İki nazirin bölgələrdə vətəndaşlarla görüşlərində ilginc olaylar
11:06 12-12-2014
CƏMİYYƏT
İki nazirin bölgələrdə vətəndaşlarla görüşlərində ilginc olaylar
Əbülfəs Qarayev və Ziya Məmmədovun rayonlardakı qəbulu zamanı maraqlı hadisələr yaşanıb
2013-cü ildən başlayaraq əyalət insanları üzlərini televiziyada gördükləri nazirləri yaşadıqları bölgədə birbaşa görmək, onlara öz sözlərini demək imkanı qazanıb. Hər ayın sonunda mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin növbəti ayda bölgələrdə keçirəcəkləri vətəndaş qəbulunun cədvəli dərc olunur. Kiçik istisnalarla bu cədvələ dəqiq əməl edilir.
Maraqlıdır, vətəndaşlar hansı nazirin qəbuluna düşməyə can atır, onlar daha çox nədən şikayətlənir, yaxud hansı problemlərinin həllinə kömək istəyirlər?
Qəbulların təşkilində "Açıq qapı" prinsipi gözlənilirmi, vətəndaşın istəkləri təmin olunurmu?
İki nazirin vətəndaşlarla bölgələrdəki görüşlərində yaşananlar həmin suallara və digər mapraqlı məqamlara aydınlıq gətirir.
Bu il noyabrın 28-də nəqliyyat naziri Ziya Məmmədovun Saatlıda keçirdiyi qəbula isə polis əməkdaşları ilə yanaşı, xeyli sayda mülki geyimli "asayiş keşikçisi" cəlb edilib. Gənc və idmançı cüssəli bu şəxslər vətəndaşlara güc tətbiqindən belə çəkinməyiblər.
Adının açıqlanmasını istəməyən Saatlı sakini deyib ki, qəbula buraxılmasını israrla tələb etdiyinə görə "polisin qanuni tələbinə əməl etməmə" ittahamı ilə saxlanılıb və rayon polis idarəsinə aparılıb. Burada isə ona bildirilib ki, toyuq oğurluğu ilə bağlı şikayət edən qonşusu ondan şübhələnir...
Ziya Məmmədovun qəbuluna düşmək istəyənlərin bəziləri "polis kordonu"nu yarıb keçməyə müvəffəq olmayıblar. Dirəniş göstərən 150 nəfərədək şəxs nazirin rayonda olduğu müddətdə Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yerləşdiyi binada saxlanılıb.
Ziya Məmmədovun görüşünə Bakı şəhərindən gələn əlil Qabil Quliyev deyib ki, o, buna qədər də nazirin müxtəlif bölgələrdə keçirdiyi qəbullarda olub: "Ona müalicəmlə bağlı müraciət etmək istəyirəm. Bundan əvvəl də qəbulunda olmuşam, dava-dərman almağıma yardım edib. İndi yenə də ehtiyacım var. Sağ olsun, köməklik edən insandır. Hər dəfə 100, 200 manat verir."
Dekabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Sabirabad şəhərindəki "Heydər Əliyev Mərkəzi"ndə keçirdiyi qəbula isə adlarını əvvəlcədən qeyd etdirmiş, əsasən nazirliyin tabeliyində olan müəssisələrin əməkdaşı olan 17 nəfər buraxılıb. Həmin vaxt 100 nəfərdən çox adam yaxınlıqda yerləşən "Gənclər Mərkəzi"ndə saxlanırdı.
Qəbulu təşkil edən nazirlik rəsmiləri açıqca etiraf ediblər ki, bu adamlar konkret olaraq pul istəyir, təklif olunan 50 manata da qane olmurlar.
"Əgər Siz nazirlə görüşə buraxılsaydınız, ona nə ilə bağlı müraciət edəcəkdiniz?" sualına Bakı şəhər sakini Yeganə Məmmədova belə cavab verib: "İmkansızlıqdan. Vəziyyət ağırdır. Xəstə uşağım var. Şəhid ailəsi üzvüyəm. Nazirin köməkçisi bizi aldadıb saat 4-dək burada ac, susuz, ayaq üstə saxlatdırdı, sonra da çıxıb getdi".
İmişli rayonunun Rəsullu kəndindən olan İndira Ağayeva da deyir ki, dərdinə çarə axtarır: "Ev-eşiyimiz yoxdur, 9 nəfər adam ortalıqda qalıb. Mən nazirə deyəcəkdim ki, şikayətimə baxılmır, belə olmaz axı".
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbul etməyi prezidentin sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq həyata keçirilir.
Yuxarıda iki nazirin keçirdikləri qəbullar barədə deyilənlərdən isə bir neçə məqam məlum olur. Birinci, bölgələrdə vətəndaşların maddi durumu, sosial vəziyyəti çox ağırdır və onlar oliqarx-məmurlardan ilk növbədə pul köməyi umurlar.
İkinci məqam: Ziya Məmmədovla Əbülfəs Qarayevin vətəndaşlarla görüşü sübut edir ki, nazirlər ciddi polis qoruması altında qəbul keçirir, bu zaman çox az sayda vətəndaşa onlarla təmas qurub dərdlərini demək qismət olur. Çoxları isə polisin və nazirlərin mühafizəçilərinin səyi ilə iri məmurlarla görüşmək imkanından məhrum edilir.
Ümumi götürdükdə isə Ziya Məmmədovla Əbülfəs Qarayevin vətəndaşlarla görüşü bu qəbulların əksərən formal xarakter daşıdığını və əyalətlərdə acınacaqlı durumda yaşayan insanların dərdinə köklü şəkildə dərman olmadığını deməyə əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15