"HOLCİM" Azərbaycanla bağlı ilginc iddialar
10:23 13-12-2014
İQTİSADİYYAT
"HOLCİM" Azərbaycanla bağlı ilginc iddialar
Bakıda məşhur şirkətin rəqabətə dözə bilməyib kütləvi ixtisarlara başladığı xəbəri yayıldı
Ölkənin aparıcı sement zavodlarından olan "HOLCİM" Azərbaycan şirkətinin ciddi maliyyə problemləri olması ilə bağlı aktual.az-a ilginc məlumat daxil olub.
Zavodda çalışan işçilərdən birinin verdiyi xəbərə görə, artıq onlara yanvar ayından etibarən işdən azad olunmaları ilə bağlı xəbərdarlıq olunub.
İddia olunur ki, zavod bu addımı yeni istifadəyə verilən "NORM" sement zavodu ilə rəqabətə davam gətirə bilmədiyi üçün atır.
Təxminən 70 nəfər işçi gələn aydan etibarən işdən azad olunacaq.
Qeyd edək ki, hazırda dükanlarda "Qaradağ" sement zavodunun istehsalı olan "HOLCİM" sementinin bir kisəsi 5,50 AZN, "NORM" sement isə 6 manata satılır.
Məsələ ilə bağlı saytın əməkdaşı "HOLCİM" Azərbaycan ASC ilə əlaqə saxlayıb. Özünü şirkətin administratorun köməkçisi kimi təqdim edən Şəhla adlı xanım əməkdaş bildirib ki, rəhbərlik hazırda ofisdə deyil. Kadrlar şöbəsi ilə əlaqə saxladıqdan sonra dedi ki, onlarda belə bir məlumat yoxdur.
"Unikal"ın araşdırması zamanı ortaya çıxıb ki, hələ bu ilin mayında "HOLCİM" Azərbaycanla bağlı başqa bir qalmaqallı xəbər yayılıb. Belə ki, mayın 20-də Bakı Fond Birjasında (BFB) "Holcim (Azerbaycan)" ASC-nin kiçik səhm paketi üzrə 1 səhm 86 manata olmaqla əqd qeydiyyata alınıb. Mütəxəssislər hesab edir ki, bu ilin martında yüksək dividendlər elan ediləndən sonra birjada investorları çaşdırmaq üçün əqdlər bağlanıb.
Hətta həmin vaxt qiymətli kağızlar (QK) bazarının peşəkar iştirakçıları fond birjasının yalnız ünvanlı əqdlərin bağlanması üçün meydança olduğunu gizlətməyiblər. Praktik olaraq, səhmlərin nominal qiyməti üzrə sənədləşir və "HOLCİM" Azərbaycan ASC azsaylı istisnalardandır. Hətta bu il dividendlər elan ediləndən sonra əqdlər bir səhm üzrə 55,37 manatdan baha olmayıb (22 aprel). Amma 25 və 28 apreldə birjada fantastik qiymətə - səhmin biri 383 manata əqd qeydiyyata alınıb və KİV-də tənqid edilib. Məsələ burasındadır ki, BFB-nin reqlamentinə əsasən, bir səhm üzrə əqd əvvəlki sessiyadakından 20%-dən çox baha ola bilməz. Amma mayda söhbət səhmin 6,9 dəfə bahalanmasından gedirdi.
Bundan sonra uzun müddət "HOLCİM" Azərbaycan ASC-nin əqdlərinin alqı-satqısı üzrə əqdlər dayandırılıb. Broker şirkətləri, eləcə də səhmlərin əsas alıcısı ("Azəri İnvest Kompani") baş verəni izah edə bilməyib. O vaxt "Turan" Agentliyinin müxbiri ilə söhbətlərində onlar bildiriblər ki, investorlar standart səhm paketi üçün (əmək kollektivinin üzvü olan bir minoritara 186 səhm) 16 min manata qədər verə bilərlər. Bir şərtlə ki, noyabrdakı 50%-lik dividend yeni səhmdara çatsın. "Qiymətin ifrat artırılması qiymət manipulyasiyasıdır", - deyə brokerlər bildirib.
Başqa bir versiya var: portfel investorları AYİB və "Azərbaycan İnvestisiya Şirkəti" ASC qiymət artımında maraqlı ola bilər. Onların hərəsi "HOLCİM" Azərbaycanda 10% paya malikdir. Onların strategiyasına əsasən, müəyyən məsələlər həll ediləndən sonra səhmdarların sırasını tərk edəcəklər.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təsdiq etdiyi "Qiymətli kağızlar bazarında sui-istifadələrin qarşısının alınması qaydaları"na əsasən, qiymətli kağızlar bazarında sui-istifadə hallarından biri qiymətlərlə manipulyasiyadır (maddə 1.4.1).
Qaydalarda (maddə 5.1.7) qiymətlərlə manipulyasiyanın formaları da göstərilib. Onların biri qiymətli kağızların qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış və ya aldadıcı məlumatları verən və ya verə bilən əqdlərin bağlanması və ya tapşırıqların verilməsidir.
"HOLCİM" Azərbaycan ASC o vaxti bütün bu iddialarla bağlı şərh verməmişdi. Bəs indi necə, şirkətin rəqabətə dözməyib ixtisarlara başladığı xəbərinə münasibət açıqlanacaqmı? Gəlin tələsməyək və gözləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53