Yeni diplomatlara olan ümid
11:30 18-12-2014
İQTİSADİYYAT
Yeni diplomatlara olan ümid
ABŞ Azərbaycan və Ermənistana gərəkli diplomatları göndərdi
ABŞ Azərbaycandakı və Ermənistandakı səfirlərini yenilədi. Bu sözsüz ki, hər iki ölkədə ABŞ siyasətinin daha da aktivləşməsinə, bəzi hallarda münasibətlərin daha da dərinləşməsinə müsbət və ya mənfi təsirini göstərə bilər. Maraqlıdır, bəs yeni təyin olunan səfirlər nə qədər effektli ola bilər?
Gəlin öncəliklə səfirlərlə bağlı ilkin informasiyalara baxaq.Belə ki, ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib. Senatın dekabrın 16-da keçirilmiş iclasında R.F.Sekutanın Azərbaycana səfir göndərilməsi barədə prezident Barak Obamanın təqdimatı öz təsdiqini tapıb. ABŞ-ın Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş Riçard M.Millsin də namizədliyi Senat tərəfindən təsdiqlənib.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də "Twitter" hesabından Senatın ABŞ-ın Azərbaycan və Ermənistanda səfiri postuna namizədləri təsdiqlədiyini yazıb, bu münasibətlə təbriklərini çatdırıb. Müzakirələr senator Harri Reidin sədrliyi ilə keçirilib.
R.Mills 1990-cı illərdə ABŞ Dövlət Departamentində Ermənistan və Azərbaycan məsələləri üzrə şöbəyə rəhbərlik edib.
Xatırladaq ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb.İndi isə qayıdaq yuxarıdakı sualımıza. Azərbaycana səfir təyin edilən Robert Frensis uzun müddət enerji sektoruna aid diplomatik fəaliyyətdə olub və Azərbaycanın regionda rolunu çox yaxşı bilir. Həmçinin bu diplomat Azərbaycanın Qərbin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayacağını dəstəkləyən diplomat olub. Bütün bunlar isə təsdiqləyir ki, səfir Azərbaycanı kifayət qədər yaxşı tanıyır və bu səbəbdən onun diplomatik fəaliyyəti kifayət qədər effektli olacaq. Robert Frensis ilk növbədə Azərbaycanla ABŞ münasibətlərinin daha da yaxşılaşmasına çalışacaq. Bildiyiniz kimi son zamanlar iki ölkə münasibətlərində bir gərginlik yaranıb və bu gərginliyin artmasında erməni lobbisi ilə sıx ünsiyyətdə olan qüvvələr də mühüm rol oynayıb. Amma yeni səfirin imkanı olacaq ki, Ağ Evlə Bakı arasında təmasları dərinləşdirsin və müsbət nəticələr əldə etsin. Ermənistana təyin olunan səfir də Azərbaycan üçün yad sima deyil və hesab etmək olar ki, o, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin istiləşməsinə çalışacaq və buna görə neytrallığını qoruyub saxlayacaq. Amma ABŞ-ın Ermənistanda olan keçmiş səfiri Ermənistanın və erməni lobbisinin təsirində idi və fəaliyyəti boyu Azərbaycanı aşağılayacaq bəyanatlarla çıxış edirdi. Sonuncu dəfə Ermənistana məxsus hərbi helikopter vurulanda da ilk reaksiya məhz o səfirdən gəldi və onun bəyanatı Ermənistan hakimiyyətinin bəyanatından heç nə ilə fərqlənmirdi. Yeni səfir isə belə bir mövqe tutmayacaq. Həmçinin yeni səfir Dağlıq Qarabağ problemini çox dərindən bilir və buna görə onun fəaliyyətinin böyük hissəsi Dağlıq Qarabağ probleminin həllinə yönələcək. Ekspertlər hesab edir ki, ABŞ ilk dəfədir ki, hər iki ölkəyə bu ölkələri tanıyan diplomatlar göndərib və onların fəaliyyətindən çox şey gözlənilir. Başqa maraqlı bir nünas isə budur ki, Azərbaycana səfir təyin edilən Robert Frensis, həm də possovet məkanını çox gözəl bilir və hesab edilir ki, bu diplomat məlum ölkələrin iqtisadi inkişafına daha çox önəm verir. Yəni demokratiyaya təcridi keçişin tərafdarıdır. Bunu da unutmayaq ki, 2015-ci ildə Azərbaycanda parlament seçkiləri ili olacaq və belə həssas məqamda xarici ölkə diplomatlarının peşəkarlığı da mühüm rol oynayır. Yəni bəzi hallar olur ki, qeyri-peşəkarlıq nümayiş etdirən diplomatlar, Azərbaycanın daxili işlərinə müdaxilə etməklə az qala iki ölkə arasında gərginlik yaradırlar. Amma indidən deyə bilərik ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri daha çox səmərəli əməkdaşlığa üstünlük verəcək. Ekspertlər bildirir ki, yeni təyinatların həm də maraqlı cəhəti bu oldu ki, ABŞ, bu ölkələrə səfir göndərməyi ləngitmədi. Çünki bu ləngimə əslində qarşılıqlı inamsızlığa işarət kimi qəbul edilir və nəticələr o qədər də yaxşı olmur. Xatırlayırsınızsa 3 il öncə ABŞ Azərbaycana səfir göndərməyi xeyli ləngitdi və bu iki ölkə münasibətlərinə mənfi təsir göstərdi. Bu münasibətləri qaydaya salmaq üçün aylarla vaxt sərf edildi. İndi isə növbəti belə siyasi gərginlik yaşanmadı.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53