Rubl ölür, rus ayısı qəzəblənir, Qərb oynayır
Rubl ölür, rus ayısı qəzəblənir, Qərb oynayır

Sükanı sınmış, avarları dalğalarda batmış, yelkənləri sökülmüş gəmi buzlu, tufanlı dənizdə köməksiz qaldığı kimi, Rusiya iqtisadiyyatı da çalxalanır. Rus rublunun ABŞ dollarına nisbətdə məzənnəsi, ümumdaxili məhsulun geriləməsi, bank stavkaları, neft və qazın qiymətləri - onların hamısının qrafikləri Rusiya iqtisadiyyatını əhatəyə almış aysberqlərə bənzəyir.

İndi maraqlı məsələ yelkənsiz, avarsız, dalğaların atıb-tutduğu gəminin xilas şanslarıdır.
Rusiya iqtisadiyyatının bu vəziyyətə düşməsinin əsas səbəbləri dünya bazarlarında xam neftin qiymətlərinin ucuzlaşması və Ukraynadakı olaylardan sonra Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalardır.
"Xam neft"in 1 barrelinin qiyməti indi 63 dollardır. Dövlət büdcəsinin gəlir hissəsinin əhəmiyyətli qismi məhz neft satışlarından asılı olan Rusiyada isə kəsirsiz büdcənin olması üçün neftin 1 barrelinin 105 dollardan satılması gərəkdir.
Baş verənlərdə həmişə olduğu kimi, "imperialist Qərb və yaramaz masonlar" günahkardır?
Deməzdim.
Rusiya rəhbərliyi belə çox ağır vəziyyətin səbəblərini islahatlardan imtinada, iqtisadiyyatın diversifikasiyasında və qeyri-neft sektorunun inkişafına təkan verməməkdə görməlidir.
Qərbin, daha doğrusu, ABŞ və Avropa Birliyinin sanksiyalarının başlıca, aşkar görünən məqsədi Rusiya rəhbərliyini Ukrayna ilə bağlı yürütdüyü siyasətin kursunu dəyişməyə vadar etməkdir. Hər halda Vaşinqtonla Brüsselin bəyanatları belə idi. Fəqət, sanksiyalar Moskvanın siyasətinə əsla təsir etmədiyindən, Qərb yeni cəzalar tətbiq etməkdədir.
Britaniyanın baş naziri Devid Kemeron, məsələn, deyib ki, "Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlər daha da artırılmalı, sanksiyalar daha da ağırlaşdırılmalıdır".
Qərb belə cəzalarla Rusiyanı nəyəsə vadar edəcəyini düşünür?
Siyasət belə primitiv nəsnə deyil, cənablar və Qərb də özünü qələmə verməyə çalışdığı qədər sadəlövh ola bilməz.
Vaşinqtonla Brüsselin konkret məqsədləri Rusiya prezidenti Vladimir Putini cəzalandırmaqdır. Mümkün qədər ağır formada. Bundan belə siyasətini dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq.
Cəzalar və sanksiyalardan isə Vladimir Putin yox, Rusiya vətəndaşları zərər çəkirlər.
Qərb istəməsə də, artıq bir faktı anlamalı, dərk və etiraf etməlidir: bütün məhdudiyyətlərə, cəzalara, sanksiyalara Vladimir Putinin cavabları həmişə ağlagəlməz, ekstravaqant olub.
Məsələn, ABŞ Konqresi vəkil Sergey Maqnitskinin qətlində əli olanları cəzalandırmaq üçün "Maqnitski qanunu"nu qəbul etdi. Putin də cavabında amerikalıların Rusiyadakı uşaq evlərindəki balacaları övladlığa götürmələrini yasaqladı.
Maqnitskinin qatilləri sanksiyalardan zərər gördülərmi? Buna dəlalət edəsi bir fakt da yoxdur. Cinayət işi ilə bağlı istintaqa cəlb edilmiş yeganə məmur da buraxıldı.
