Müxalifətin sonda qəbul etdiyi xilas masası
11:42 16-12-2014
CƏMİYYƏT
Müxalifətin sonda qəbul etdiyi xilas masası
Azərbaycan siyasətində yeni mərhələ başlaya bilər
Uzun illərdi ki, Azərbaycanda hakimiyyətlə müxalifət arasında dialoqun keçirilməsi məsələsi gündəmə gəlsə də baş tutan anda alınmırdı. İlk növbədə ona görə ki, dialoqun konkret mövzusu olmurdu. Yəni müxalifət üçün ümumi dəyərlər ikinci plana keçmişdi, konkret siyasi proseslərə gəldikdə isə təsiretmə imkanları yox idi. Belə olan halda müxalifət sadəcə olaraq daha da aqressivləşərək hakimiyyətlə dialoqda hakimiyyəti onlara verməyi tələb edirdi və deməli bu dialoq sadəcə mümkünsüz idi.
Xatırlayırsınızsa Şərq inqilabları başlayan kimi Azərbaycan müxalifəti də aktivləşdi və hakimiyyətə dialoq təklifi verildi. Bəs dialoqun kökündə nə dururdu?. Aydın oldu ki, AXCP-Müsavat birliyi layihə hazırlayıb və layihənin adı da "Yol xəritəsi"dir. Güya Azərbaycanda da inqilab olacaq və hakimiyyət daha rahat şəkildə hakimiyyətdən getmək üçün onların dediklərini etməlidirlər. Sözsüz ki, belə cəfəngiyata heç bir hakimiyyət baş qoşa bilmzədi və qoşmadılar. Beləliklədə hər zaman iqtidarla müxalifətin dialoqu alınmırdı. Amma bir faktda var idi ki, radikal müxalifətlə yanaşı loyal və prinsiplərə hörmətlə yanaşan müxalifət də var idi və onlarla görüş mümkün variant idi. Amma bu tip görüşlər də baş tutmurdu. Bunun isə başlıca səbəbi o idi ki, radiakl müxalifət, müxalifət düşərgəsində az qala bir monopoliya yaratmışdılar və digər müxalif qüvvələri şantaj etməklə tam təsir altında saxlayırdılar. Maraqlıdır, bəs hazırda nələr baş verdi ki, belə dialoq alındı?
Ekspertlərin fikrincə bunun bir çox səbəbləri var. Və bu səbəblər ümumilikdə aşağıdakılardır.
1. Müxalifət düşərgəsində monopolistlər sıradan çıxdı. Yuxarıda göstərdiyimiz kimi uzun müddət radikal müxalifət loyal və cəmiyyətlə işləməyə maraqlı olan müxalifətin hakimiyyətlə dialoqa getməsinə qarşı çıxır və bəzi hallarda onları şantaj edirdilər. Amma bu gün məlum monopolizm sıradan çıxıb və get-gedə sular durulur.
2. Radikal müxalifət son rıçaqlarını da itirdi. Milli Şuranın sıradan çıxmasından sonra istər AXCP, istərsə də Müsavat ağılasığmaz səviyyədə sosial bazalarını itirdilər, partiyada ikinci-üçüncü səviyəli şəxslər istefaya getdi. Bunun davamı olaraq Müsavatda keçirilən başqanlıq seçkilərindən sonra müxalifətə olan inam tam sıfırlaşdı. Təsəvvür edin, ayrı-ayrılıqda AXCP və Müsavat mitinqlər keçirdir və aydın olur ki, bu aksiyalara 300-400 adamdan başqa gələn yoxdur. Bir siyasi partiyanın 300-400 nəfərlik sosial bazası varsa deməli bu artıq gülüncdür.Bunu AXCP və Müsavat da bildiyi üçün geri çəkilməyə məhkum olub.
3. Aydın oldu ki, ölkədə radikallıq edən qüvvələrin böyük əksəriyyəti xarici qüvvələrə və dolayısı ilə erməni lobbisinə işləmək zorunda qalıblar. Son proseslər sübut etdi ki, erməni lobbisi və bəzi Qərb birlikləri sözün həqiqi mənasında Azərbaycanda tam bir şəbəkə yaradıblar və bu şəbəkə dövlət maraqlarından kənar addımlar atırlar. Buna görə də artıq loyal müxalifət bu güclərlə bir yerdə olmağın mümkünsüzlüyünü görür və siyasi gedişlərinə yenidən baxır. Çox böyük ehtimal ki, Müsavat partiyası da bu haqda düşünməli olacaq. Çünki bu və digər səbəblərdən Müsavat faktiki yoxa çıxıb.
