Rusiya oliqarxları Britaniyaya qaçmağa başladı
11:07 23-12-2014
İQTİSADİYYAT
Rusiya oliqarxları Britaniyaya qaçmağa başladı
ABŞ-ın məşhur senatorundan sensasiyalı açıqlamalar!
Rusiya oliqarxları Britaniyaya qaçmağa başladyıblar. Onlar bu məqsədlə baha, lakin tez başa gələn "investor vizaları" alırlar. Britaniya mətbuatı xəbər verir ki, son həftələrdə Birləşmiş Krallığa gəlmək üçün xüsisi sürətli vizalar alan Rusiya vətəndaşlarının sayi kəskin artıb. Rəsmi sənədlərdə "investisya vizası" adlanan bu vizalar xeyli baha başa gəlsə də, qısa zamanda və maneəsiz verilir.
Bu vizanı almaq istəyənlər, Britaniyaya "dərhal" iki milyon funt sterlinq investisiya yatırmalıdırlar. Mətbuat xəbər verir ki, məhz belə vizaları alan rusların sayı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu il 69 faiz artıb.
"The Financial Times" qəzeti yazır ki, bu ilin yanvar və sentyabr ayları arasında ruslara 169 belə viza verilib. Bu vizalarin əksər hissəsi Qərb Rusiyaya sanksiyalar qoyandan bəri verilib.
Britaniya Daxili İşlər Nazirliyi ötən il 96 "investisya vizası" verildiyini bildirib.
1 viza, 24 saat,
5 milyon funt sterlinq
Britaniyada yenicə tətbiq olunmağa başlayan qaydalara görə, vizası olan şəxslər üç ildən sonra daimi oturaqlıq üçün müraciət edə bilərlər, bir şərtlə ki, Birləşmiş Krallığa 5 milyon funt sterlinq investisiya yatırsınlar. Oturaqlığı daha tez, iki ildən sonra da almaq mümkündür, lakin bu halda investisyanın dəyəri 10 milyon funt sterlinqdən artıq olmalıdır.
Bütün qalan hallarda, vizası olan şəxslər daimi oturaqlıq almaq üçün 5 il gözləməlidirlər.
Bundan sonra isə vətəndaşlıq almaq istəyənlərin bir il də gözləməsi tələb olunur.
Maraqlıdır ki, "investisiya vizaları" 30 gün ərzində verilir, lakin sözü gedən şəxs başqa viza ilə artıq Britaniyadadırsa, məsələ 24 saatın içində həll olunur.
Abramoviç və Usmanov 48 saatda
400 milyon funt itiriblər
Londondakı "Mishcon De Reya" firmasının hüquqşünası Kamal Rahman deyir ki, Rusiyadan viza ricalarının sayı bundan sonra da artacaq: "Bizim müştərilərimizin istədiyi vətandaşlıqdır".
Rusiya superzənginlərinin Britaniyada mülkiyyət almaları da intensivləşib. Londondakı son dərəcə bahalı malikanələrin ruslar tərəfindən alınması son 6 ayda 13 faiz artıb.
Mətbuat yazır ki, rublun çökməsi artıq indinin özündə Britaniyadakı Rusiya oliqarxlarına böyük maliyyə zərbəsi vurur. "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç və "Arsenal" klubunun şəriki, özbək sahibkar Əlişir Usmanov 48 saat ərzində 400 milyon funt sterlinq itiriblər.
Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin enməsi, Qərbin sanksiyaları və rublun çökməsi Rusiya iqtisadiyyatını fəlakətli həddə gətirib.
Yevtuşenkovu tutdular və buraxdılar
Lakin "The Financial Times" yazır ki, oliqarxların Rusiyadan baş götürüb qaçmasına bunlardan daha güclü səbəb olub.
Qəzetin yazdığına görə, Rusiya oliqarxları ötən sentyabrda ölkənin ən zəngin insanlarından Vladimir Yevtuşenkov həbs ediləndə "qəflət yuxusundan oyanıblar".
Yevtuşenkovun "Sistema" qrupunun mülkiyyəti olan "Başneft" holdinqin əlindən alınaraq dövlətə verilib.
