Putindən dünyanın gündəminə bomba kimi düşən açıqlamalar
08:19 19-12-2014
İQTİSADİYYAT
Putindən dünyanın gündəminə bomba kimi düşən açıqlamalar
Kremlin sahibi Rusiyadla saray çevrilişinin ola biləcəyinə dair iddialar haqqında nə dedi?
Dünən Rusiya prezidenti Vladimir Putin ənənəvi brifinq keçirib. Kreml sahibinin açıqlamaları dünyada diqqətlə izlənilib. Brifinqdən əvvəl dövlət başçısının mətbuat katibi Dmitri Puskov bildirib ki, Putin lazım bildiyi qədər suallara cavab verəcək. Puskov inandırıb ki, heç kimin rekord arxasınca düşməyib. Putinin arxada qalan 9 illik mətbuat konfransları tarixində rekord 2008-ci ildə qeydə alınıb. Gürcüstan-Rusiya müharibəsinin baş verdiyi ildə keçirilən mətbuat konfransı isə 4 saat 40 dəqiqə davam edib. 2013-cü ildə isə bu müddət təxminən yarım saat olub.
Mətbuat konfransında iştirak üçün 1259 KİV əməkdaşı qeydiyyata alınıb. Puskov bildirib ki, jurnalistlərin akkreditasiya zamanı heç bir məhdudiyyət tətbiq olunmayıb. Putinin mətbuat katibi hətta əvvəlki mətbuat konfranslarında öz davranışları ilə "məşhur" olan mətbuat nümayəndələrinin akkreditasiya olunduğunu deyib.
Kreml rəhbərinə ünvanlanacaq sualların başlıca olaraq Rusiyada hökm sürən iqtisadi xaos və beynəlxalq vəziyyətlə bağlı olub. D.Puskov da bildirib ki, dövlət başçısı mətbuat konfransına hazırlaşarkən iqtisadi ekspertlər, hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyi ilə məsləhətləşib.
Mətbuat konfransı son illər üçün əsas məkan olan Krasnopresnenski sahilindəki beynəlxalq ticarət mərkəzində keçirilib. Brifinq sinxron olaraq ingilis, fransız və alman dillərinə tərcümə edilir.
Putin böhrandan
çıxacaqları vaxtı açıqladı
Putin ənənəvi brifinqini ölkənin iqtisadi vəziyyəti barədə fikirlərlə başlayıb. O, 2014-cü ilin ilk 10 ayı ərzində Rusiyanın ümumi daxili məhsul artımının 0,7 faiz təşkil etdiyini bildirib.
Putin ilin nəticələrinə görə, aqrar kompleksdə artımın 3,3 faiz təşkil edəcəyini deyib. O qeyd edib ki, 2014-cü ildə federal büdcəsi profisitlə icra olunacaq. Putin bunun ümumi daxili məhsulun 1,9 faizini təşkil edəcəyini qeyd edib. "Bugünkü vəziyyət hər şeydən əvvəl xarici amillərlə bağlıdır", - prezident deyib.
Putin həmçinin ölkənin düşdüyü böhranlı vəziyyətdən çıxacağı vaxtı açıqlayıb. O, Mərkəzi Bankın öz ehtiyatlarını düşünmədən yandırmaq niyyətində olmadığını deyib: "Rusiyada valyuta ehtiyatlarının ümumi həcmi 8,3 trilyon rubldur (təxminən 200 milyard dollar). Rusiyanın iqtisadiyyatına əlverişsiz vəziyyətdən çıxmaq üçün 2 il lazım olacaq. Vəziyyət artıq gələn ilin birinci rübündə düzəlməyə başlayacaq. Amma xeyli qeyri-müəyyən amil var".
Rusiya prezidenti dövlətin bütün sosial öhdəlikləri yerinə yetirəcəyinə söz verib. Putin bildirib ki, neftin qiymətinin düşməsi mütləq iqtisadiyyatın yenidən strukturlaşdırmasını tələb edəcək. O bildirib ki, 2008-ci ilin metodlarından istifadə etməklə indiki vəziyyətdən çıxışı istisna etmir. Rusiyada real qeyri-enerji biznesinin yaradılmasının çətin olduğunu deyən Putin hələlik energetika sektorunun ölkəyə böyük gəlir gətirdiyini vurğulayıb.
"Poroşenko razılığa
gəlmək istəyir"
Putin qeyd edib ki, Rusiyadakı indiki iqtisadi situasiyanı Krımın birləşdirilməsinin cavabı olduğunu hesab etmir.
Ukraynadakı Maydan hadisələrini "dövlət çevrilişi" adlandıran Rusiya prezidenti Kiyev hakimiyyətinin Ukraynanın şərqində cəza əməliyyatını apardığını vurğulayıb. O, əlavə edib ki, Rusiya Ukraynada siyasi dialoqda vasitəçi kimi çıxış etməyə hazırdır.
