Radikal müxalifəti üz-üzə gətirən yeni dialoq
07:58 17-12-2014
İQTİSADİYYAT
Radikal müxalifəti üz-üzə gətirən yeni dialoq
AXCP ilə Müsavat yenə cılız mövqedə dayanır, qarşı tərəf tutarlı cavab verir
Dekabrın 13-də 17 siyasi partiya sədri Prezident Administrasiyasının sədri Əli Həsənovla görüşdü. Görüşdə iştirak edən müxalifət nümayəndələri bu tədbirin əhəmiyyətli olduğunu vurğulasalar da, radikallar əks mövqedən çıxış etdilər.
Məsələ ondadır ki, uzun illərdir radikal müxalifət, daha dəqiq desək, AXCP ilə Müsavat dialoq təşəbbüsündə bulunublar. Amma indi dialoq mühiti yaranır, bu iki partiya yaxalarını kənara çəkib hər şeyi qaralayırlar.
"Unikal"ın məlumatına görə, Müsavatla AXCP düşmən münasibətdə olsalar da, milli maraqlara uyğun olan siyasi qütblərin uzlaşmasına qarşı çıxmaqda vahid mövqe nümayiş etdirirlər. Bu da onu göstərir ki, bu iki partiya yalnız öz şəxsi maraqlarını güdür və ümumi marağa xidmət edən proseslərdən kənarda durmağa çalışırlar.
Halbuki sözügedən tədbirdə iştirak edən müxalifət nümayəndələri tədbirin nə qədər əhəmiyyətli olduğunu arqumentlərlə əsaslandırırlar. Belə ki, görüşə qatılan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, növbəti görüşü PA təyin edəcək: "Görüşdə belə razılığa gəldik ki, müxalifət olaraq ilk təşəbbüsü biz irəli sürdük, konstruktiv mövqedə olduğumuzu bildirdik. Bundan sonrakı görüşün formatını və vaxtını Prezident Administrasiyasi müəyyən etməlidir. Biz xahiş etdik ki, hökümət həqiqətən bu görüşlərin dövri xarakter daşımasını istəyirsə, Prezident Administrasiyasi özü bundan sonra təşkilatçı kimi çıxış etsin. Əli Həsənov da bununla razılaşdı. Bundan sonrakı görüşün vaxtını və formatını artıq iqtidar müəyyən edəcək". S.Cəlaloğlu görüşə qatılmayan AXCP və Müsavatın səmimi olmadığını bildirib və "Ramil Səfərov olayı"nı xatırladıb: "Görüşə qatılmayan partiyaların hərəsinin bir arqumenti var, amma bu, onların əməllərinin sözləri ilə düz gəlmədiyini sübut edir. Məsələn, indiki şərtlər daxilində iqtidarla görüşü satqınçılıq hesab edirlər. Amma bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının ofisində AXCP və Müsavat Partiyasının nümayəndələri Ramil Səfərovla bağlı Prezident Adminsistrasiyasının təşəbbüsü ilə Əli Həsənovla keçirilən görüşdə iştirak etmişdilər. İndi mən sual verirəm. Yüzə yaxın siyasi məhbus məsələsi önəmlidir ya Ramil Səfərovla bağlı beynəlxalq təşkilatların iradları? Bizə deyirlər siz Əli Həsənovla görüşərək hökümətə qarşı olan təzyiqləri azaltmısız. Amma Ramil Səfərovla bağlı məsələ vaxtı təzyiqlər daha çox idi və müəyyən mənada haqlı iradlar idi. Nə əcəb AXCP və Müsavat YAP-ın ofisinə gedib iqtidarla görüşür, amma neytral bir yerdə siyasi məhbusların azad olunması ilə bağlı keçirilən görüşü bəyənmirlər. Bu fakt özü göstərir ki, bu adamların görüşdə iştirak etməmələrinin heç bir əsaslı arqumenti yoxdur. Onlar YAP-ın ofisində 2-3 partiya ilə, biz isə neytral yerdə 17 partiya ilə görüş keçirmişik. Bunlar elə bilirlər ki, hər şey yaddan çıxıb".
Maraqlı məqamlardan biri də odur ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı "Qafqazinfo"ya açıqlamasında həmin görüşə qatılan partiya sədrlərini "kolxoz" adlandırıb: "Əli Həsənovla keçirlən bu görüş dialoq deyildi. Dialoq cəmiyyətin hakimiyyətə müxalif olan təmsilçiləri ilə iqtidar arasında konfliktləri aradan qaldırmaq üçün aparılan müzakirələrdir. Bu görüşdə iştirak edənlərin heç biri müxalifəti təmsil etmirdi. Hətta bir çox hallarda hakimiyyyətin siyasətini müdafiə edirlər. Hamısı hakimiyyətə bağlı olan şəxslərdir. Ona görə də bunu müxalifətlə dialoq kimi təqdim etmək doğru deyil. Bu tip görüşlərin ölkədəki siyasi proseslərə heç biri təsiri yoxdur. Siyasi fəaliyyətə görə təzyiqlərin artdığı üçün bu gün dialoqa ehtiyac var. Bu məsələlərin aradan qaldırılması üçün hakimiyyətin ilkin addımlarından sonra dialoq üçün zəmin yaranacaq. Belə addımlar atılarsa, real müxalifətin iştirakı ilə dialoqu mümkün hesab edirik. Amma bu format yalnız real müxalifəti təmsil etməlidir".
"Unikal"a açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orcuov deyib ki, sözügedən tədbirə qarşı bu şəkildə mövqe bildirmək yanlışdır. Onun sözlərinə görə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri ilə bəzi müxalifət partiyalarının görüşünün AXCP-Müsavat tərəfindən atəşə tutulmasının səbəblərini anlamaq mümkün deyil: "Görüşə qatılanların əksəriyyəti onsuz da bunu dialoq kimi deyil, görüş kimi xarakterizə edirlər. Lakin bunun özü də pozitiv hal sayılmalıdır. Doğrudur bu görüşdən kimin daha fayda götürəcəyi məsləsi ayrı mövzudur. İndiyədək mövcud olan köhnə steotiplərdən yaxa qurtarmaq lazımdır. Münasibətlər nizama salınmalıdır.Həm cəmiyyətdə, həm də cəmiyyətin ayrılmaz tərkib hissələri olan siyasi düşərgələrdə qarşılıqlı nifrət , kin və inkarçılıqdan qurtarmağın ən optimal yolu bu cür təmasların qurulmasıdır. Hesab edirəm ki, dialoqa qədər hələ xeyli məsafə qət etmək lazım gələcək.Görüşdən imtina edənlərin gətirdikləri arqumentlər isə özlərinə bəraətdən başqa bir şey deyil. Hər halda AMİP-də daxil bir sıra partiyalar xoş məram göstərdilər və vətəndaş sülhünə, milli həmrəyliyə marqlı olduqlarını öz addımları ilə bir daha təsdiqləmiş oldular. Bundan sonrasının məsuliyyəti iqtidarın üzərində qalır".
Fuad Qəhrəmanlının "kolxoz" ittihamına gəlincə Ə.Orucov "O sözlərin, o deyimlərin AMİP-ə heç bir aidiyyatı yoxdur. Ona görə də bu barədə bir şey söyləyə bilmərəm", - deyə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59