İsrail eksperti: "İrəvan Bakının səbrinin tükənmək üzrə olduğunu dərk etməlidir"
11:41 16-12-2014
CƏMİYYƏT
İsrail eksperti: "İrəvan Bakının səbrinin tükənmək üzrə olduğunu dərk etməlidir"
İsrailin beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qut Dağlıq Qarabağ münaqişəsi və bir sıra məsələlərlə bağlı fikirlərini bölüşərək deyib ki, yarım il öncə seçilmiş İsrail prezidenti Reuven Rivlin "erməni soyqırımı"nın rəsmən tanınması ilə bağlı Ermənistanın çağırışına yox dedi. Rivlin "soyqırımı" tanımağa səsləyən petisiyanı imzalamamaq qərarına gəlib. İsrail prezidentinin administrasiya rəsmisi Rivlinin petisiyanı imzalamadığını təsdiqləyib.
Eyni zamanda, İsrailin XİN-in rəsmiləri prezidentin bu mövqeyini alqışlayıblar. Onu qeyd etmək istərdim ki, üç il öncə Rivlin Knesset spikeri olaraq bu məsələnin parlament tərəfindən qəbul etməsini dəstəkləyib. Rivlinin mövqeyini dəyişməsi petisiyaya məsul şəxsləri təəccübləndirib. Düşünürəm ki, spiker Rivlin Prezident Rivlindən strateji düşüncə tərzi ilə fərqlənir. Prezident Rivlin İsraillə Türkiyə münasibətlərinin daha da pisləşməsindən çox narahatdır. Eyni zamanda, burada Azərbaycan faktorunu da unutmaq olmaz. 22 il ərzində İsraillə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq formalaşıb. Bu gün İsrailin iri şirkətlərinin böyük əksəriyyəti Azərbaycanda yüksək texnologiyalar, telekommunikasiya, neft-qaz sahəsi, tibb, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Ölkələr arasında mal dövriyyəsi təqribən 3.5 milyard dollara çatır. Təkcə son illər ərzində Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki ən müasir sinaqoq inşa edib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradıb. Bu bir daha Azərbaycan dövləti və rəhbərliyinin yəhudi xalqına və İsrail dövlətinə olan rəğbətini göstərir:-"Üç il öncə İsrail Knessetinin plenar iclasında qondarma "erməni soyqırımı" ilə əlaqədar ictimai dinləmələr keçirilib. İclasda parlamentin müxtəlif fraksiyalardan olan nümayəndələri qondarma "erməni soyqırımı"nın tanınmasının lehinə çıxış ediblər. Yalnız XİN rəhbəri Aviqdor Libermanın və onun "İsrail-Bizim Evimizdir" partiyasının səyləri nəticəsində qondarma "erməni soyqırımı" ilə bağlı heç qərar qəbul edilmədi.
Bu iclasda ekspert şəklində iştirak edən zaman İsrail millət vəkillərinə müraciət etdim və dedim ki, qondarma "erməni soyqırımı"nın rəsmən tanınması onsuz da kifayət qədər mürəkkəb və gərgin olan Türkiyə-İsrail münasibətlərini nəinki bir az da pisləşdirəcək, həm də tamamilə məhv edəcək. Bu qərarın qəbul edilməsi eyni zamanda İsrailin Azərbaycanla münasibətlərinə də ciddi şəkildə ziyan verəcək.
Ortaya əsaslı sual çıxır: İsrail Dövləti qondarma "erməni soyqırımı"nı nə üçün tanımalıdır? Ermənilərdən və Ermənistandan komplimentlər almaqdan ötrü? Bu gün faktdır ki, Ermənistan Cənubi Qafqazda İranın yeganə strateji tərəfdaşıdır. İsraili yer üzündən silməyə çalışan İran prezidenti hər il Ermənistana səfər edir. Yoxlanılmış məlumatlara görə, bu işğalçı dövlət İrana Rusiyanın hava hücumundan müdafiə sistemlərini ötürür.
Ukraynada bütün ailəsini itirmiş bir babanın nəvəsi kimi İsrail siyasətinin patriarxı, İsrail prezidenti Şimon Peresin sözlərini xatırlayıram: "Yəhudi xalqının Xolokostunu digər xalqın faciəsi ilə müqayisə etmək mümkün deyil". Faşizm Avropada yəhudiləri ona görə soyqırımına məruz qoymuşdu ki, onlar yəhudi idilər. Ermənilər isə Osmanlı imperiyası ərazisində onlara dövlət vəd etmiş çar Rusiyasının siyasətinin qurbanları oldular.
Çıxışımın sonunda İsrailin həqiqi milli maraqları barədə düşünməyə və erməni lobbisinin təzyiqi altında olan təxribatçı siyasətçilərin tanınmasını tələb etdikləri "erməni soyqırımı"nı tanımamağa çağırdım.
Ermənistan işğalı ilə bağlı İsrail hər zaman Azərbaycanın yanındadır. İsrailin siyasi elitası, o cümlədən İsrailin 9-cu prezidenti Şimon Peres, İsrailin baş naziri Binyamin Netanyahu və XİN rəhbəri Aviqdor Liberman hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək veriblər.
Artıq 22 ildir Ermənistan Azərbaycan ərazisinin ümumilikdə 20 faizini, Dağlıq Qarabağ regionunu və bu bölgəyə bitişik 7 rayonunu işğal altında saxlayır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuşdu və ölkənin hər 7-ci sakini qaçqın vəziyyətindədir. Azərbaycanın hərbi məqsədli xərcləri barədə hamımızın məlumatı var. Bu gün Azərbaycanda hərbi xərclər üçün ayrılan vəsait Ermənistanın ümumi büdcəsinin 50 faizdən artıqdır. Məhz buna görə rəsmi Bakının regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacağı tamamilə aydındır. Ermənistan Azərbaycanın səbrinin tükənmək üzrə olduğunu dərk etməlidir. Münaqişənin həllində Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi Azərbaycanı təzyiq və digər sərt vasitələrə əl atmağa vadar edir. Ermənistan isə başa düşməlidir ki, beynəlxalq hüquq normalarına görə Azərbaycan nəinki özünü müdafiə etmək, həm də Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərini azad etmək hüququna malikdir. Azərbaycan Ermənistanla dinc yanaşı yaşamağa hazırdır, lakin bunun müqabilində Azərbaycan ilk növbədə ölkənin işğal edilmiş rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, habelə azərbaycanlı qaçqınların öz doğma yurdlarına qaytarılmasını tələb edir.
Azərbaycan diplomatiyasının danışıqlar prosesində iştirakı hələ də son ümidin qalmasına şahidlik edir. Lakin ümidlərin tükənməsi baş verir. Təmas xəttindəki son hadisələr bir daha təsdiq edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarda yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə sərt və güclü olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərə çarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir. Azərbaycan və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir".
Fuad
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15