Britaniyadan Putinə sərt xəbərdarlıq
Britaniyadan Putinə sərt xəbərdarlıq

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin zabit idə sensasion açıqlamalar verdi

Böyük Britaniya Müdafiə Nazirliyinin başçısı Rusiya ilə mümkün müharibə haqqında danışıb. Müdafiə naziri Maykl Fellon Rusiya Federasiyası prezidenti Vladimir Putinə "təhlükəli oyunlar" oynadığı barədə xəbərdarlıq edib.

Maykl Fellon hesab edir ki, Rusiyanın təcavüzü NATO güclərinin iştirakı ilə müharibəni provokasiya edə bilər. "Baxmayaraq ki, Qərb Ukraynada böhranın hərbi həllinə baxmır. Amma hadisələrin inkişafının belə bir variantı istisna edilmir", - britaniyalı nazir bildirib.
Britaniya müdafiə naziri vurğulayıb ki, Putini etibar etmirlər və Böyük Britaniya ən pis varianta hazırlanmalıdır.

Rusiyada inqilab mümkündürmü?

Bu arada Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti İqor Strelkov Donbasda baş verənlərin federasiyaya sıçrayacağını iddia edib (olaylar.az). O, yaza qədər Rusiyada inqilabın baş verəcəyini deyir: "İqtisadi böhran və Donbas ruslarına xəyanət Rusiyada "Moskva Maydanı" adlanacaq inqilabın yaranmasına səbəb olacaq. Putin mövqeyini dəyişməsə, Haaqa məhkəməsinə çıxarılacaq. Yazda xarabalığa çevrilən Donbas xalqı Putinə nifrət edəcək. Nəticədə NATO-dan hərbi yardım alan Ukrayna hücuma keçəcək və şərqdəki respublikaları məhv ediləcək".
Strelkovun iddiaları ilə yanaşı, sanksiyalar və neftin ucuzlaşması da Rusiyanı sosial partlayışa sürükləyir. Lakin birmənalı şəkildə Rusiyada inqilabın olması mümkün deyil. Məsələn, Rusiyanın iqtidar iddiasında olmayan müxalifəti var. Eyni zamanda Putin müxalifətlə işini sistemli şəkildə qurub. İqtidarın müxalifətlə dialoqu var. Partiyaların əksəriyyəti Putinin yürütdüyü siyasətə loyal münasibət bəsləyirlər. Paralel olaraq, xalqla hakimiyyət arasında ideologiya fərqi demək olar ki, yoxdur. Avropalaşmaq ideologiyasının uzun illər əvvəl yayılmasına baxmayaraq, Rusiya əhalisinin yalnız 15%-i Qərbə meyllidir.
Ən maraqlısı isə rusların 70%-i hakimiyyətin liberallaşma islahatlarını istəməməsidir. Onlar Rusiyanı "qeyri-adi Avrasiya ölkəsi" kimi qiymətləndirirlər. Rus cəmiyyətinin siyasi, iqtisadi, sosial, xarici siyasət və milli baxışları Qərbdən fərqlidir. İnsanların yaşayış tərzlərində də fərqliliklər var. Federasiyada böyük əksəriyyət kommunizm tərəfdarıdır. Hələ də ruslar Stalin posterləri üçün könüllü pul yığırlar. Leninin nüfuzu da sadə kütlə arasında böyükdür. Eynən Putin kimi.
Ən əhəmiyyətlisi isə ölkənin milliyyətçi kəsimi Kremlin tərəfindədir. İnqilabların əksəriyyətinin paytaxtlardan başladığını da nəzərə alsaq, bu Moskvada mümkün deyil. Çünki Moskvada işsizlik, yoxsulluq və aclıq yoxdur. Paytaxtda adambaşına düşən gəlir Avropa ilə bərabərdir. Ölkənin liberal hissəsində say azlığı var. Onların kampaniyası cəmiyyət tərəfindən isti qarşılanmır. Çünki liberallar rusların böyük çoxluğunun sevmədiyi Amerikanı nümunə kimi göstərirlər. Nəticədə heç bir kənar, yaxud daxili qüvvələr insanları Kremlə qarşı birləşdirə bilmirlər. Buna cəhd də etmirlər.
Ən əsası isə gənclər hakimiyyətin yürütdüyü siyasətə o qədər maraq göstərmirlər. Siyasi və iqtisadi problemlərlə də maraqlanmırlar. Eyni zamanda müxalifət birliyi və radikal qanadı təşkil edən siyasi təşkilatların ortaq proqramları yoxdur. Qərb QHT-lərinin müxalifət daxilindəki fəaliyyəti sıfıra bərabərdir. Digər tərəfdən Krımın ilhaqı və Ukraynanın Şərqində yaradılmış "Yeni Rusiya respublikaları" Putinin daxili nüfuzunun yüksəlməsinə rəvac verdi. İnqilabın üzərindən xətt çəkən mühüm element isə, rus ordusunun tamamilə hakimiyyətin nəzarəti altında olmasıdır. Hakimiyyət daxilində parçalanmanın və fikir ayrılığının olmaması də Putinin lehinə işləyir. Yəni ki, mövcud situasiyada Rusiyada inqilab mümkün deyil.

