Günəbaxan tumlarının reklam və uduş kampaniyaları narazılıq doğurur
Bəzi günəbaxan tumları yalançı reklamları ilə cəmiyyətdə çaşqınlıq yaradırlar
Bir qrup ölkə vətəndaşının günəbaxan tumları ilə bağlı müxtəlif dövlət instansiyalarına ünvanladığı müraciət mətbuatda dərc olunduqdan sonra geniş ictimai marağa səbəb olub. Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz "xeberinfo.com" olaraq aktuallığını nəzərə alıb, mövzu ilə bağlı silsilə yazılar hazırlayırıq. Çalışırıq ki, kifayət qədər narahatlıq doğuran bu problemi ictimailəşdirib, cəmiyyəti bəzi tumların insan sağlığına ziyanından və saxta uduş kampaniyalarından xəbərdar edək. Belə məlum olur ki, günəbaxan tumları ilə bağlı Azərbaycan insanını narahat edən faktlardan biri də bu tumların çaşdırıcı uduş kampaniyası ilə bağlıdır.
Biz də bunu nəzərə alıb, tanınmış hüquqşünas Ərşad Hüseynovun günəbaxan tumlarının reklam və uduş kampaniyasında məlum qanunlara nə dərəcədə əməl olunması ilə bağlı söhbətləşdik. İlk sualımız da reklam və uduş kampaniyasının hüquqi tənzimlənməsi ilə bağlı oldu:
Günəbaxan tumunun qabında (qutusunda, torbasında) tumlarla bərabər hər hansı hədiyyənin (o cümlədən uşaq oyuncağının) yerləşdirilməklə satılması "Lotereyalar haqqında" Azərbaycan Respublikasının 26 may 2004-cü il tarixli Qanununa və Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tətəfindən 31 iyul 2006-cı il tarixli əmrlə təsdiq edilmiş "Stimullasdırıcı lotereyaların təskili və keçirilməsi Qaydaları"na uyğun olaraq stimullaşdırıcı lotereya sayılır. Bundan başqa, qutunun (torbanın) üstünə uduşlu kod yazılması, yaxud içərisinə müxtəlif variantlı uduşlu qeydlərin, yazıların, vərəqlərin qoyulması da stimullaşdırıcı lotereyadır
Stimullaşdırıcı lotereya Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin razılığı olmadan təşkil edilə və həyata keçirilə bilməz. Razılığın alınması üçün lotereya təşkilatçısı, yəni tumları qablaşdıraraq satan hüquqi və ya fiziki şəxs lotereyanın başlanmasına azı 20 (iyirmi) iş günü qalmış Komitəyə müraciət etməlidir. Müraciət zamanı bu sənədlər təqdim olunmalıdır:
- lotereyanı keçirmək niyyətində olduğu barədə bildirişi;
- lotereyalar haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş lotereyanın şərtlərini;
- lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat daşıyıcısının) nümunəsini;
- lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini;
- lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surətini;
- stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti
Komitə yuxarıda göstərilən sənədlərə təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq baxır, təqdim olunmuş sənədlərdə nöqsan aşkar edildikdə, onların aradan qaldırılmasını lotereyanın təşkilatçısından tələb edir və ya lotereyanın keçirilməsini qadağan edir.
Bu zaman stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsinin bütün şərtlərinə riayət edilməlidir. Həmin şərtlər lotereya üzrə uduşların verilməsi (ödənilməsi) qaydasını, lotereyanın keçirilmə müddətini, lotereyanın uduş fondunun ümumi məbləğini və başqa mühüm məsələləri müəyyən edir.Lotereyanın bu şərtləri sənəd formasında tərtib olunaraq Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim edilməlidir. Razılıq alındıqdan sonra lotereya keçirilərkən həmin şərtlərə riayət edilməlidir.Lotereya yalnız Komitə ilə razılaşdırılmış müddətdə keçirilməlidir. Deməli, bu qaydada satılan malların reklamı və satışı da yalnız həmin müddət ərzində davam edə bilər.
Bəs istehsalçının bu və ya digər günahı üzündən istehlakçıya dəyən zərər necə-kim tərəfindən və necə ödənməlidir?
"Lotereyalar haqqında" Qanuna uyğun olaraq stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir. Yəni təşkilatçının həm stimullaşdırma yolu ilə satdığı məhsul (tum, qağıdalı çöpü və s.), həm də stimullaşdırma üçün istifadə etdiyi hədiyyələr sanitar-gigiyenik tələblərə cavab verməli, qanunvericiliklə nəzərdə tutulan uyğunluq sertifikatı olmalıdır. Əgər belə uyğunluq yoxdursa, stimullaşdırıcı lotereyaya razılıq verilə bilməz.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasi Qanununa uyğun olaraq, malın (işin, xidmətin) qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Bu tələb stimullaşdırıcı lotereyadan istifadə olunmaqla satılan mallara da aiddir. Özü də bu halda həmin tələb malın satışını stimullaşdırmaq üçün uduşa qoyulan əşyalara və hədiyyələrə də şamil olunur. Məsələn, satışı stimullaşdırmaq üçün istifadə olunan uşaq oyuncağının təhlükəli kimyəvi maddələrdən hazırlandığı aşkar olunarsa, bunun qarşısı dərhal alınmalı, konkret zərərçəkmiş şəxslərə dəyən ziyanın əvəzi ilə yanaşı, mənəvi zərər görə kompensasiya da tələb olunmalıdır.
Bəzi günəbaxan tumlarının reklam və uduş kampaniyalarındaqanunazidd detallar müşahidə olunur. Belə hallarda qanunda hansı cəza tədbirləri nəzərdə tutulur?
"Reklam haqqında" Qanunda isə göstərilir ki, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir. Deməli, tum paketlərində hədiyyələr də yerləşdirməklə satış təşkil olunmasına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən razılıq verilmədikdən sonra belə lotereyanın keçirilməsi qadağan edilmişdirsə, bunun reklamına yol verilə bilməz.
Yuxarıda göstərilən qanuni tələblərin pozulması inzibati məsuliyyətə səbəb olmaqla əhəmiyyətli məbləğdə cərimələrin tətbiqinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 221-1-ci maddəsinə əsasən, keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir.
Bu fəaliyyət nəticəsində xüsusilə ciddi qanun pozuntuları olduqda və bu, ağır nəticələrə səbəb olduqda konkret tərkib əlamətlərindən asılı olaraq belə əməl iqtisadi fəaliyyət sahəsində cinayət kimi qiymətləndirilməklə cinayət məsuliyyətinə səbəb ola bilər(xeberinfo.com).
Digər Xəbərlər
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26
2024-11-05 15:42:00
2024-11-05 15:00:11
2024-11-05 14:43:34