Krım yarımadasının ilhaqından və Ukraynanın şərqindəki separatçılara tam dəstək verməsindən sonra Rusiyanın bir sıra məmurları ilə banklarına qarşı Qərb sanksiyalar tətbiq etdi.
Cavabında da Vladimir Putin Qərbdən çox uzun siyahıda adları sadalanan mal, məhsul və ərzağın idxalını yasaqladı.
Fərqli nəticəyə ümid edərək hər dəfə eyni səhvi təkrarlamaq sərsəmlik, ağılsızlıq, ən yaxşı halda sadəlövhlük nişanəsidir.
Qərb Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmaqla Moskvadakı hakimiyyət dairələrini yox, adi, orta statistik rusiyalıları cəzalandırır, onların yaşamlarını ağırlaşdırır.
25 il əvvəl ABŞ ilə Avropa Birliyi postsovet ölkələri ilə yanaşı, Şərqi Avropadakı sabiq sosialist dövlətlərini zillətdən qurtarmaq, həmin məmləkətlərdəki insanlara demokratiya və inkişafı, tərəqqini verməyi arzuladığıın deyirdi.
İndisə Qərb belə sərt, absurd siyasəti ilə rusiyalıları yoxsulluğa düçar edir, onlarda Avropa ilə Amerikaya dərin nifrət yaradır.
Təbii, Vaşinqton siyasətində inad edərək sanksiyaların gözlənilən nəticələr verəcəyini deyə bilər.
Amma belə sanksiyaların yeganə hədəfi Rusiya iqtisadiyyatının çökdürülməsidirsə, demokratiya barədə gəlişigözəl sözlərlə pərdələnmiş aşkar təzyiqlərin mənası nədir?
Rusiyanın hakimiyyət dairələri də səbr kasasının tükəndiyini gizlətməyərək belə sanksiyaların yeganə hədəfinin Vladimir Putinin devrilməsi olduğunu söyləyirlər.
Dünən Rusiyanın XİN başçısı Sergey Lavrov Fransanın "France 24" telekanalına verdiyi müsahibəsində deyib: "ABŞ belə sanksiyalar vasitəsilə Rusiyadakı mövcud siyasi rejimi dəyişmək istəyir. Bununla bağlı dərin, çox dərin şübhələr var. Üstəlik, bəzi amerikalı siyasətçilər bunu gizlətmirlər də".
Rusiyada Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına can atan Qərb çox kobud, yanlış siyasət yürüdür.
"Məxmər inqilablar", "rəngli hakimiyyət dəyişiklikləri", sonda da "ərəb baharı"nın nəticələrindən Qərb dərs almayıbsa, onda bütün postsovet məkanını bundan sonra ağır günlər gözləyir.
Yoxsa Qərb ümid edir ki, dünya bazarlarında neftin ucuzlaşması, rublun üzüaşağı yuvarlanması, bahalaşma və qıtlığın ilkin əlamətləri, yoxsulluq və ümidsizliyin artması Rusiyada xalqı üsyana qaldırcaq, kütlələr Kremlə hücum edəcək və Moskvada ABŞ-ın buyruqlarını yerinə yetirəcək, Avropa Birliyinin əmrlərinə müdam olacaq komanda iqtidarda bərqərar olacaq?
Xam və ən təhlükəlisi, axmaq xəyallardır bunlar.
Rusiyanın siyasətində dəyişikliklərin olması üçün yeni ideyalar, Moskvanın Qərblə münasibətlərini nolrmallaşdıra biləcək təşəbbüslər, cəsur və yaradıcı düşüncə gərəkdir.
Sankisyaların daha da sərtləşdirilməsi sırf refleksiyalar, yanlış məntiqdir.
ABŞ prezidenti Barak Obama Rusiya ilə bahəm, Cənubi Qafqazla bağlı yürütdüyü siyasətində sələfi Corc Buşun səhvlərini təkrarlayır.
Buşun kobud səhvləri İraq, işgəncələr və ya terrorizmin yayılması deyil.
Buş demokratiyanın Amerika variantını ən müxtəlif ölkələrə zorla yeritməyə çalışır, amerikan həyat tərzinin ideal olduğunu düşünürdü və hesab edirdi ki, bütün ölkələrdəki ali qanunverici məclis Konqresin təkrarı olmalıdır.
