Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
10:32 10-12-2014
CƏMİYYƏT
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
"Bu gün Azərbaycanı tanımaq sadəcə mümkünsüzdür". Bu ifadəni artıq tez-tez eşidirik və bu sözlər Azərbaycana səfər edən əcnəbilər tərəfindən səsləndirilir. Bakının, bölgələrin abadlaşdırılması, yeni infrastrukturların yaradılması Azərbaycanı möcüzəyə çevirir.
Bu cür inkişafda olan rayonlardan biri də Bakının Nizami rayonudur. Rayonda həyata keçirilən abadlıq işlərinin digər rayonlardakı abadlıq işlərindən fərqi budur ki, bir tərəfdən rayonda yeni infrastruktur yaradılır, digər tərəfdən isə köhnələr yeniləşdirilir. Nizami rayonunun sakinləri əsasən fəhlə təbəqəsi olub və bu gün rayonda işlər həyata keçiriləndə bu meyar da nəzərə alınır. İllər öncə rayon ərazisindəki qəsəbələr geridə qalmış sahələr kimi tanınırdısa bu gün həmin ərazilər sözün həqiqi mənasında şəhərin mərkəzinə çevrilib. Gəlin Nizami rayonunda həyata keçirilən abadlıq işlərinə diqqət ayıraq. 2014-cü ilin doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyi göz önündədir. Son illər ölkədə aparılan yenidənqurma işləri Bakının Nizami rayonunda da uğurla davam etdirilib. Belə ki, rayonun ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində istehsalın inkişafına xüsusi diqqət yetirildiyini, yeni istehsalat sahələri açıldığını, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılıdığını qeyd etmək olar.
Belə ki, 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında danışarkən qeyd etmək lazımdır ki, rayonun sənaye müəssisələrinin inkişaf tempi ilə işlədiyini, bir çox yenidənqurma işləri aparıldığını, istehsalın əvvəlki illərə nisbətən artdığını, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edildiyini, istehlakçılara 353,3 milyon manat dəyərində məhsul göndərildiyini, 295,6 milyon manat həcmində podrat işlərinin yerinə yetirildiyini, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yönəldildiyini, 1003 yeni iş yeri açıldığını nəzərə çatdırmaq önəmlidir. Həmçinin 2014-cü ilin doqquz ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlərin həyata keçirildiyini vurğulamaq olar.
Prezident İlham Əliyevin uşaq bağçalarının əsaslı təmirinə və yenidənqurulmasına xüsusi diqqət yetirdiyini qeyd edərək, nəzərə çatdıraq ki, artıq yeni uşaq bağçalarının inşa edildiyini, əlavə korpusların tikildiyini, bununla da uşaq bağçalarında olan tələbatın təmin edilməsi istiqamətində önəmli addımlar atıldığını diqqətə çatdırmaq olar. Rayonda uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, asudə vaxtlarının səmərəli və maraqlı təşkili, istedad və qabiliyyətlərinin üzə çıxarılması, gənc nəslin respublikanın layiqli vətəndaşı kimi müstəqil həyata hazırlanması istiqamətində mərkəzin gördüyü işləri də diqqətdən qaçırmaq olmaz. Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqəli işlədiklərini vurğulamaq yerinə düşərdi.
Bundan əlavə, Nizami rayonunda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq tikintisi, yenidənqurulması və həmçinin əsaslı təmirinə 2013-cü ildə başlanılmış işlərin başa çatdırıldığını, eyni zamanda, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən görülən işləri nəzərə çatdırmaq və qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün bütün aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verildiyini də qyed etmək lazımdır.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına və "Tərəqqi" medalına layiq görülmüş təhsil işçiləri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıblar.