4. Müxalifət gördü ki, hakimiyyətə qarşı nə qədər aqressiya göstərsələrdə cəmiyyət onlara inanmır və bu inamsızlığa görə də onlar proseslərə təsir etməkdə acizdirlər. Belə olan halda aydın olur ki, müxalifətin heç bir şərt irəli sürmədən danışıqlar masası arxasında əyləşmələri cəmiyyətin sifarişidir.
5. Aparılan araşdırmalar sübut edir ki, hazırda cəmiyyət hakimiyyəti tam dəstəkləyir və həyata keçirilən layihələr alqışla qarşılanır. Deməli cəmiyyətlə hakimiyyət arasında bir bərabərlik yaranıb.
6. Ukrayna olaylarından sonra həm də Azərbaycanın siyasi yönündən aslı olmayaraq bütün siyasi qüvvələri üçün aydın oldu ki, Azərbaycan hakimiyyəti doğru xarici siyasət yürüdür və nələrinsə xatirinə Avropaya və ya Rusiyaya üz tutmur. Hakimiyyət balanslı siyasəti çox uğurla davam etdirir və bu proses Azərbaycanın maraqlarına tam cavab verir. Halbuki Azərbaycan Ukraynanın seçimindən fərqli yol tutanda, radiakl müxalifət az qala bunu xəyanət kimi dəyərləndirirdi. Amma nəticə göz qabağındadır və radiakal müxalifət tam iflas olub. Məhz bu səbəblərə görə bu gün müxalifət hakimiyyətlə dialoqa can atdı və yəqin ki, proses davam edəcək. Maraqlıdır, bəs görüşün nəticəsindən hakim düşərgəni təmsil edən Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov razı qalıbmı?. Ə. Həsənov bildirib ki, görüşdə 17 müxalif partiyası təmsil olunub. Onun sözlərinə görə, 3 saata qədər davam edən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları düşündürən və dövlətin iqtisadi, siyasi, sosial, beynəlxalq münasibətlər sahəsindəki bütün fəaliyyətinə aid olan məsələlər haqqında danışılıb: "Bu görüşün davamlı olması həm hakimiyyət tərəfindən, həm də siyasi partiyalar tərəfindən çox zəruri həqiqət kimi qəbul olundu. Qərara gəldik ki, bundan sonra da onları maraqlandıran, narahat edən məsələlərin birgə müzakirə edilməsi və ortaq nəticəyə gəlinməsinə razılaşdıq".
Şöbə müdiri qeyd edib ki, görüşdə həm siyasi partiyaların, həm hakimiyyətin, həm də azad medianın fəaliyyətinə aid olan məsələlər müzakirə olunub, açıq fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin siyasi partiyaların maliyyələşməsi, mənzil qərargahla təmin olunması, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak məsələləri, partiyalar və seçki institutlarının fəaliyyəti müzakirə olunub: "Düşünürük ki, kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də mövzular təxmin olundu. Hakimiyyət nümayəndəsi olaraq biz onları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul eləyən dövlət strukturlarının rəhbərlərinə, o cümlədən də ölkə prezidenti cənab İlham Əliyevə nəticələri çatdıracağıq".
Ə. Həsənov onu da qeyd edib ki, müxalif partiyaların hamısı dialoqda iştirak etməyib. Onun sözlərinə görə, tədbirdə iştirak edən 17 partiyadan 8-nin təşəbbüsü ilə keçirilib. PA rəsmisi bildirib ki, gələcəkdə bütün siyasi partiyaların bu görüşlərə dəvət olunması ilə bağlı da müzakirə aparılıb. Beləliklə aydın olur ki, Azərbaycan müxalifəti yeni mərhələyə keçid etməyə hazırlaşır. Bəs bu mərhələ nədən ibarətdir?
1. Müxalifət artıq gərəksiz aqressiyadan imtina edərək ,konstruktiv müxalifət xəttini qəbul edir.
2. Müxalifət siyasi proseslərə təsir edə bilmədiyini görərək yenidən təşkilatlanma sistemini seçir.
3. Müxalifətdaxili komplekslər sıradan çıxarılır və böyük qardaş,kiçik qardaş təzyiqindən qurtulma başlayır. Hesab etmək olar ki, bu prosesin sonu daha effektli olacaq.
Belə ki, ən azından müxalifət düşərgəsindən yeni siyasi qüvvələr çıxacaq və bu normal siyasi sistemin hərəkəti ilə müşahidə olunacaq. Bunuda qeyd edək ki, prezident İlham Əliyev dəfələrlə beynəlxalq toplantılarda belə bəyan edib ki, Azərbaycan hakimiyyətinə güclü müxalifət lazımdır. Hesab etmək olar ki, artıq Azərbaycan müxalifəti də güclü olmaq üçün kənardan dəstək axtarışının yanlış olduğunu görüb və yeni mərhələ başlayıb. Sonda yada salaq ki, görüşdə iştirak edən bütün müxalif partiyalar bu dialoqdan razı qalıblar.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15