Prezident Admnistrasiyasının rəsmisindən hesabat
12:36 26-12-2014
CƏMİYYƏT
Prezident Admnistrasiyasının rəsmisindən hesabat
Əli Həsənov: "10 ildə açılan iş yerlərinin sayı 1,3 milyona çatıb"
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2014-cü ilin yekunları ilə bağlı açıqlama verərək deyib ki, 2014-cü il də Azərbaycanın müstəqillik tarixində uğur və nailiyyətlərlə zəngin növbəti il kimi öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu əvvəlki illərdə olduğu kimi, bu il də ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edib.
2014-cü ildə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun daha da gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Bu məqsədlə istehsal obyektlərinin və iş yerlərinin yaradılması, iqtisadi və sosial infrastrukturun qabaqcıl standartlara uyğun yenidən qurulması, regional inkişaf, şəhər, qəsəbə və kəndlərin simasının müasirləşdirilməsi prosesi davam etdirilib və artıq demək olar ki, yekun mərhələyə qədəm qoyub.
Əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də sosial yönümlü siyasət həyata keçirilib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, vətəndaşları narahat edən problemlərin həlli, onların istək və arzularının qarşılanması daim dövlətin diqqət mərkəzində olub, bu sahədə ardıcıl tədbirlər görülüb.
Başa çatmaqda olan bu il eyni zamanda enerji strategiyasının yeni konturlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun yüksəlməsi baxımından mühüm il olub.
Azərbaycan regionda və dünyada humanitar mərkəz statusunu daha da möhkəmləndirib, multikulturalizm ideyasının təşviqinə, dinlərarası və millətlərarası dialoqun inkişaf etdirilməsinə öz dəyərli töhfəsini verib. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada milli və dini tolerantlıq məkanı kimi tanınır.
Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilib və dövlətin suveren hüquqlarının, milli maraqlarının təmin edilməsinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə, habelə ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsinə yönəlib. Birmənalı demək olar ki, Azərbaycan öz müstəqil, balanslı siyasəti, beynəlxalq təşkilatlarda fəal iştirakı ilə seçilib, xarici aləmlə əməkdaşlıq əlaqələrini inkişaf etdirib və nüfuzunu artırıb.
Ümumilikdə, 2014-cü ildə Azərbaycan müstəqil, güclü və dinamik inkişaf edən ölkə statusunu daha da möhkəmləndirib:"Artıq 10 ildir ki, Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə dünyada lider ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, bu dinamika 2014-cü ildə də qorunub saxlanıb, üstəlik bəzi istiqamətlərdə daha ciddi artım müşahidə olunub.
İlk növbədə qeyd edilməlidir ki, bu il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub və Cənubi Qafqazın ümumi büdcəsinin 76 faizini təşkil edib. Cari ilin 10 ayı ərzində ümumi daxili məhsul (ÜDM) istehsalı 2,8 faiz, qeyri-neft sektoru isə 6,6 faiz artıb. Son illər qeyri-neft sektorunda müşahidə olunan sürətli artım əyani şəkildə təsdiq edir ki, iqtisadi sahədə qarşıya qoyulmuş strateji vəzifələr tam həcmdə yerinə yetirilir. Ölkəmizin valyuta ehtiyatları 53 milyard dollar səviyyəsinədək yüksəlib. Bu gün Azərbaycanın xarici borclarının ÜDM-ə nisbəti cəmi 8,5 faiz səviyyəsindədir ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab edilir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, həyata keçirilən siyasətin, görülən bütün işlərin başlıca məqsədi Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsidir. Bu ilin ötən dövrü ərzində işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb ki, bu göstəricilərə görə Azərbaycan dünyanın inkişaf etmiş bir çox ölkəsini belə geridə qoyub. Statistikaya əsasən, son 10 ayda əhalinin gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər bir nəfərinə düşən gəlir 3,4 faiz çoxalaraq 3 600 manata, orta aylıq əmək haqqı isə 5,5 faiz yüksələrək 450 manata çatıb. İnflyasiya cəmi 1,5 faiz təşkil etməklə əhalinin gəlirlərindən bir neçə dəfə aşağı olub. Bu isə bilavasitə göstərir ki, makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər çox yaxşı nəticə verir.
Bildiyiniz kimi, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan edilib. Bundan əsas məqsəd sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin inkişaf etdirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb olunması, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsidir. Cari ildə sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının inkişaf etdirilməsi, müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilib, 200-dək, o cümlədən 40-dan çox orta və iri sənaye müəssisəsi açılıb. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb".
Fuad
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15