Mübariz Qurbanlı: "Bəzi gəncləri din adı altında xaricə aparıb,
sənədlərini alıb qul kimi işlədirlər"
"Sonra da silah verib həlak edirlər. Bu cür adamlar nəzarətə götürülüb, bir neçəsi həbs olunub. Qalanları da həbs olunacaq"
"İslam ölkələrində bu dini gözdən salmağa cəhd edən radikal qruplar var. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət göstərirlər, onlar İslama zidd qruplardır. Onların mənbəyi, maliyyə qaynaqları xaricdən, xristian ölkələrindəndir".
Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində "Din və dövlət münasibətləri" mövzusunda keçirilən tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O qeyd edib ki, həmin qruplar İslam dinini gözdən salmağa çalışırlar: "İslama gələnlərin qarşısını almaq üçün onu gözdən salırlar. Bu gün İŞİD qruplaşması var. Lakin o əvvəllər başqa adla fəaliyyət göstərmiş və İslam dininə terror damğasını vurmaq üçün çalışmış qruplardan yaradılıb. Bu savaşların dinə heç bir dəxli yoxdur. Onlar bu əməllərlə İslam dinini gözdən salmağa çalışırlar. Saqqalı uzun, saçı dağınıq, baş kəsən, uşaq öldürən birini görən hansısa yapon, ingilis əlbəttə ki, İslam dininə gəlməz. XXI əsrin 14 ili ərzində müharibələrdə 1 milyon 200 min insan həlak olub ki, bunun da 80 faizi müsəlman ölkələrinin payına düşür. Bu gün 30 ölkədə müharibə gedir. Bu müharibələrdən 12-si islam ölkələrindədir" .
M.Qurbanlı qeyd edib ki, radikal qruplar Azərbaycanda da köklərini yaratmaq istəyirlər: "Lakin Azərbaycan xalqı heç vaxt onlara dəstək verməyəcəkdir. Əvvəla, bizim xarakterimiz buna imkan verməz. İkincisi, İslam adətlərimiz tarixdən gəlir. Bizim etiqadımız düzgündür. Biz islama zidd əməllərə rəvac verə bilmərik və verməyəcəyik".
Komitə sədri deyib ki, radikal qrupların fəaliyyətinin qarşısının alınması üçün mübarizə davam edəcək: " Azərbaycanda din azaddır. Hazırda ölkədə 2050 məscid var. Onlardan 1600-ü tam fəaliyyət göstərir. Bayram namazında 150 minə yaxın insan namaza gəlir. Lakin məscidlərdə 300 min insanın ibadət etməsinə şərait var. Bu gün bəzi gəncləri din adı altında xaricə aparıb, sənədlərini alıb orada qul kimi işlədirlər. Sonra da silah verib həlak edirlər. Bu cür adamlar nəzarətə götürülüb, bir neçəsi həbs olunub. Qalanları da həbs olunacaq. Biz qanuna dəyişiklik etmişik. O adamlar ki hardasa qeyri - qanuni döyüşə gediblər, silahlı birləşmədə iştirak ediblər, onlar Vətənə qayıdan kimi həbs olunurlar. Əgər kimsə həqiqətən vətən uğrunda, din uğrunda döyüşmək istəyirsə buna meydan var. Bizim Qarabağ kimi problemimiz var. Bunun üçün gedib hardasa quldur dəstəsinə qoşulub başqasının maraqları naminə həlak olmağa dəyməz. Ona görə bu cür təbliğat aparanların qarşısı alınmalıdır və alınır. Bəziləri şəriət qanunları ilə idarə olunan dövlət yaratmaqla bağlı əfsanələr danışırlar. Radikal qrupları , şəriət qanunlarını gətirib yaymaq istəyirlər. Amma kimsə şəriət qanunları ilə yaşamağa hazırdırmı? Azərbaycan cəmiyyəti dünyəvi cəmiyyətdir. Əgər şəriət qanunları ilə yaşasaq, onda gərək oğurluq edənin əlini kəsək. Heç kim törətdiyi cinayətə görə şəriət hökmü ilə cəzalandırılmasını istəməz. Heç kim daş-qalaq olunmaq istəməz. Amma həmin o saqqallılar, xurafatçılar buna çağırırlar. O adamların özlərinə bu hökmləri tətbiq etmək istəsən, razı olmazlar".
Fuad
Digər Xəbərlər
2024-12-25 22:51:58
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48