Putin Donbas hövzəsində əsir düşənlərin mübadiləsinin məhz Kiyev hakimiyyətinin günahı üzündən dayandığını deyib. O, qeyd edib ki, əsirlərin dəyişdirilməsi "hamı hamı ilə" prinsipi əsasında həyata keçirilməlidir: "Minsk razılaşmaları yerinə yetirilməlidir. Poroşenko münaqişənin nizama salınmasına cəhd edir, amma o, Ukraynada tək deyil. Böhran hərbi və blokada ilə deyil, yalnız siyasi vasitələrlə həll edilməlidir. Rusiya hesab edir ki, Ukraynada ümumi siyasi platforma bərpa olunmalı və buna hər iki tərəf cəhd etməlidir".
Jurnalistin "Rusiya iqtisadiyyatında baş verənlər Krıma görə ödədiklərimizdirmi?" sualına isə V. Putin belə cavab verib: "Bu, özümüzü millət və dövlət kimi qorumaq istəyimizə görə ödədiyimiz qiymətdir. Söhbət Krımdan getmir. Söhbət ondan gedir ki, Rusiya öz suverenliyini, yaşamaq hüququnu qoruyur".
Rusiyada saray çevrilişi olacağına dair
iddialar haqqında
"Bizdə saray çevrilişi ola bilməz, çünki bizdə saraylar yoxdur. Bizdə Kreml var və o, etibarlı şəkildə qorunur. Lakin sabitliyimiz buna əsaslanmır. Xalqın dəstəyindən etibarlı baza yoxdur.
Ölkə vətəndaşlarının maraqlarını yalnız güclü Rusiya dövləti müdafiə edə bilər".
Kadırova qulaqburması
"Rusiyada hamı qanunlara hörmət etməlidir. Məhkəmənin qərarı olmadan heç kim günahkar elan edilə bilməz. Lakin bu, heç kimə, o cümlədən Çeçenistan rəhbərinə icazə vermir ki, belə danışsın". Vladimir Putin bu sözləri brifinqdə "Dojd" telekanalının müxbiri Kseniya Sobçakın "Ramzan Kadırov bəyan edib ki, Çeçenistan ərazisində Rusiya qanunları işləmir. O deyib ki, terror aktlarında iştirak edənlərin qohumları cəzalandırılacaq. Siz bu insanları müdafiə edəcəksinizmi?" sualına cavabında deyib. Çeçenistan rəhbəri R. Kadırovun emosional çıxışını başa düşdüyünü deyən Rusiya prezidenti çeçen cəmiyyətinin ondan məhz bunu gözlədiyini vurğulayıb. Bununla yanaşı V. Putin Kadırovun belə danışmağa haqqının olmadığını deyib.
Putin ofşor zonalardakı kapitala amnistiya verdi
Rusiya prezidenti ofşor zonalardakı kapitala növbəti dəfə amnistiya təklif edib. O qeyd edib ki, əfv edilən kapitallar barəsində təqsirsizlik prezumpsiyası qüvvədə olacaq. Prezident kapitalın amnistiyası ilə bağlı bütün zəmanətlərin yerinə yetirilməsini şəxsən izləyəcəyinə söz verib.
"Ərdoğan möhkəm kişidir"
Dekabrın 1-də Türkiyəyə səfərini xatırladan Putin, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündən də bəzi gizli detalları açıqlayıb.
Ərdoğanla söhbətində Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Türkiyənin qoşulub-qoşulmaması mövzusunu müzakirə etdiklərini deyən Putin həmkarı barəsində yüksək fikirlər söyləyib: "Mən ona bildirdim ki, bu məsələni çox açıb-ağartmayaq. Ərdoğan isə cavabında bildirib ki, hər şeyi açıqlayacağıq. O, çox möhkəm kişidir".
Şəxsi həyatı ilə bağlı suala cavab olaraq Putin inandırıb şəxsi həyatında "hər şey qaydasındadır".
Putin keçmiş arvadı haqqında nə dedi?
Rusiya prezidenti Vladimir Putin brifinqdə keçmiş arvadı ilə bağlı isə bunları deyib: "Narahat olmağa dəyməz. İmkan tapdıqca qızımla görüşürəm. Lyudmila Aleksandravaya gəlikdə isə, mənim onunla dostluq münasibətim var. Biz onunla müntəzəm olaraq görüşürük".
Sonra Putin şəxsi həyatına ilə maraqlanan xanımlara öz salamını çatdırıb.
