Pənah Hüseyndən daha bir mənfur plan
11:09 23-12-2014
CƏMİYYƏT
Pənah Hüseyndən daha bir mənfur plan
AXP lideri ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin sifarişi ilə yenidən hərəkətə keçib
Hər seçki ərəfəsində olduğu kimi, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn radikal müxalifəti birləşdirmək missiyasını öz üzərinə götürür.
Təbii ki, söhbət bu gün keçiriləcək bələdiyyə seçkilərindən deyil, 2015-ci il parlament seçkilərindən gedir. Belə ki, P.Hüseyn birləşdiricilik funksiyasını yerinə yetirmək üçün yenidən fəaliyyətə başlayıb.
"Unikal"ın məlumatına görə, AXP lideri artıq ilkin görüşlərə də başlayıb. Bu görüşlərin ciddi olduğunu nümayiş etdirmək üçün mətbuata birləşmək mesajları verərək bütün qüvvələrin səfərbər olunmasına çalışır. Bu barədə fikirlərini bölüşən Pənah Hüseyn bildirdi ki, zaman-zaman demokratik düşərgənin bir araya gəlməsi və yeni birliklər formalaşması məsələsini konkret fərdlərin təşəbbüsü ilə bağlamağı o qədər də düzgün saymır. Çünki adətən sosial sifariş olduqda birlik prosesi gedir və birliklər reallaşır. Az və ya çox dərəcədə belə bir sosial sifariş həmişə mövcuddur: "Konkret olaraq indiki situasiyada da müəyyən işlərin getdiyini, əgər diqqətlə baxılsa, görmək mümkündür. Bu, həm 2015-ci il parlament seçkisi ilə bağlı ideyalarda, həm iqtidar-müxalifət münasibətləri ilə bağlı polemikalarda, həm konkret məsələn, bir həftə öncə bir qrup siyasi partiyanın Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşü ilə əlaqədar polemikalarda özünü göstərdi və göstərməkdə davam edir. Daha konkret danışsaq, mən hesab edirəm ki, müxalifətin 2015-ci il parlament seçkilərinə münasibətlə əlaqədar konsolidasiyasının getməsi ehtimalı böyükdür. Bunu ən ümumi kontekstdə bu seçkiyə gedənlərin ittifaqı, ümumi koalisiyası kimi təsəvvür eləmək mümkündür. Bunu seçki bloku və ya siyasi bloklarla qarışdırmaq lazım deyil. Mənə elə gəlir ki, 2015-ci ilin əvvəllərindən biz hər halda, müəyyən proseslərin şahidi olacağıq. Bunun ideoloji, siyasi platforması demək olar ki, müəyyənləşib. Bu, siyasi məhbus probleminə olan münasibət, ölkədə seçki situasiyası ilə bağlı ümumi baxışlar ola bilər. Burada geosiyasi komponentin hansı rol oynayacağını indidən demək çətindir. Amma tamamilə mümkündür ki, müəyyən situasiyada hətta geosiyasi meyllər məsələn, Avropa Birliyi ilə münasibətlər məsələsi də ciddi şəkildə burda rol oynamağa başlasın. O halda doğrudur bu koalisiyanın, ittifaqın sərhədləri xeyli darala bilər, amma təkrar edirəm, bu ümumi siyasi situasiyanın inkişafından asılı olacaq. Əgər diqqətlə baxsanız müəyyən təşəbbüslərin, hətta müəyyən fəaliyyətlərin olduğunu görmək mümkündür. Bunların hansı dərəcədə, hansı istiqamətdə istifadə edəcəyi isə yəqin yaxın müddətdə aydın olacaq".
"Unikal"ın əldə etdiyi məlumata görə, Pənah Hüseyn bu məsələ üçün ortaya elə-belə çıxmayıb. Onu müxalifəti bir araya gətirmək üçün ortaya atıblar. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, Pənah Hüseyn bu prosesdə ikitərəfli oynayır: "Bildiyiniz kimi, bu dəqiqə müxalifətin birləşməsi iki qüvə üçün maraqlıdır. Birinci qüvvə Qərb dairələridir ki, onlar müxalifətin birləşərək güclənməsini istəyirlər. Çünki birləşmiş müxalifətin əliylə ölkədə aranı qarışdırmaq daha rahat olur. İkincisi isə hakimiyyətdəki bəzi qruplaşmalardır ki, "vurulacaq"larını anlayırlar və bu səbəbdən də ölkədə qarışıqlıq olmasını istəyirlər. Ona görə də onlar da Pənah Hüseynə dəstək verirlər ki, müxalifəti bir araya gətirib narazılıq mühiti yaratsın. Bu baxımdan, Pənah Hüseyn xüsusi canfəşanlıq göstərir".
Görünən odur ki, Pənah Hüseyn ölkədə qarışıqlıq salmaq istəyən qüvvələrin tapşırığı ilə daha bir mənfur planın icrasına başlayıb. Amma onun budəfəki niyyətinin də nəticə verməyəcəyi bəribaşdan bəllidir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24