutlar əsasında X.İsmayılovaya Cinayət Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail Rayon Məhkəməsinin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir.
Məsələ ondadır ki,ortada rəsmi şikayətçi var və şikayətə əsasən cinayət işi açılıb. Amma demokratiyadan dəm vuran radikal müxalifət nümayəndələri Xədicə İsmayılın həbsini siyasiləşdirməyə çalışırlar. Bu günə kimi hakimiyyəti əsas olmadan kimlərisi tutmaqda ittiham edirdilər, indi isə ortada şikayət var, şikayətçini dəli çıxarmağa çalışırlar. Əgər bu adam dəli idisə, psixoloji problemi var idisə, nəyə görə yanınızda gəzdirirdiniz? Deməli, sərf etməyəndə hər şey dəyişir.
"Unikal"ın məlumatına görə, Xədicə İsmayılın həbsi ilə bağlı qaldırılan hay-küyün heç bir əsası yoxdur. Bunu rəsmilərin açıqlamalarında gətirilən arqumentlərdə də görmək olur. Belə ki, Milli Məclisin sədr müavini Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinə münasibət bildirib. O deyib ki, jurnalist Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır. Onun sözlərinə görə, Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanması əsassızdır. Millət vəkili deyib ki, bununla bağlı ölkə xaricində və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil: "Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil". B.Muradova bildirib ki, Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır: "Bu onların arasında fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".
"Unikal"a açıqlama verən BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildrib ki, bu həbsin əsas səbəbkarı AXCP sədri Əli Kərimlidir: "Şərqdə qadının həbs olunmasına yaxşı baxmırlar. Azərbaycan cəmiyyətində də qadının həbs edilməsi müsbət qarşılanmır. Bu gün Xədicə İsmayılla bağlı həbs qəti imkan tədbiri seçilib. Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. Mən onu 1998- ci ildən tanıyıram. O dövrdən indiyə kimi bütün fəaliyyəti siyasi mübarizə müstəvisində olub. O özünü jurnalist kimi göstərib. Ancaq Xədicə İsmayıl jurnalist peşəsindən hakmiyyətə qarşı silah kimi istifadə edib. Xədicə İsmayılın bu gün həbsə atılmasının bir səbəbkarı var: Əli Kərimli! Bəli, Xədicə İsmayıl 17 ildir jurnalist peşəsini özünün "çətiri" sayırdı və "çətir" altında bütün fəaliyyətini hakmiyyətə gəlmək və Əli Kərimlinin təbliğatını aparmaq üzərində qurmuşdu. Xədicə İsmayıl bu ölkədə Əli Kərimlidən başqa hər kəsi təqhir etmiş və bununla bağlı yazılar yazmış şəxsdir. Xədicə İsmayıl kimləri təhqir edib: Əbülfəz Elçibəyi, hakmiyətin bütün nümayəndələri, İsa Qəmbər, Rauf Arifoğlu və s. Bu adamın siyasi ambisiyaları var idi və bu acıq şəkildə də görünürdü. Və bir daha qeyd edirəm ki, Əli Kərimli indiyə kimi öz çrikin siyasi məqsədlərinə çatmaq üçün Xədicə İsmayıl kimi insanlardan məharətlə istifadə edirdi. Və bu adamlar həbsə atılandan sonra Əli Kərimli bir dəfə də olsun bu adamların ziyarətinə getməyib. Bu gün Əli Kərimli bu həbsdən istifadə edib, beynəlxalq təşkilatlarla alver edəcəyini istisna etmirəm. Bu cür həbsləri qrant predmeti sayır".
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyətilə bağlılıq yoxdur, o, konkret bir şəxsin- vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib. Azay Quliyevin sözlərinə görə əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə digərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və qətiyyən yol verilməzdir. "Ən azı ona görə ki, Xədicə İsmayıl hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalist fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir. Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur" - deyə millət vəkili fikrini yekunlaşdırıb.
Qərib Gərayzadə