Rublun "qara günü"

Dünən verilən başqa bir məlumata görə isə dekabrın 15-i rubl üçün "qara gün" kimi qiymətləndirilir. Rusiya mediasının verdiyi məlumata görə, rus valyutasının dəyəri bir gün ərzində 8 faiz düşüb.
Rubl devalvasiya tempi üzrə 15 dekabr tarixinə qədər yalnız Ukrayna qrivnası ilə müqayisədə öyünə bilərdi. İlin əvvəlindən rubl dollar qarşısında 40 faiz, Ukrayna valyutası isə 46 faiz dəyərini itirmişdi. Bu iki valyutanı isə təxminən 25 faiz dəyər itkisi ilə Qana sedisi və Argentina pesosu izləyirdi.
"Qara gün"də vəziyyət dəyişib. Rublun ilin əvvəlindən dollar qarşısında dəyəri 48 faiz düşüb və bu onu dünya "lider"i edib.
Dünən Moskva birjasında yerli vaxtla saat 20:00-da bir dollar 66,35 rubl, bir avro isə 82,13 rubla dəyişdirilib. Bundan başqa, Rusiya rublu bugünkü enişlə yeni antirekord vurub. Bundan əvvəlki antirekord 31 mart 1999-cu ildə qeydə alınmışdı. Qlobal iqtisadi böhran fonunda rubl dollar qarşısında 6,43 rubl (20,62 rubldan 27,05 rubla qədər) dollara ucuzlaşmışdı.

Qərb Üçüncü
dünya müharibəsinə
getməyəcək?

"Üçüncü dünya müharibəsi haqqında söhbət gedə bilməz, çünki belə müharibə olsa, dünyanın yarısı, o cümlədən Qərb sivilizasiyası məhv ediləcək. Ona görə də Qərb buna getməyəcək". Bunu isə rusiyalı politoloq, Siyasi Konyuktur Mərkəzinin direktoru Sergey Mixeyev Ukraynadakı hadisələr fonunda Rusiya-Qərb münasibətlərinin perspektivlərini şərh edərkən deyib.
Politoloq qeyd edib ki, Qərb Rusiyaya başqa yollarla, məsələn Ukrayna vasitəsi ilə təzyiq edəcək: "Belə ssenari mümkündür. Lakin mən düşünürəm ki, bu, Qərbə xeyir gətirməyəcək. Çünki ABŞ-ın öz dominantlığını digər dövlətlərə təzyiq vasitəsilə təmin etmək siyasətinin perspektivi yoxdur. Uzunmüddətli perspektivdə bu siyasət Qərbin özünə və ABŞ-a problem yaradacaq. Doğrudanmı Avropada şərq tərəfdən təhlükə şəraitində yaşamaq maraqlı olacaq? Fikrimcə, Rusiya və Avropada belə şəraitdə heç kim yaşamaq istəməz. Avropa uzaqgörənlik nümayiş etdirmir, ABŞ-ın siyasətinə uyğun hərəkət edir. Lakin gec-tez onlar bu yolda ilişib yıxılacaqlar".
S. Mixeyevin sözlərinə görə, yaranmış vəziyyətdən çıxmaq üçün Rusiya öz iqtisadiyyatını yenidən qurmalıdır: "Təəssüf ki, bunu anlamaq üçün Qərblə münasibətlərdə böhranın baş verməsi lazım olub. Rusiyada illərlə deyilirdi ki, Qərbə arxalanmaq olmaz, təkcə neftlə qazı satmaqla yaşamaq mümkün deyil. Lakin bəzi insanlar bunu eşitmirdilər və hesab edirdilər ki, resursları satmaqla, yaşamaq mümkün olacaq. İndi Rusiya öz iqtisadiyyatının diversifikasiyası, habelə yüksək texnologiya sahələrinin yaradılması ilə məşğul olmalıdır. Avropa isə öz problemləri ilə yaşasın. Rusiya heç kimə yaşamaq dərsi keçmək istəmir, vaxtilə SSRİ kimi öz baxışlarını sırımaq fikrində deyil".
Politoloq həmçinin Rusiyanın "Cənub axını" layihəsinin bağlanması haqqında qərarını şərh edib. Onun sözlərinə görə, Avropanın irəli sürdüyü şərtlərlə bu layihə qeyri-rentabelli olub. "Əslində Avropa tələb edirdi ki, Rusiya öz hesabına boru xəttini inşa etsin və onu Avropa İttifaqına bağışlasın. Nəyə görə biz onu Avropa İttifaqına hədiyyə etməliyik? Fikrimcə, Avropa qəbulolunmaz tələblər irəli sürdü. Məsələn, bir nəfər qonşusuna deyir ki, sən ev tik və mən o evdə yaşayacam, çünki mən səndən meyvə alacam. Belə adamı dəli adlandırmaq olar, lakin Avropa bunu normal hal sayır", - deyə o fikrini tamamlayıb.
Kənan Rzaquliyev