"Ruslar Ukraynada öz borcunu yerinə yetirirlər"
Putinin sözlərinə görə, Rusiyanın böhran vəziyyətləri üzrə sərt mövqeyi partnyorlara təhlükəsizliyin ümumi məkanını qurmaq lazım olduğunu anlamağa imkan verməlidir: "Qərb Berlin divarı əvəzinə bu gün yeni divarlar tikməyə başlayıb. NATO-nun Şərqə doğru irəliləməsi, raket hücumundan müdafiə sisteminin yaradılması onu göstərir ki, bizim partnyorlarımız dayanmayıblar, onlar özlərini qalib hiss edirlər".
Rusiya muzdlularının Donbas hövzəsində vuruşmasına gəlincə, Putin onların muzdlu olmadığını, öz ürəyinin çağırışı ilə könüllü olaraq Ukraynanın şərqində borcunu yerinə yetirdiyini deyib. Putin həmin insanların pul qarşılığında döyüşmədiyini bildirib.
Putin Ukrayna təyyarəçisi Savçenko günahsız olacağı halda dərhal buraxılacağını deyib: "Əksinə, onun günahı sübut olunarsa, cəzasını çəkəcək".
Putinin çıxışı
başladıqdan sonra
dollar və avronun kursu yenidən yüksəldi
Onu da deyək ki, Putinin mətbuat konfransı başladıqdan sonra ölkədə dollar və avronun kursu yenidən yüksəlməyə başlayıb.
"rbc.ru" saytının verdiyi xəbərə görə, V. Putin rublun öz itirdiyi mövqeləri bərpa edəcəyinə və son iki gündə müşahidə olunan yüksəlmə meylini davam etdirəcəyinə ümid etdiyini söyləyib. Lakin maliyyə bazarının bu sözlərə reaksiyası müsbət olmayıb. Moskva birjasında dollar təxminən 4 rubl bahalaşaraq 63 rublu, avro isə 5 rubl bahalaşaraq 78 rublu ötüb. Rublun kursunda dalğalanma davam edir.
Putinin dostları üçün "qara il": 62 milyard dollar hara getdi?
Bu arada yayılan məlumata görə, Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları və nəticədə rublun sürətlə dəyərini itirməsi yalnız ümumilikdə ölkə iqtisadiyyatına təsir etməyib, həm də rus milyarderlərinin xeyli yoxsullaşmasına səbəb olub. "Bloomberg Billionaires Index" agentliyinin reytinq məlumatına görə, 2014-cü il ərzində rus milyarderləri 62 milyard dollar itiriblər.
Hazırda onların varidatı 174 milyard dollar qiymətləndirilir. Agentliyin məlumatına görə, ən ciddi itki ilə "Novatek" şirkətinin başçısı Leonid Mixelson üzləşib. Onun ilin əvvəlindən 8,7 milyard dollar itirdiyi deyilir. Yoxsullaşan milyarderlərdən digərləri prezident Vladimir Putinin yaxın ətrafında yer alan Rusiya-Çin Biznes Şurasının və "Volga Group"un başçısı Gennadi Timçenko, Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin, Özbəkistan əsilli Alişer Osmanov və Yevgeni Yevtuşenkovdur.
Rusiya milyarderlərinin aktivlərinin azalmasında neft qiymətlərin kəskin ucuzlaşması və rublun iflası mühüm rol oynadı. Ümumiyyətlə, bu həftə rubl üçün "qara həftə" sayıla bilər. Rus milyarderləri də 2014-cü il ərzində ən böyük zərbəni məhz bu həftə alıb. "Bloomberg" agentliyinin məlumatına görə, Putinin yaxın ətrafındakı 20 ən zəngin milyarder həftənin əvvəlindən təxminən 10 milyard dollar itirib.
Maraqlıdır ki, bu il kapitalını artıran şəxs "RusAl" şirkətinin şəriki Oleq Deripaska olub. Şirkətin kapitalı ilin əvvəlindən 101 faiz artıb və Oleq 855 milyon dollarla şirkətin ən böyük şərikinə çevrilib. "Bloomberg" onun ümumi varidatını 7,5 milyard dollar qiymətləndirir və Oleq Deripaska dünya reytinqində 165-ci yeri tutur. Milyarderin Putinin əsas pul kisələrindən biri olduğu iddia olunur.
Siyasi şərhçilərin fikrincə, rus milyarderləri Krımın ilhaq edildiyi mart ayında çox optimist idilər və proseslərin indiki nöqtəyə gələcəyini düşünməyiblər. "Onlar düşünüblər ki, hər şey yaxşı sonluqla bitəcək. İndi isə anlayırlar ki, səhv ediblər. Amma onlarda prosesi geri çevirmək üçün alətlər yoxdur", - rusiyalı politoloq Stanislav Belkovski bildirib.
R.Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53