İcra hakimiyyəti digər dövlət qurumları ilə müştərək tədbirlər də həyata keçirir. Belə ki, 19 noyabr 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu" və "Payız-qış mövsümünə hazırlığın yekunları" mövzusunda müşavirə keçirilib. Müşavirədə FHN Bakı Regional Mərkəzinin istismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, polkovnik-leytenant Elgün Ələkbərov "Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları", III Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Təyyar Paşayev "Yanğın təhükəsizliyinin problemləri və onların həlli yolları" və Nizami Rayon Dövlət Yanğından Mühafizə hissəsinin növbə rəisi, kapitan Ruslan Yusifov "Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları" məruzələri ilə çıxış ediblər.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsinin rəisi İmran Məmmədov enerji təchizatının və Rayon Qaz İstismarı Sahəsinin rəis müavini Ramin Ağayev qaz təsərrüfatının mövcud vəziyyəti, problemləri və həlli yolları, "Azəristiliktəchizat" ASC-nin 16 ¹-li İstilik Sistemləri İstismar sahəsinin rəisi Mustafa Əhmədov rayon təsərrüfatının payız-qış mövsümündə istiliklə təchizatı barədə məruzə ediblər. Müşavirədə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov rayon ərazisindəki yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti və Nizami Rayon 6 ¹-li Köməkçi Təcili Tibbi Yardım stansiyasının baş həkimi Vəsilə Abuşova yanğın zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları haqqında ətraflı çıxış ediblər.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Babək Tatlıyevin "Payız-qış mövsümünə hazırlığın yekunları" barədə hesabat məruzəsi dinlənilib. FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev çıxış edərək, mərkəz tərəfindən İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatları ilə 4 il ərzində ardıcıl keçirilən maarifləndirici tədbirlər nəticəsində rayon ərazisindəki bir çox yerlərdə yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil olmasına əngəl yaradan dəmir dirəklərin və şlaqbaumların, binalararası beton maneələrin yığışdırılmasında, mövcud olan problemlərin həlli istiqamətində xeyli işlərin görüldüyünü qeyd edib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Budaqov bu kimi tədbirlərin bundan sonra da davam etdiriləcəyini, yarana biləcək problemlərin vaxtında qarşısının alınmasında Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının işini planlı şəkildə qurmasının vacibliyini vurğulayıb.
Nizami rayonunda layihələr bununla bitmir. Belə ki, "I Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 5 noyabr 2014-cü il tarixindən start verilmiş "I Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində 15 noyabr 2014-cü il tarixində Nizami rayonunda növbəti iməcilik keçirilib. Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməcilikdə rayonun idarə, müəssisə, təşkilatların, təhsil ocaqlarının kollektivləri iştirak ediblər. Belə ki, Q.Qarayev prospekti 81, C.Naxçıvanski küçəsi 51, Ə.Vəliyev küçəsi 12 ünvanlarında və bütün ümumtəhsil məktəblərinin ərazilərində təmizlik işləri aparılmış, ümumilikdə 345 ədəd müxtəlif növ ağac əkilib.
Bundan əlavə "I Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində rayonun digər ərazilərində, yaşayış məntəqələrində də ağac əkininin davam etdirilməsi nəzərdə tutulub. "I Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində 29 noyabr 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində keçirilmiş iməciliklərdə idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının kollektivlərinin iştirakı ilə 700 müxtəlif növ ağac əkilib. "I Ümumrespublika Yaşıllaşdırma" marafonuna start verildiyi gündən rayon ərazisində müxtəlif ünvanlarda və bütün ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və səhiyyə ocaqlarının ərazilərində təmizlik işləri aparılmış, çinar, zeytun, kiparis, eldar şamı, qaraağac, küknar, nar, liandra və digər növ ağaclar olmaqla ümumilikdə 2956 ağac əkilib. Marafonun yekun tədbirində YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva iştirak edib.
Sonda bunu da qeyd edək ki, Nizami rayonu bu illər ərzində kifayət qədər genişləndirilib və ən müasir binalara elə Nizami rayonunda rast gəlmək mümkündür. Apardığımız araşdırmalar sübut edir ki, bu rayonda həyata keçirilən islahatlar dağınıq şəkildə yox, tam sistemli və şəhərin arxitekturasına uyğun olaraq formalaşıb. Rayonda bir tərəfdən hündür göydələnlər inşa edilirsə, digər tərəfdən rayonda yaşıllaşdırma işlərinə xüsusi diqqət ayrılır və rayonda onlarla yeni istirahət parkları da salınıb. Bu gün artıq çəkinmədən Nizami rayonunu yaşllığı ilə fərqlənən bir rayon da adlandırmaq olar.
Hüseyn İsgəndərov
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15