İndi görünür, Kremldə də bu hadisənin başqa oliqarxları hürkütdüyünü başa düşüblər. Yevtuşenkov ötən həftə nəinki azad edilib, hətta elə həmin gün prezident Putinin oliqarxlar üçün verdiyi ziyafətə dəvət olunub.
Onun bu qonaqlığa qədəm qoyması "Sistema" qrupu səhmlərinin bir gün ərzində 300 faiz bahalaşmasına səbəb olub.
Keçəl suya getməz
Buna baxmayaraq, "keçəl suya getməz" fəlsəfəsinə sahib olan oliqarxlar rublun çökməkdə olduğu yerdən baş götürüb qaçırlar. İndi eyni sözləri Çin oliqarxları haqqında da demək olar.
Bütün bunları müşahidə edən Britaniya hökuməti də özünün "viza biznesini təkmilləşdirir" .
Ötən ay qəbul edilmiş qaydalara görə, oturaqlıq vizasının dəyəri 1 milyon funt sterlinqdən 2 milyon funt sterlinqə qaldırılıb.
Qaydalara başqa dəyişiklik də edilib. Köhnə qaydalara görə oliqarxlar Britaniyaya yatırdıqları investisiyanın 25 faizini mülkiyyət sektorunda xərcləyə bilərdilər. Yeni qaydalarda buna icazə verilmir.
Makkeyn: "Rusiyanı
Səudiyyə Ərəbistanı çökdürdü"
"Rusiya Federasiyasının iqtisadiyyatında yaranan problemlərə görə sanksiyalara deyil, Səudiyyə Ərəbistanına təşəkkür etmək lazımdır". Bu barədə məşhur amerikalı senator Con Makkeyn CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatına mənfi təsiri sanksiyalar deyil, neft qiymətlərinin düşməsi göstərib. "Biz Səudiyyə Ərəbistanına təşəkkür etməliyik ki, neftin qiymətinin bu qədər düşməsinə icazə verdi. Rusiya iqtisadiyyatının hazırkı vəziyyətinin ABŞ prezidentinin hərəkətləri ilə heç bir bağlılığı yoxdur. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar az effektli oldu", - Makkeyn vurğulayıb.
"Oturub Putinin
hakimiyyətdən getməsini gözləyə bilmərik"
"Oturub Putinin hakimiyyətdən getməsini gözləyə bilmərik". "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev belə bir fikirlə çıxış edib.
"Putinin qanuni yolla hakimiyyətdə qalması 2024-cü ilə kimi mümkündür. İnana bilmirəm ki, sanksiyalar Putini hakimiyyətdən getməyə və Xodorkovskini isə oliqarxların ən təmiz siması kimi hakimiyyətə gətirə bilər. Kubaya sanksiyalardan 53 il keçib və bu müddət ərzində 10 Amerika Prezidenti dəyişib. Kubada inqilab qardaşları hələ də hakimiyyətdədir və artıq Barak Obama Kubaya tətbiq edilən bir sıra sanksiyaları qaldırıb və qaldırmaqda davam edəcəyi görünür. 1979-cu ildən bəri İrana tətbiq edilən sanksiyalar rejimin dəyişdirilməsinə yox, amma onun zəiflədilməsinə nail olub və nüvə silahına malik olmasını əngəlləyib. Rejim dəyişikliyi baş verməyib. Dünya İqtisadiyyatı institutu, Birinci Dünya Müharibəsindən 2006-cı ilə qədər ABŞ-ın tətbiq etdiyi sanksiyalar içindən 174 sanksiyanı araşdırıb və məlum olub ki, yalnız 34% hallarda sanksiya siyasi məqsədə çatmaqda yardımçı olub. Amma, təbii ki, sanksiyalar çox vacib bir faktordur. Bu arzuolunmaz hakimiyyətləri daim təzyiq altında saxlamağa kömək edir və onların daha da güclənərək təhlükəyə çevrilməsinin qarşısını alır", - deyə R.Nurullayev qeyd edib.
O, Rusiyanın Azərbaycanın Qərbə inteqrasiyasına maneə olduğunu deyib. Razi Nurullayev Putinin bütün səylərinə baxmayaraq, Azərbaycanın Qərbə inteqrasiya etməli olduğunu və Avropa İttifaqı ilə asossasiya sazişi imzalamalı olduğunu bildirib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53