Soydaşlarımızın Rusiyadan qayıdışı nə vəd edir?
11:09 23-12-2014
CƏMİYYƏT
Soydaşlarımızın Rusiyadan qayıdışı nə vəd edir?
Bəzi ekspertlər ciddi problemlər gözləmir, bəziləri isə bədbin proqnoz verir
Məlum olduğu kimi, Rusiyada maliyyə böhranı yaranandan bəri ciddi iqtisadi çöküş başlayıb. Həmin ölkədə yaşayan soydaşlarımız üçün də yeni problemlər gündəmə gəlib.
Rus rublunun düşməsi isə soydaşlarımızın qazandıqları vəsaitlərin dəyərinin yarı-yarıya enməsinə səbəb olub. Bu səbəbdən də artıq Rusiyadakı soydaşlarımızın geri qayıdışı başlayıb ki, bu da Azərbaycan üçün də əlavə problemlər yarada bilər.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən politoloq Mütəllim Rəhimli birlirib ki, hər il Rusiyada yaşayan və işləyən azərbaycanlılar ölkəyə külli miqdarda nəğd pul göndərirlər, amma son proseslərdən sonra bu sahədə ciddi problemlər yaranıb: "Bununla bağlı rəsmi statistika olmasa da, ekspertlərin hesablamalarına görə bu kiçik rəqəm deyil. Təbii ki, bu ölkə əhalisinin iqtisadi vəziyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir edir. Digər tərəfdən bir çox hallarda göndərilən vəsait xarici valyuta - dollar və avro ilə gəlirdi ki, bu da ölkə daxilində valyuta ehtiyatlarının yaranması demək idi. İndi Rusiyada rublun dəyərdən düşməsi təbii ki, Azərbaycanda çoxsaylı ailələrin həyat şəraitinin aşağı düşməsinə səbəb olacaq. İkinci bir tərəfdən, artıq dollar və avro ilə ödənişlərin həyata keçirilməsi çətin olduğundan ölkəyə valyuta axını da məhdudlaşacaq. Bu isə ümumi bazara təsirsiz ötüşməyəcək".
Müsahibimizin sözlərinə görə, digər tərəfdən, Rusiyada işləyən azərbaycanlıların geri qayıtması oradan göndərilən nəğd pulun daha da azalmasına səbəb olmaqla bərabər, ölkə daxilində işsizlərin çəkisini bir qədər də artıracaq. "Onsuz da Respublikamızda işsizlik problemi hiss edilirdi və hökumət bu məsələni həll edə bilməmişdi. Deməli, problemin üstünə əlavə problem gələcək. Həm də nəzərə almaq lazımdır ki, Rusiyaya gedənlərin böyük əksəriyyəti fəal insanlar olub, yəni onlar mövcud həyat şəraitləri ilə barışmayaraq əlavə yollar axtaranlardır. Onların geri dönməsi ölkə daxilində haqsızlıqlara qarşı müqaviməti də gücləndirəcəyi düşüncəsindəyəm", - deyə M.Rəhimli fikrini tamamlayıb.
Politoloq Zərdüşt Əlizadə isə "Unikal"a açıqlamasında deyib ki, Rusiyaya pis olacaqsa, o pisliyin bir ucu da Azərbaycana dəyəcək. Onun sözlərinə görə, Rusiya Azərbaycanın tərəfdaşı olduğuna görə sanksiyaların, təzyiqlərin mütləq mənfi təsiri olacaq: "Bir məsələ də var. Rusiyada iki milyondan çox soydaşımız yaşayır. Onlar Azərbaycanda yaşayan qohumlarına pul göndərirlər. O pulların hesabına burda evlər tikilir, neçə-neçə ailələr dolanışıqlarını təmin edir. Bu, birinci amildir.İkinci amil odur ki, Rusiya zəiflədikcə, onun xarici siyasətində ola bilsin, azğınlıq həddi artsın. Bu da ölkəmiz üçün təhlükədir. Unutmayın ki, Rusiya Azərbaycanın ilk beşliyə düşən ticarət şərikidir. Onlara pis olacaqsa, o pisliyin bir ucu da bizə dəyəcək. Çünki bu iki dövlət əlaqəli bir sistemin içərisindədir. Ona görə də Azərbaycan əhalisi Rusiyanın zəifləməsinə sevinməməlidir. Hazırkı vəziyyət Azərbaycan üçün də böyük problemlər vəd edir və artıq bunun ilkin işartıları ortadadır".
İqtisadçı ekspert Samir Əliyevin fikrincə, Rusiyada yaşayan azərbaycanlıların kütləvi şəkildə ölkəyə dönməsi gözlənilən deyil: "Statistikaya görə, təxminən iki milyona yaxın vətəndaşımız Rusiyada işləyir. Rəsmi məlumatlara görə, həmin şəxslər il ərzində ən azı 1,2 milyard dollar həcmində vəsaiti bank vasitəsilə Azərbaycandakı ailələrinə göndərirlər. Qeyri-rəsmi yollarla göndərilən vəsaitləri də nəzərə alsaq, söhbət 2,5- 3 milyard vəsaitin ölkəyə daxil olmasından gedir. Bu vəsait də əsasən, Azərbaycanda regionlarda yaşayan insanların gəlirlərinin əsas hissəsini təşkil edir. Çünki Rusiyaya qazanc dalınca gedənlərin əksəriyyəti məhz regionlardan gedənlərdir. İndi isə rubl ucuzlaşıb. İlin əvvəlində hər min rubl 23 manat dəyərində idisə, indi bu 14 manata düşüb. Bu o deməkdir ki, Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin dəyəri də hər min rubla görə, 9 manat azalıb. Eyni zamanda Rusiyada iqtisadi mühitin pisləşməsi, istər satış, istər xidmət sektorunda çalışanların qazanclarını da ciddi şəkildə azaldıb. Belə olan halda, nəzəri baxımdan yanaşsaq oradakı azərbaycanlılar ölkəyə geri dönməlidirlər. Ancaq mən inanmıram ki, kütləvi qayıdış baş versin".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15