Adam anlamırdı ki, insanlar fərqli olduğu kimi, ölkələr də fərqlidir və əgər amerikalılar dincəlmək üçün ayaqlarını masaya qoyurlarsa, müsəlman ölkələrində bu, tərbiyəsizlik sayılır: Birləşmiş Ştatlarda ağdərililərlə qaradərililərin "qardaş" olması da Hollivud filmlərindədirsə, real həyat fərqlidir.
Barak Obama əsl demokrat olduğunu deyir, amma onun administrasiyası da sələfinin komandası təki kobud təzyiqlər, başqa ölkələrin daxili işlərinə qarışmaq, müstəqil dövlətlərə nəyi nə zaman və necə etmək barədə "demokratiya dərsləri" keçməkdən çəkinmir.
Sadalananların nəticəsidir ki, Rusiya ABŞ-a inanmır. Moskva amerikalıların hər "xoş təşəbbüsü"nun sonradan ölkənin işlərinə burun soxmaqla sonuclanacağını bildiyindən sinirlənir, qıcıqlanır, Vaşintonun hər "dostluq təklifi"nin arxasında təhlükə durduğunu düşünür.
Moskva belə davranışında haqsızdır? Ritorik sualdır.
Gələk Ukrayna məsələlərinə. Rusiyanın Krımı ilhaq etməsinə heç bir formada haqq qazandırmaq niyyətində deyiləm və belə niyyətim də yox. Amma Moskvanı olaylarda "çılğın ayı, işğalçı dövlət, sərsəm ölkə" kimi qələmə vermək cəhdləri ilə də razı deyiləm.
Yaşananlarda Rusiya qədər, Qərb, daha doğrusu, ABŞ günahkardır.
Ukraynada kütləvi xalq etirazlarını yaratmaq üçün çoxsaylı QHT-lər yaradan, onları maliyyələşdirən, prezident Viktor Yanukoviçi devirmək üçün şəbəkələnmiş sistem quran və bu işə rəhbərliyi də Kiyevdəki səfirə həvalə edən Vaşinqton çox təhlükəli siyasət yürüdürdü. İş o yerə çatmışdı ki, Ukraynanın yeni hakimiyyətndəki postlara kimlərin təyin ediləcəyini ABŞ-ın Kiyevdəki səfiri müəyyənləşdirməyə başlamışdı.
Daha əvvəl, Corc Buş ABŞ prezidenti olanda Vaşinqton birtərəfli qaydada "Raket Hücumundan Müdafiə" müqaviləsini tərk etdi: halbuki Rusiya bu anlaşmanı strateji balansın məhək daşı sayırdı. Daha sonra amerikalılar Rusiyanın sərhədlərinin lap yanında raket əleyhinə qurğular yerləşdirməyə başladılar. "Avropalıların təhlükəsizliyini təmin etmək" adı ilə ABŞ NATO bazalarını Rusiya sərhədlərinə yaxınlaşdırdı.
Rusiya da özünü təhlükədə saydı və Ukraynanı ABŞ-ın təsir orbitindən kənarlaşdırmağın ssenarilərini hazırlamağa başladı.
Halbuki hələ o vaxt problemi həll etmək olardı. Özü də çox sadə yolla: guya İran və Şimali Koreyanın (!) raketlərindən "qorunmaq" adı ilə yeni, Rusiyanı hədəfə almış ballistik raketlərin yerləşdirildiyi bazaların yaradılması dayandırılmalı, NATO-nun genişləndirilməsinə fasilə verilməli, bütün Avropa üçün real təəhlükəsizlik mexanizminin yaradılması ilə bağlı danışıqlar başlanmalı və o sistemə Rusiya mütləq şəkildə daxil olunmalıydı.
Olmadı, edilmədi.
İndi düşünün: Qərb gerçəkdənmi demokratiya istəyir, yoxsa məramlar başqadır?
Elçin Alıoğlu